Yaşar SÜLEYMANLI (Şeirlər)


Yaşar SÜLEYMANLI (Şeirlər)
QOCALIRAM…
Günlər ötür, vaxt daralır,
Hər gün ömür ağacımdan
Bir yaşıl yarpaq saralır,
QOCALIRAM!

Yaş üstə qalanır yaşım,
Tüstülənir ocağımdan
Qarlı dağa dönür başım,
UCALIRAM!

Yoxdur əsər şən həyatdan,
Ötüb – keçən xoş çağımdan
Həyat məndən, mən həyatdan,
ÖC ALIRAM!

Günlər ötür, vaxt daralır,
Hər gün ömür ağacımdan
Bir yaşıl yarpaq saralır,
QOCALIRAM!

Yetər mənə

Gəl məni al, məndən elə,
Qulun, kölən, bəndən elə,
Aydan elə, gündən elə,
Sənin nurun yetər mənə…

Bash qoyum mən dizin üstə,
Al canimi, durub qəstə,
Kor et məni, gözüm istə,
Sənin nurun yetər mənə…

Yandir məni, yax icimdə,
Şimşək olub, çax icimdə,
Coşub-çağla, ax icimdə,
Sənin nurun yetər mənə…

Bu dünyanın sonu çata,
Ay qarala, günəş bata,
Ey gül üzlüm, zərif buta,
Sənin nurun yetər mənə…

Yaşar solar sənsiz gülüm,
Odum sönər, qalmaz külüm,
Aparsın qoy məni ölüm,
Sənin nurun yetər mənə…

NECƏ DÖZÜM

Getmisən sən məni atıb,
Qəlbimdə bir tonqal çatıb,
Boyun büküb, qəmə batıb,
Hey yaş töküb, ağlar gözüm,
Sənsizliyə necə dözüm.

Çəkib acı, çəkib çilə,
Həsrətinlə yanıb elə,
Əriyirəm gilə -gilə,
Külə dönüb odum, közüm,
Sənsizliyə necə dözüm.

Günüm zəhər, gecəm zəhər,
Boğur məni acı qəhər,
Necə dözüm de bu təhər ?
Dilimdə odlanır sözüm,
Sənsizliyə necə dözüm.

Atıb getdin, bax yenə mən,
Düşdüm bərbad bir günə mən,
Qayıt geri, dön, sənə mən,
Qurban olum, qurban özüm,
Sənsizliyə necə dözüm.
Sənsizliyə necə dözüm.

ÇAĞLADIM

Yaltaqlara yaltaq dedim,
Qorxaqlara qorxaq dedim,
Vətən, Millət, Torpaq dedim,
Hər misramda qan ağladım,
Üsyan etdim, hey çağladım.

QARABAĞIN qalan dərdi,
Yağmalanan, talan dərdi,
Dərdimə dərd olan dərdi,
Bir -bir uc-uca bağladım,
Üsyan etdim, hey çağladım.

Viran gördüm, eli, yurdu,
Bundan ağır dərdmi vardır?
Bu dərd məni əydi, qırdı,
Ürəyimə od dağladım,
Üsyan etdim, hey çağladım.

Bu Vətəni böldü “naşı””,
Bölhaböldür, daşı-daşı,
Mənə düşən bircə daşı,
Qəlbim üstündə saxladım,
Üsyan etdim, hey çağladım.

Yaşar yaz ki, Xalq oxusun,
Bir gün varsın, bir gün yoxsun,
Çəkib Vətənin qoxusun,
Qürbət ellərdə qoxladım,
Üsyan etdim, hey çağladım.

Moskva
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir