Xocalı monoloqu


Xocalı monoloqu
Tarixin uzun sürən müharibələri olub, bəli. Amma o keçmişdən təsəlli umaraq gələcəyə köklənməklə torpaq qayıdarmı? Əgər torpaq tapdaq altında, qəbirlər qəribdirsə, hələ Xocalıya doğru gedən yol zaman keçdikcə qısalmırsa, hələ orada ölən baba, şişə taxılan nəvə, əmcəyi kəsilən ana, sinəsini sipər edən əsgərin yarasından qan axırsa…

Monoloqumuzun şah ifadəsi –“Siyasətin uğuru”ndan danışmağa utanıram. Hələ dilimizin ağılarını yenidən aranjiman edib, faciənin çözümü sanki kim daha yanğılı yazar, çalar, oxuyub ağlada bilərlə məhdudlaşırsa… Hələ oradayıqsa… Hələ də, cümlələrimizi -sa-sə şəkliçisiylə yazıb üsyanımıza belə şərt qoşuruqsa… O zaman bu monoloqda dəyişən nədir?

O gecədən bu ğunə şəkillərdən boyalanan tarixlə təxəyyülümüzdə qurduğumuz mono-dialoqa nə əlavə edə bilmişik ki…

Xocalı Azərbaycanın faciə monoloqudur. Hər il fərqli-fərqli ifalarda səsləndirib, naləli cümlələri xəbərin yanına gətirib vurğusunu artırmaqla beləcə bir ili yola salırıq.

O gecə ona nağıl danışan babasının başı üstündə ağlayaraq: “-Dur, baba, dur, gedək! Bu soyuq torpaq üstündə yatdığın yetər! Davalı kino, dava-dava oyunu bitəndə hamı yenidən dirilir, axı!-deyən uşağın monoloqundakı vurğu isə dəyişməyib. Onun sözü və özü vurulub,yerə sərilib. Onun keçmişinin təsəllisi yerdən qalxmayacaq, müharibəni nağıl kimi anladan babasından “nağıl da gerçək olurmu?” sualına cavab almayacaq. Onun oyununun qaydasını pozan düşməndir, dəyişəcək yerinə qoyacaq olan bizsə hələ yol gedirik neçə ildir. Nə fərqi var 2, ya 22 il olsun.

Biz hardayıq? 22 il əvvəl haradaydıqsa yenə orada.
Əslində Xocalı haqqında yazmaq üçün hər kəs 1-2…22 il bundan əvvəl yazdıqlarının böyür -başını rəndələyib, naxışlayıb, qara şərçivəyə salıb yenə yaddaşının divarından assın.

O baba və onun başı üstündəki uşaq böyüməyib. Onlar üçün dayanan zaman o torpaq üçün də dayanıb. Xocalıda hələ də 1992-ci ildir.Hələ də orada insanları öldürürlər. Hələ də səslər eşidilmir.

Biz… Biz də yenə ordayıq. Kitab arasına sıxışmış ütülü kəlmələrdən Xocalıya boylanıb dilin bədii təsvir və üslubunun imkan verdiyi qədər cəzbedici sözlərlə Xocalıya ismarıc yollayırıq.

Faciənin rəngini sifətin gücləndirmə dərəcəsində olan sözlərdən istifadə etməklə Xocalıya ismarıc göndərərək illərdir yazırıq. Yenə sözlərin Xocalıya elçi göndərildiyi gündəyik, yerdəyik. Bəs biz-özümüz nə zaman gedəcəyik Xocalıya?!

Faciə yaşın gəldi, bala. Sən yenə -Baba dur, dava-dava oyunu, kinosu bitəndə ölənlər qalxır. Sən də qalx. Bu neçə illərdə danışanlara bir ismarıc da sən göndər. De ki, gerçək mən, nağıl olan sizsiniz. Hələ də “siyasətin uğuru” vurğusunda Məlikməmmədi quyudan çıxaracaq ipi gözləyirsiniz. İpin ucu kimin əlində olduğunu bilə-bilə.

Tünzalə Vəliqızı, Moskva
26.02.2014


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir