“YAZ, QƏLƏMİM, YAZ!”


“YAZ, QƏLƏMİM, YAZ!”
Qadın talelərindən yazmaq, taleyimə yazılıb. Yazmaya bilmirəm, çünki qələm özü məni buna vadar edir; mənsə, onun tabesindəyəm. Tolstoyun belə bir kəlamı var: “Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yepyenidir””. Yaxşı anlamda bu, tamamilə doğrudur!

Qadınların qismətinə nələr düşmür ki… Hər şeyin ən çətini, ən mürəkkəbi, ən əlçatmazı. Dünyaya qadın olaraq gəlmək, elə özü bir imtahan, bir sınaq deyilmi? Güçlü ola-ola zəif görünmək, zərif ola-ola çətinliklərə sinə gərmək, bir canda bir neçə ruhu yaşatmaq, bir ürəkdə min dərd daşımaq…

Feminist deyiləm, yox, amma qadın dünyasının sirlərinə bələdəm və bu sirli-sehirli dünyanı dəyərləndirməyə bilmərəm! Övlad olar qadın – valideynlərinə bir oğul qədər və daha artıq bəhrə verər, qayğı göstərər. Sevər qadın – ürəyini isməti yolunda şam edib yandırar, susub sönər. Ana olar qadın – yeri gələndə övladını öz xeyir-duasıyla ikinci ananın – Vətənin yolunda şəhid verər. Şair olar qadın – qələmini ailəsinə, balalarına qurban edər.

Kimdən yazdığımı açıqlamadan öncə, bu sözlərə, bu kəlmələrə ehtiyac duydum. Çünki, haqqında yazacağım insan, sözün əsil mənasında, adı böyük hərflərlə yazılacaq bir qadındır – Tamaşa Xəyali – gözəl insan, maarifçi xanım, istedadlı şairə. Bununla yanaşı, o, həm də hörmətli qələm dostum Xəyal Rzanın anasıdır. Oxuyacaqlarınızın çoxunu dostumun öz dilindən eşitmişəm. Hər zaman söhbət düşəndə, onun böyük məhəbbət və ehtiramla söz açdığı anasının – gözəl şeirlər, poemalar müəllifi, iti və kəskin publisistik yazıların sahibi Tamaşa xanımın adı, taleyin gərdişindən və təvazökarlığından ədəbiyyat dünyasında yetərincə tanınmayıb. Lakin, onun Vətənimizin ən ağrılı, qanlı-qadalı günlərində susmayan qələmi, həqiqətən də örnək ola biləcək qədər mükəmməl və təsirlidir.

Tamaşa Xəyali – Qarabağ mahalında 1954-cü il iyul ayının 15-də dünyaya gəlib. Şeirləri, məqalə və oçerkləri “Azərbaycan gəncləri”, “Kommunist”, “Novruz” qəzetlərində və “Ulduz”, “Azərbaycan”, “Elm və həyat” jurnallarında çap olunmuş, oxucular tərəfindən maraqla qarşılanmışdır. 1991-ci ildə şairənin “Bu dünyada nələr gördüm…” adlı şeirlər və poemalar kitabı (“Yazıçı” nəşriyyatı), 1999-cu ildə isə “Qara Yanvar şıkəstəsi” adlı kitabı (Hərbi nəşriyyat) nəşr olunub.
“Aşıq Pəri” ədəbi məclisinin və Respublika Aşıqlar Birliyinin üzvüdür.

“Qara Yanvar şikəstəsi” kitabı indi də masamın üzərindədir. Hər dəfə ürək ağrısıyla oxuduğum bu kitabda nələr var! Ana naləsi, qadın iztirabı, acı göz yaşları, şəhid dağı, vətən yarası, torpaq dərdi…

Ay analar, ay bacılar!
Könlüm yaman pərişandır.
Dəlik-dəlik olub qəlbim,
Sinəm hədəfə nişandır.

Qan ağlayır, qan, gözlərim!
Dolaşır, çaşır sözlərim.
Şəhid oldu əzizlərim!
Bu hal bizə yaraşandır?

…Kor olaydım, Azərbaycan!
Sinən üstə gölləndi qan.
Milyonlartək bu gün yanan
Öz balandır – Tamaşandır!

Qədim Qarabağ torpağının abu-havasıyla nəfəs alan, aşıq şeiri, şifahi xalq ədəbiyyatı qaynaqlarından bəhrələnən şairənin dili rəvan, fikirləri maraqlıdır.

Kim gətirdi bu xəbəri,
Dili dolaşa-dolaşa?
Məndən ötrümü gəlirmiş
Yolu dolaşa, dolaşa?

Ayrılığın nə yamandı,
Fikrin başımda dumandı.
Getmə gözümdən, amandı,
Yolu dolaşa-dolaşa!

…Tamaşa gül kimi soldu,
Hara baxdı – gözü doldu.
Bu müsibət bizim oldu
Eli dolaşa-dolaşa!

Mən, söz açdığım bu kitabı ilk dəfə üç il bundan öncə oxumuşdum və mənə çox qəribə gəlmişdi ki, belə misralar sahibi bir şairənin adını indiyədək eşitməmişəm. O zaman təəccübümü Xəyal Rzadan gizlətməmişdim, eşitdiyim sözlər isə məni çox təəsirləndirmişdi: “Afaq, biz anamızı yazmağa qoymurduq. Bilərəkdən deyil, sevdiyimizdən. Hey bizimlə olsun istəyirdik, bizimlə məşğul olsun. Bəzən, mətbəxə yollanıb “qabları yuyum, gəlirəm” – deyirdi. Amma bilirdik ki, əslində, qəlbinə dolmuş hansı misralarısa vərəqə köçürməyə gedir.

…İndi o mənə baxıb fərəhlənir. Hər uğuruma sevinir. Mənə həmişə “Yaz, Qələmim, yaz!” – deyir. Sanki, mən yazanda, anamın qəlbində, demədiyi sözlərin, yazmadığı misraların acısı azalır…”

Hörmətli yazıçımız Anar müəllimin “”Əslim, nəslim, əsrim”” romanında anası haqqında yazdığı sözlər yadıma düşür: “”Onun (Nigar xanımın) hər yazılmamış əsərinin, yaranmamış şeirinin günahı bizdədir. Bizim hamımızda və bəlkə də ən çox məndə. Biz onun vaxtını qarət edirdik, yaradıcılığa aid olan hisslərini talan edirdik. Həmişə yanındaydıq, həmişə onu fikirlərindən ayırırdıq, daxili dünyası ilə baş-başa qalmağa imkan vermirdik””.

Xəyal da eyni sözləri danışmışdı. Bu sözləri yəqin ki, mənim də oğlum və digər şairlərin də oğulları söyləyər. Çətindir həm ana, həm ev xanımı, həyat yoldaşı və bunlarla yanaşı, həm də şairə olmaq! Çətindir, amma şərəflidir, ucadır! Viktor Hüqonun sözlərilə desək: “”Qadınlar zəifdir, amma analar qüvvətlidir!”” Oğluna “Yaz, qələmim, yaz!” deyib gələcəyə ruhlandıran, şair balasının ədəbiyyatdakı hər bir uğuruna, kövrək ana qəlbiylə, öz uğuru kimi sevinən qəhrəman ürəkli, yenilməz ruhlu şairə bacıma gözəl əsərlər və həyat əzmi diləyirəm!

Bir neçə ay sonra Tamaşa Xəyalinin yubileyidir. Şairə altmış yaşını qeyd edəcək və bu yaxın zamanlarda onun “Ölməzliyə gedən yol” adlı möhtəşəm bir poeması işıq üzü görəcək. Poemadan bəzi məqamlarla tanış olduğum üçün bu sözü qətiyyətlə deyə bilirəm.
Yazımı Tamaşa Xəyalinin klassik bir şeirilə tamamlayır və bundan sonra, onun təlatümlü və duyğulu şeirlərinə mətbuatda daha tez-tez rastlayacağımıza ümid edirəm:

QALDI!

Bu necə zülmətdi, Ay hara getdi?
Oxlandı ürəyim, yaya hara getdi?
Yazım nə tez keçir, yay hara getdi?
Baharım dağların qışında qaldı!

Biz gəzib dolandıq qeyrət içində,
Ayrılıq qoymadıq millət içində!
Qonağı bəslədik nemət içində,
Gözü torpağımda, daşımda qaldı!

Əzəldən xainmış ürəyi demə!
Yaman qalxdı zilə, enmədi bəmə.
Uzandı əlləri ta keçmişimə,
İzləri xarixin yaşında qaldı!

Analar – narahat, körpələr – ağlar!
Ürək tab etməyər, min qubar bağlar.
Gözümdən qanlı yaş sel kimi çağlar…
Kədər kirpiyimdə, qaşımda qaldı!

Düşmən birə kimi qana daraşdı,
Hiddətdən xalqımın qəlbi alışdı.
Tamaşa, bu aləm yaman qarışdı,
Əlin ürəyinin başında qaldı!

———–

Afaq ŞIXLI
Moskva
03.12.13.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir