Yavər Həsəndən Yeni şeirlər


Yavər Həsəndən Yeni  şeirlər
BİR YUXU GÖRMÜŞƏM….

Sevinc böyüdürəm qəm kölgəsində,
işim iş deyil ki, zülümdür mənim.
Üstünə od yağan özüməm, Allah,
üstünə qar yağan gülümdür mənim.

Bir yuxu görmüşəm, xeyirliyə yoz,
ömrümün Sən görən gündüzləri boz.
Yellərin ağzında sovrulan o toz
odumdan ayrılan külümdür mənim.

O dəli dalğalar yıxan gəmimdir,
boyumdan yuxarı çıxan qəmimdir.
Neydə inildəyən yetim bəmimdir,
kamanda sızlayan zilimdir mənim.

Qarlı dağ bitirdi yaşıl düzlərim,
qaldı dağ altında, itdi izlərim.
Bulud karvanıyla dolan ‒ gözlərim,
boş qalan bu iki əlimdir mənim.

GƏTİRDİN

Könlümü yerindən oynadıb mənim
havalı başımı dara gətirdin.
Məndən uzaq etdin Ay camalını,
günümü zülfündən qara gətirdin.

Bu dəli ürəkdə yara yox idi,
bu qonur gözlərdə qora yox idi.
Bizim aramızda ara yox idi,
bizim aramıza ara gətirdin.

Çeşməmin gözünü bulandırdı lil,
mən baxdım, göz gördü, nalə çəkdi dil.
Sinəmə dağ çəkdin, gözlərimə mil,
Sən məni nə əcəb vara gətirdin?..

Mənim dediklərim əzəl deyilmiş,
mənim dediyimdən gözəl deyilmiş.
Bu dünya yaşamaq yeri deyilmiş,
ey Tale, Sən məni hara gətirdin?

İSTƏRƏM

Töküb gözlərimin yağışlarını
Günəşli bir günə çıxmaq istərəm.
Məni dörd tərəfdən dövrəyə alan
dərdin divarını yıxmaq istərəm.

İxtilafı düşüb gözün qaşınan,
dünya işığıdı məndən daşınan.
Xain adamların xəbis başına
dəli ildırımtək çaxmaq istərəm.

Qəm gəlir üstümə yerin təkindən,
qəddim sual olub qəmin yükündən.
Ayrılıq adlanan zülmü kökündən
yandırmaq istərəm, yaxmaq istərəm.

Nə taca meylim var, nə qızıl taxta,
o teştin içində qan laxta-laxta.
Dünyaya, insana, ZAMANa, VAXTa
məhəbbət gözüylə baxmaq istərəm.

ÜRƏYİM EŞQİNLƏ ÇİÇƏK-ÇİÇƏKDİ

Bu soyuq havada bir isti söz de,
o söz lalə kimi isitsin məni.
Qoy hamı kar olsun mənə, eybi yox,
təki Sənin qəlbin eşitsin məni.

Günəş də kor olsun, Ay da kor olsun,
o gül üzün Nuru cahana bəsdir.
Bu cümlə aləmin gerçəyi Sənsən,
Səndən qeyri nə var, bir quru səsdir.

Mənimçün qaranlıq bir nöqtə qalmaz,
o xumar gözlərin versə Nur mənə.
Eşqin bir güzgüdür, mənim Allahım
Sənin Eşqin ilə görsənir mənə…

Ürəyim Eşqinlə çiçək-çiçəkdi,
həsrətin çalışır üşütsün məni.
Bu soyuq havada bir isti söz de,
o söz lalə kimi isitsin məni.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir