“Yandım””- deyə sönmək”


"Yandım"- deyə sönmək
17 yaşında yazdığı şeirləri ilə tanınıb, sonra çapxanalar əlyazmalarını üstünə göndərincə, qələminə sadiq olaraq səfalət içində qalan Çatterton son qəpiyini çörəyə yox, siçan dərmanına verib özünü öldürdü. “Acından öldü”- deyilməməsi üçün bu yola əl atdı. Ədəbiyyata səfil kimi gəlib, aristokrat kimi ölmək! İntiharıyla onu qəbul etməyən zümrəyə özünü qəbul etdirdi. Çünki həyat “İntihar aristokratların ölümüdür”-deyilən zamandan keçirdi.

Adamı dərd yandırır, qəhər bögur…

Dilimizin məcazını həqiqi qəbul etməyənlər üçün bəzən onu real göstərmək gərək. Bu yanğını yanğı ilə söndürməyə vadar edən, Edənlərdir. Korun-korun yanan içmizi birdəfəlik sondurmək üçün atəşə atmağa məcbur edən, Edənlərdir. Mənə Edənlər, sənə Edənlər, bizə Edənlər…Edəndən sonra, nədən etdin, niyə etdin deyənlər, insanlar yanğısını “yandım” deyə söndürmək istəyirlər.

Sovet dövrünün qorxutma aksiyası vardı. “Səsimi eşitməsəniz, özümə Lenin movzoleyi qarşısında neft töküb yandıracam”- bu günün nağılı, dünənin etirazı hər hansı şəkildə hələ də yaşayır. O zamanlar bu hədədən qorxur, şikatətlər qulaqlara çatırdı.

İsgəndərin hökmranlığı zamanında isə əyyanları rəiyyətinə şikayətlərini çatdırmağa mane olmasın deyə, onlara qırmızı geyinib gəlmələrini tapşırıbmış. Bu üsulla rəiyyətini əyyanlarından qorumuş və bu yolla şikayətlərindən hali olurmuş.

Bu gününküsə, seçilmək üçün özünü qızıl atəşə büləməkdi… Qarabağ qazisi Zaur Həsənov kimi. Ona kimi də yananlar olub. Bundan sonra da olacaq. Və bu silsilə ölümlərin “qısa hekayələr”indən sadəcə biri vəziyyətin “qalibi” olacaq. Ölümdən sonra yaşatmağın “qələbə” qəbul edilməsi də həyatın, ya intihara vadar Edənlərin ironiyası olsun gərək.

Ən qısa hekayəsi budur (bu yanmaqların, qəhərdən boğulmamaq üçün özünü boğmaqların, asmaqların), bu təndirin, bu kəndirin…

Adına intihar deyəcəklər-sonunda ölüm varsa. Amma və ancaq….Sonu ölümlü-ölümsüz bəzi intiharlar sadəcə etiraz, üsyan, barışmazlıq üçündür. Bəzi intiharlar çarəszilikdən yorulmaq deyil, naəlaclıqdan, bütün düsturlarla həll etməyi yoxlayandan sonra alınmayan nəticəsizlikdəndir…

Nəticə isə… Qanpulumu, yoxsa “Özünü yandıran Zaur Həsənov öldü”-xəbərimi? Bir insan həyatı üçün evini, malını, mülkünü qurban vermək varkən, dəyərmiydi, Edənlər?!

28.12.2013


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir