YAD ET MƏNİ..


YAD ET MƏNİ..
Vəqta ki, keçər bu leyli-zülmət,
İşraq edər əxtəri-həqiqət,
Elm ilə ziyalanar bu millət,
Qalxar bu təəssübü cəhalət,
Surət hamı ruh olar, məani,
Aləm hamı eşq olar, məhəbbət,
Ey dərk edən ol gözəl zəmani,
Qıllam sənə iştə bir vəsiyyət!
Yad et məni, qaibanə yad et!

Abbas Səhhət

Bu gün Abbas Səhhətin anım günüdür. O, ədəbiyyat və mədəniyyət tariximizə məşhur şair, peşəkar tərcüməçi, uşaq yazıçısı, həkim, görkəmli müəllim və maarif xadimi, tənqidçi və publisist kimi daxil olsa da mənim yaddaşımda elə VƏTƏN kimi qalıb. Hələ 3-cü sinifdə A. Səhhətin “ Vətən” şeirini əzbərləmişdim halbuki 5-ci sinif ədəbiyyat dərsi keçənədək gözləməliydim. Amma mən gözləməmişdim, şeirin dilində bəzi sözlər mənə aydın olmasa da amma tələffüz zamanı səslənən müdhiş axıcılığın sehriylə həmən əzbərləmişdim. Əzbərlədiym şeiri həmişə ayna önündə ilk dəfə özüm –özümə söylərdim. Vətən şeirinin 3-cü sinifdəki əzbərinin dadı duzu hələ də damağımda desəm…

Və 5-ci sinifə gəldiyimizdə bu şeiri rəhmətlik Zeynəb müəllimə ev tapşırığı verəndə dedim ki olar əzbər deyim? O da gülə-gülə buyur dediyində xüsusi intonasiyayla demişdim bu şeiri. Uşaq qüruruyla sevinmişdim üzərimə dikilən sinif yoldaşlarımın həsəd dolu baxışları altında. Hələ A.Səhhətin Puşkinin “ Qafqaz” şeir-tərcüməsi indiyədək əzbərimdədəir həm də ən gözəl bir biçimdə.

Uşaqlığımızın ən nadinc və şıltaq tərəfiydi dərslikdən bizə boylanan olan şair və mütəfəkkirlərin şəkillərinə bığ, saqqal, şlyapa və s. qoymaq. Amma çox maraqlıdır ki 5-ci sinif ədəbiyyat dərsliyində şəkliinə tək hörmət qoyulan, olduğu kimi hifz edilən təkcə Abbas Səhhətin şəkliydi sinifimizdə. Bunun sirrini hələ indi də çözə bilmirəm inanın. Amma əminəm ki, şəkildən boylanan yaraşıqlı, nurlu simadaydı bu sirri-sehr, rəhmətlik Zeynəb müəllimənin Abbas Səhhətdən bizə anlatdığı, onun heç bir varlı kasıb fərq qoymadan kasıb balalarının yardımına qaçan şəfalı əllərindən şair təxəllüsü Səhhətə uzanan çilələrlə dolu ömür yolundaydı. Bu münəvvər, mümtaz çəxsiyyətin özünün dediyi kimi:

“Mən müəllimlik etməklə öz xalqımın ən ağır xəstəliyini, onun savadsızlığını müalicə edirəm.”

Bu ağır savadsızılq mərəzinə tutulmuş xalqdan iyrənmirdi Abbas Səhhət Sabir kimi, Mirzə Cəlil kimi qolunun çırmayıb ta ki bataqlığın dibinədək girib dartıb çıxarırdılar xalqı bu girdabdan.

Xalqın səhhətinin günbəgün pisləşməməsinnn çarəsini də göstərirdi SƏHHƏT:

“ Bir xalqı çökdürmək üçün onu silahla, top-tüfənglə qırmağa ehtiyac yoxdur. Daha rahat yol var – savadsızlıq. Bütün addımlar cəmiyyətin savadsız olması üçün atılarsa, təhsil pula çevrilərsə savadsızlıq çoxalar, mütaliə azalar. Zəkalı, ziyalı insanlara hörmət və rəğbət azalar. Lazımsız və yersiz zarafatlara gülüş çoxalar və ehtiyac artar.”

Və indimizə boylanaq bu fikirlərin işığında. Səhhətmi qalmış millətdə?!

Abbas Səhhət bunu üçün də yazırdı ki: “Şair dövrünün ayinəsidir. O, əldə alət ola bilməz.”

Burada şair ümumi anlamda işlənsə də, elə öz əsrinin bütün ziyalılarını ehtiva edir özündə. İstibdad önündə sınmayıb qəzetəsi qapadılıdığında səhhətində min cür problem yaranan Türklüyün Patriarxı sayılacaq Əhməd Bəy Ağaoğlu öz müalicəsi üçün 12% prosentə pul götürməsini Mirzə Cəlil ümummillət adına utanc olduğunu hələ 1907-də “ Molla Nəsrəddin” də yazmışdı. O boyda Əhməd Bəyə əməli yardım etmək əvəzinə quru molodeslə müalicə daha məqsədə müfaviq sayılmış həm də 12 prosent faizin altına itələnməklə. Yəni ayna məsələsi düpədüzdür. Bu gün sabah mətbuat günü gəlir qabaqdan. Artıq torba salıb padişahdan pul kisəsi ( ev orderləri-M.İ.) dilənmə prosesi başlanıb . “ Qələm tutan əl açır. Bu nə əl çağıdır belə?!” Əhməd Bəy Ağaoğlunun, A. Səhhətin, Zərdabi Babamızın, Mirzə Cəlilin tutduğu Haqq qələm Sizə qənim olsun ey qələmi də vicdanı da kirli olan təfərrüat!

Abbas Səhhət Dosta vəfalıydı həm də çox. Sabirlə aralarında olan dostluğu indimizdə bul ki bulasan.

Salman Mümtazın (1884-1941) Sabirlə (hər ikisi eyni zamanda dost idilər-M.İ.) söhbətinin bir yerində belə sual cavab vardır:

“Sual – Abbas Səhhətin necə yaşı vardır? Siz böyüksünüz, yoxsa o?

Cavab – Başda o böyükdür, yaşda mən.

Sual – Səhhət dərin savadlımıdır?

Cavab – Mən onun şagirdiyəm, o mənə ustaddır.”

Sabirin ölümüylə sarsılmışdı Səhhət. Deyirdi ki: “Sabir öldü demirəm, şeir evi viran oldu…”

Və eyni zamanda Şair Dostunun ədəbi yaradıcılığını da beləcə yüksək qiymətləndirirdi: “ Sabir əsərlərində işlətdiyi ibarələr və yeni məzmun kimsəni təlqin deyil, məhz öz fikirlərinin nəticəsidir. Sabir göz yaşlarının arasından gülən Qoqoldan ziyadə Saltıkova bənzəyir.”

Səhhət də eynən öz həmmüasiri Namık Kemal kimi amalından, qayəsindən əsla vaz keçməyən bir mətanətli duruşa sahib idi. Namık Kemal:

“Felek her türlü eshab-ı cefasını toplasın gelsin
Dönersem kahbeyim millet yolunda bir azimetten”” mısralarıyla meydan oxuyrdusa Abbas Səhhət də:

“Şişə çəksəz də diriykən ətimi,
Atmaram mən vətənü millətimi.
” deyə alov püskürürdü.

Min təəsüf ki ömrünü öz xalqınnın səhhəti yolunda qurban verən Şairi həqiqi səhhətindən oldu. Ağır xəstəliyə mübtəla olaraq 44 yaşında yatalaq xəstəliyindən vəfat etdi.

Amma Uca Məramı hər zaman millətimizin yaddaşında qalıcıdır. Onun elə bircə VƏTƏN şeiri kifayətdir ki ədbiyyatımız, söz dünyamız yetim qalmasın, ayaqda dursun!
Yaradıcılığa gəlincə, Aleksandr Blokun çox gözəl bir ifadəsi var: “Şairin karyerası yox, taleyi var ”.

Abbas Səhhətin də taleyi öz ömrünü şam kimi milətimizin qaranlıqlarını Aydınlatmaqdan keçmişdir. Bu Yolun çiləsi, ızabı, işkəncəsi var, karyerası yoxdur. Şair özü demişkən:

“Məsləkim tərcümeyi halımdır,
Lütfi-həqq qayeyi-amalımdır”.

İşıqlar içində yat Ey bizim Vətən kimi Şairimiz!

Məhəmməd İsrafiloğlu


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir