Yavər Həsən – QARABAĞ


Yavər Həsən - QARABAĞ
Ey mənim viran olan cahü cəlalım, Qarabağ!
Ey mənim ağrım-acım, dərdü məlalım, Qarabağ!

Ey mənim rəngi kömür rənginə dönmüş Günəşim,
Ey mənim bəxti sönük qarə hilalım, Qarabağ!

Ey mənim gülşəninə güllə yağan Şah yurdum,
Ey mənim zəhrə dönən şəhdi-zülalım, Qarabağ!

Ey mənim gözlərimin Ərşə çəkilmiş yuxusu,
Ey mənim şamü səhər fikrü xəyalım, Qarabağ!

Ey mənim surəti Həq surətini rəsm edənim,
Ey mənim hər qarışı Tanrı sayalım, Qarabağ!

Ey mənim qəfləti şər gülləsinə rast olanım,
Ey mənim qanı süzən vəhşi maralım, Qarabağ!

Ey mənim Xaliqimin nəqşi, təbiət gözəli,
Ey mənim Ruh yerim, əcdadi mahalım, Qarabağ!

Sənsizəm, can pətəyim boş yuvadır, Səndə imiş,
Həm arım, həm çiçəyim, həm də ki, balım, Qarabağ.

Xarıbülbül qoxusundan nəfəs almır ciyərim,
Bihalam, ölməyə də yoxdu, ta halım, Qarabağ.

Şuşasız şişə kimi sındı çilikləndi könül,
Oldu dünya evi bağrımdakı xalım, Qarabağ.

Qarabağ atları kişnəşmədədir ahim ilə,
Oyadırlar ki məni, dərdimə dalım, Qarabağ.

Əlimi Səndən üzərsəm, fəqirin mağmınıyam,
Olsa da cümlə cahan sərvətü malım, Qarabağ.

Sən əsirsən, Səni azad eləmək istəməsəm,
Olmasın bircə nəfəs alma macalım, Qarabağ.

Sözü Həq Yavər Həsəntək girirəm meydana ki,
Tanrıdan güc, qarı düşməndən öc alım, Qarabağ!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir