YAQUT ÖMRÜ


YAQUT ÖMRÜ
Dedim nola yalan ola. Gündə min yalana alışan qulağımız bunu da yalanlasa nə olar? Dedim qoy bir yaramaz, şit zarafat eləmiş olsun Paşa mənimlə gecənin bu vaxtı. Ağlamağını da zarafat eləmək istedadına yazım.

Dedim çıxa bilmərik bu qaranlıqdan. Dünyamız daralar. Yaqutsuz da iş olar? Yaquta yaraşmaz dedim bu zarafat. Mənim beynim eşitdiyinə etiraz elədikcə Paşanın səsi kallaşır, danışığı rabitəsizləşirdi.

Olmadı. Yaza bilmədik zarafata. Dözmədi çəkdiyi dərdlərə aslan ürəkli Yaqut. Çıxdı getdi. Qəflətən.

Unu zəhmət, suyu hirs olan xəmirdən yoğrulmuşdü. Bir ömürə neçə ömür sığışdırmışdı?!.. Fizik idi, lirik idi, şair idi, müəllim idi, adam kimi Adam idi.

Qartal kimi baxışı vardı, ürəyi yuxadan yuxaydı. Yeri gələndə sərt danışmağı bacarsa da az keçmədən soyuyur, yumşalırdı.

Adını Yaqut qoyanda yaqut kimi dəyərli olacağını ağlından keçirən olmuşdumu görən? Adı ağızlarda dolaşan qızıldı, gümüşdü, almazdı. Yaqutdan danışan azdı. Amma bir bununla dəyəri azalmır ki. Kremlin qüllələrini bəzəyir yaqut.

Bizim Yaqut elm məbədinin zirvəsinə ucaldı. Oxuduğu, işlədiyi hər yerdə yalnız birinci olmağa çalışdı və buna alışdı. Elmin bir sahəsində namizədlik, başqa meydanında doktorluq ünvanına sahib oldu.

Doğulduğu el-obanın havası-suyu ilə udduğu aşıq təbini qırx il yaşadığı qərib diyarda unutmadı, qəribsətmədi, ögeyləşdirmədi. Dədə Şəmşirə elə hörmətlə, qayğı və yanğıyla üz tutdu ki, Ədalətin barmağında “Ruhani” tüğyan elədi, salondakıların yanağını yaş yardı.

Qədriyyə xanımın yuvasına toplaşardıq. Paşa, İlham, Yaqut, Mehman, mən. Bizim Moskvadakı anamızdı Qədriyyə xanım. Bir-birimizdən inciyəndə hər kəs xəlvətcə öz haqqını onun yanında axtarır, o birinin taxsırına görə cəza istəyir. Sözün hərfi mənasında oddan-sudan çıxmış, müharibənin barıtını qoxlamış, təyyarənin sükanını saxlamış, akademikliyin zirvəsinə yüksəlmiş anamız heç kimi incitmədən ədaləti bərqərar edib bir araya yığır bizi.

Yaman olur övlad yarası. Nə xəncər yarasına bənzər, nə neştər yarasına. Hələ bir də övlad Yaqut ola. Necə deyək anamıza?

Alim öləndə dünya dağılır deyib müqəddəslər. Bir də ölənlə ölünməz deyib təsəlli verməyə çalışanlar. Biz də ölmədik. Hələlık. Amma dünya dağıldı. Hamımızın yaqutlu tifaqımız dağıldı.

Rus elmi də, Azərbaycan elmi də Yaqut sarıdan yetimləşdi…

Cəfər Sadıq,
Moskva, 17 iyun 2013-cü il.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir