YELƏ BİR SÖZ SÖYLƏMİŞDİM, SƏNƏ BİR ŞEY DEMƏDİ?


Üfüqdə axşam qürubu
Baxan gözdən yaş istəyir…
Bəlkə qürbətlər, qəribi
Özünə yoldaş istəyir…

MƏMMƏD İSMAYIL-81.

1988 ci il… Dövr,Zaman da tam milli azadlıq hərəkatının ən qızğın dönəminə rastlamışdı, coşmuş milli duyğularımızın ən körüklənən havasındaydıq yəni…

Bizim nəsil tam V. Hüqonun Qavroşları kimi barrikadaların önündə savaş verəcək cəsarəti,əzmi içlərində daşıyırdılar və bunu sevərəkdən də yapırdılar. Orta məktəblər, universitetlər fəallıq dərəcəsinə görə qaynayan bir qazan idi adətən. Sovet kommunist düşüncə tərziylə yeni milli patriotik-demokratik məfkurə savaşı təkcə meydanlarda deyil, universitet auditoriyalarında, dərslər də müəllmlərlə tələbələr arasında da qızğın diskussiyalara da yol açmışdı özü də ən çılğın bir boyutlarıyla. Təzə-təzə Rəsulzadəylə, Azərbaycan Xalq Cümhuriyyətiylə tanış olurduq, mətbuatda bununla bağlı yazıları çox böyük acgözlüklə oxuyardıq. Cümhuriyyət və M.Ə.Rəsulzadə haqqında ilk yazılar çap etdirən rəhmətlik gözəl tarixçimiz Mövsüm Əliyev imzası ilk arananlar idi yüz minlərlə oxucu tərəfindən.

Ətalət və kif basmış komsomol təşkilatına qarşı alternativ fikirlər səslənirdi, artıq gənclik olaraq bu təşkilatın şablonçuluğuna qarşı açıq mübarizə aparırdı bizim nəsil. Və elə köklü dəyişikliyə ehtiyacın ən pik nöqtəsində Şair Məmməd İsmayılın 1988-ci ildə yaratdığı və Azərbaycan tarixində bəlkə də ən çox tirajla satılan jurnal olan “Gənclik” jurnalı əsl köklü mədəni-intellektual bir inqilab oldu. Bu jurnalı yaratmaqla M. İsmayıl özünün heç də şairlikdən geri qalmayan bir tərəfini- naşirlik, mühərrirlik istedadını, qabiliyyətini ortaya qoydu. Təssəvür edin ki, bu jurnal 1989-cu ildə təkcə abunəliklə 300000 tirajla çap olunurdu. Və bir də indimizə baxın.

Nereden nereye türklər deməli. Bu gün ədəbi mühitdə və mətbuatda ayaqda duran nəslin bir çox nümayəndəsi məhz “Gənclik” sayəsində ərsəyə gəldi.1990-cı ildə 18 yaşımda yaxın dostum Vuqarla bir yazımı bu jurnalda çap etdirmək üçün döydüyüm qapıya rəhmətlik Hüseyn Əfəndini çıxarması, anidən ağappaq və olduqca şıq, səliqəli geyinmiş Məmməd İsmayılın otağa girərək bizimlə sanki neçə illərin tanışıymış kimi doğmaca görüşməsi, gəlişimizin səbəbini, yazının motivini öyrənib mütləq çap edərik arxayınlığını verməsi xoş bir xatirədir indi mənim üçün. Yazı çap olunanda bir uçmağa qanadım yox idi… Yəni “Gənclik” də çap olunmaq elə iki qanadın olması kimi bir şey idi o zamanlar bizim üçün.

Və bizm nəsil həqiqətəndə bu möhtəşəm “Gənclik” jurnalının elə öz aynası oldu, hər baxımdan təmiz, intellektual olaraq, mübariz olaraq və s. Amma sonralar bir daha belə bir Gənclik yetişmədi, tam əksinə proses baş verdi çox təəssüf ki…

Yəni bütün dediklərimin məqsədi odur ki, aşıb daşan gəncliyin enerjisinə məhz Məmməd İsmayıl ayna tutdu, qorxmadan, əsl parlaq aydın duruşuyla, əxlaqıyla və dərin zəkasıyla bu jurnalı yaradaraq.

Çox şey verdi gəncliyə və daha çoxunu verə bilərdi. Fəqət sonadək çatdırılmadı bu estafet çox təəsüf ki, bu gün hamımıza bəlli səbəblər üzündən. Və həmin 1988-ci illərdəki Gənclik illərdir ki, yetişmir ki, yetişmir, bunda şübhəsiz böyük bir Məmməd İsmayıl, “ Azadlıq” qəzetinini yaradıcısı çağdaş dövrümüzün “ Zərdabisi” rəhmətlik Nəcəf Nəcəfov, “ Azərbaycan” qəzetinin parlament orqanına çevrilməyən dövrünün baş redaktoru olmuş Sabir Rüstəmxanlı boşluğu var.

İndimizdəysə sevimli Şair Dostum Rüstəm Behrudi demişkən: “ Elə hey yıxılırıq boşluqlara…”

İllərdir şair, professor, mühərrir Məmməd İsmayılın kaderinə biçilən (“Biçdirilən daha doğru olar”-M.İ.) qürbət payısa ayrıca bir nisgildir…

Hörmətli Şairimizə, Aydınımıza bu doğum günündə arzularıyla süslədiyi uzun bir Vətənli ömür diləyirik!

Məmməd İsmayıl

“Yelə bir söz söyləmişdim…”

Ümid yeri varmı görən,
Sorağına qaçan yox.
Məktub yazsan, cavab verən,
Zəng eləsən, açan yox…
Bir şey gəlməz əllərindən,
Hamı laldı, hamı kar.
Yenə Bağdad ellərindən
Geri dönməz durnalar…
Qərib bağı bar gətirməz,
Su yerinə axsa qan.
Göyərçinlər söz götürməz,
Xəbər verməz sağsağan.
Nə çoxalır, nə azalır,
Hardan gəldi bu çənlər…
Ürəyimə kölgə salır
Ürəyindən keçənlər.
Nə o yandı, nə bu yandı,
Itib çıxış yolu da.
Göz yaşını buxarlandır,
Ümid qaldı buluda…
Adım dildən dilə düşdü,
Sazım zildən bəmədi.
Yelə bir söz söyləmişdim,
Sənə bir şey demədi?

Məhəmməd İsrafiloğlu


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir