Yenə.., Yeni.., Yəni… ( I yazı)


Yenə.., Yeni.., Yəni...             ( I yazı)
Söhbət YENƏ YENİ olmayan, YƏNİ hər zaman təkrarlanandan gedir.

Qürbətdə sıralanan problemlər, dərdlər varkən yazını sıralamaq da bir qorxuya bağlı olsun gərək. Moskva bir də “fobiyalar” şəhəridir, axı.

Adını unutduğum birinin şeirindəndir, “Soyuq qarşıladı bu şəhər məni”. Amma çoxlarının isti xatirələri məhz bu şəhərlə bağılıdır. Yazılarımızın, şerilərimizin, hətta xəyallarımızn şəhəri olub bura. “Sən ey xəyaliylə deyib-güldüyüm. Qədrini canımdan əziz bildiyim…”- Səməd Vurğun misralarıyla tanıyıb, tanımadan sevmişik Moskvanı.

Heç demə, sonralar buranı “Ölüm batalığı” da adlandıracaqdım, “Xəyalları güldürən yox, öldürəndir- Moskva!”- kimi də. Bunu mənə Moskvanın yaşamaq üçün ağır olan şərtləri diktə etdirəcəkdi. Tək mənəmi?

(Şərhlərdə oxuyuram, “Sizə olan bu münasibəti bilə-bilə niyə gedirsiniz ora?”. Bax yazının sıralanmasına səbəb odur. Bakıdan Moskvaya xüsusi təyinatla gələn maaşlı, statuslu müxbirləri olan çoxtirajlı saytlarının adının hallanmasını prestij-uğur sayan mediyalarımız bir də bunu araşdırsınlar. Hətta məndən başlasınlar- “Niyə burdayam?”. Sıradakı mövzu…-T.V.).

Bura “zibillikdən-knyazlığa”- gedən yolu hamı üçün açmaz, hamı da bu yolu özü üçün cızmaz hər zaman. Onun zillətindən boğaza yığılıb kəmərini ilmək edib boğazına keçirtdiyi qurbanları da, bazarı başına uçanları da, rənginə görə istili-soyuqlu,bıcaqlı-tapançalı ölüm münasibətinə tuş gələnləri də var. Burada sıralarımız artdıqca qurbanlıqlarımız da artıb.

Amma YENƏ…

YENƏ gəlmişik, gəlirik, gələcəyik… (“Biz varıq,olacayıq, artacayıq…”-Kitabi-Dədə-Qorqud). Çünki başqa gedəcək yerimiz yoxdur. Yenə illər əvvəl oldugu kimi bizi təhqir edəcək, incidəcək, milliyyətimizi azərbaycanlı-azerbaydjanets yox, “azerbotı”, “aziki”, “azerbomjı” kimi göstərib, “çernıy….ları” da lap toylarda plov üstündə gətirilən atəş kimi adımızın yanina işıq kimi tutacaqlar. Bu işığın hisində üzü qara Yenə biz olacağıq.

Sentimentalmı oldu? Burada həyat hər gün hər saat belə yaşanar. Bazarda “İqtisadiyyatı güclü olan dövlətin insanı niyə düzdədir”-deyə sorurlar məndən. Mən Bakıdan gələn jurnalistlər kimi bir gündə yüz günün mənzərəsini çızmıram sizlərə. Mən min günlərin müşahidəsinin bir anının yaşatdığı acını paylaşıram.

Niyə gəliblər bilirsinizmi? Rəqabətlə ayaqlaşmaq üçün. Varlı uşağı ilə onun oğlunun eyni partada sıxılmadan oturmasını təmin etmək üçün. 6 uşağına uşaq pulu ala bilməyib, onun davasını etməkdən yorulub onlara çörək pulu qazanmaq üçün. Şikayət etsə, səsini çıxartsa ən zəif yerindən vurub susdurulacağından qorxduğu üçün. Onun “Bir gün azad yaşamaq, 40 il kölə kimi yaşamaqdan yaxşıdır”-Babək deyiminə-əslində bütün deyimlərə qarnı toxdur, çörək üçün balalarının qarnı acdır. Mənəviyyatı tox olanlar mədəsinə əyilməz- eləmi? Ac olduğu üçün əl açanda insan əyilmirmi? Dilənçilik şərəf deyil, “Ac olub kişi olmaq” zamanı da deyil. Həyat hər zamankı həyatdır, insanların həyata diktəsi dəyişib. Meyarlar baş-ayaq düşüb. Bu çaşqınlıqda sadəcə bir şey yaşanır. “Bacaran başını saxlasın!” Bu millətin yetkililərinin bu millətə tövsiyyəsi budur. Yoxsa, Cənab Əli Həsənov problemin çözümünü “Niyə Amerikaya getmirlər”-deyimində tapmazdı. Diaspor rəhbərimiz- “Azərbaycanlılar burada dövlət quruculuğunda bilavasitə iştirak edirlər”-deyib vətəndaşının probleminə tam hakim kimi çıxış etməzdi.

Diasporanın “yüksək fəaliyyətinin”” nəticəsidir ki, bu gün bizə yuxarıda sadaladığım yarlıqlar qoşub, o prizmadan baxırlar.

Bir Müslüm var. Onun azərbaycanlısıyiqmi? Başqa milyonçuları, ittifaqda oldu-olmadı millətə bəzək saysam-saysalar da, onlar bizi ora naxış bilmirlər.

Söyün Sadıqovun təşkilatının “ulduz”larının, “Metroda, marşrutda gedən rusun bizim haqqımızda nə düşünməsi ictimai rəy sayılmaz”-deyə vurğuladıqları bizi sayırlarmı ki… Onların sayışı –sürü hesabıdır.

Küçədə, bazarda, sərhəd keçid məntəqələrində, aeroportda yaşanan bu hallar guya sadəcə bu son günlər yaşananlarla məhdudlaşırmı?

YENIdirmi?

Nə bu gün hər zamandan daha çox təkraranan “Moskva amansızlığı”, “Moskva göz yaşlarına inanmır” ifadəsi YENIdir, nə də sıravi ya qeyri-siravi olan rusun bizə olan bu münasibəti.

Bunun arxasında siyasi oyunlar dayanır. Kömrük ittifaqında, Qəbələ RLS-də, neft layihələrində otaq məxrəcdə olmayan şeylər. Təbii bu da var. Mənim mövzüm bu deyil. Mövzum Rusiyanın miqrasiya siyasətinin yığılıb qalmış problemləri ilə yanaşı bizim də miqrant, ya qeyri-miqrant statusunda hələ kim olduğunu özümüzün dərk edə və etdirə bilməməyimizdir. Mövzum mövsümdən mövsümə çıxan meyvə-tərəvəz kimi problemin sadəcə mövsümdə yada düşməsidir.

Kitab təqdimatları, ad günləri, yubileylər və sonunda ayrılanlar-seçilənlər üçün verilən furşetlər bir şeyə yaramır. Böyük salonlarda böyük konsertlər təşkil edib pul qazanmaq diaspor-diaspor oyunundan başqa şey deyil.

Metroda, avtobusda mənim, sənin təhlükəsizliyini qorumur bu tanıtmalar. Ən acınacaqlısı isə bizi – YENIləri könhələrin istəməməsdir. Bizim diskriminasiyaya uğradığımız yer həm oradır, həm bura. Həm yad tərəfindən, həm doğma.

Mən bu qədər insanı özündə sığışdıran Moskvada “çıxıb getsin, nəyə gəlib ki”-, deyə özününkündən imtina edənlər görmüşəm. Mən Rusiya vətəndaşlığı aldığının möhürü qurumayan azərbaycanlının soydaşı üçün “getsin, bura onluq deyil”-dediyinin şahidi olmuşam. Moskva insanı möhürünə görə saxlamır, milliyyətinə görə ayrıd edir. Oğluna Danil, Raul adı qoysan da, rəngin o deyil… Necə ki, öz haqqını tələb edən rusdilli yerli azərbaycanlıya polisin təəssüflə,- “sən yaxşı oğlansan, amma familiyan uyğun deyil”-dediyindəki kimi. Hətta bir neçə il əvvəl bir alman jurnalistinin bu haqda fikirlərini oxumuşdum. O yazırdı ki, Moskva “gəlmə”ni yerişindən, baxışından tanıyıb ayırır.

Bu təkcə azərbaycanılara qarşı deyil…Təbii. Amma nədənsə hələ ki, rusların “səlib yürüşü”nə daha çox məruz qalan YENƏ də bizik. Bu YENƏ nə YENIdir, nə də yenilik…

YƏNI, hamının bildiyi köhnədir.

Hər yazımda üstünə getdiyim xalqımın nümayəndəsi dağdan enib, torpaq yolda yeriməyi öyrənmədən, Bakıda belə rayon ləhcəsinə özününkünün ironiya etdiyi, hətta bir zamanlar işlədiyim AzərTac-da rus dilində danışmadığım (dili bilmədiyimi düşünən-o zamanlar mükəmməl bildiyimi sanmıram-T.V.) üçün həmkarımın “çüşka bacımsan” zarafatının altında gizlənən kinayəli münasibətlərdən dolayi həzm olunmayan bizlər birdən meqapolisdə “Azərbaycan iri addımlarla irəliləyir “-şuarının nostalgiyası altında addımlayaraq, sözün müstəqim mənasında bura göydən düşürük. Və bu “göy adamları” (göyərti satanı da, göy dollar yığanı da bununla asossiasiya təşkil edir) göylə gedir. Mentalitetinin bütün eybəcərliklərini nümayiş etdirməklə. Əlsində onların təbirincə bu mentalitetdir.

Mentalitet nədir? Bu suala Seymur Baycan cavab verib eyni adlı yazısında. Onun prizmasını müzakirə etməyəcəyəm, çünki razılaşmadığım məqam çoxdur. Lakin, mentaliteti anlamadan onu saxlamaq istəyiylə Bakıdan ta Moskvaya kimi gətirib bizə “cəngəllikdən çıxan kimi” baxılmasını formalaşdıranlar üçün deyim nədir, onların mentalitet bildiyi.

Maşının pəncərəsini açıb “Mənim balam bal dadır” bayağı musiqisinin sədaları altında işıqfonda hamıdan irəlidə şütümək. “Arşın mal alan”dan son fraqmenti toy kassetinin əvvəlinə montaj edib, “Gedək gəlinimizi gətirməyə”- deyibən yolboyu tapança- tüfək atmaq.

Bir azərbaycanlı həm də Azərbaycan deməkdir. Pasportunun rənginin göy ya, qırmızı olmasından asılı olmayaraq. “Davay do svidaniya” ilə sevilməyin ömrü, elə “Davay do svidaniya” ilə yola salınana qədər olur. Çünki sevilmək, qəbul olunmaq, hesablaşmaq üçün bunlar cüzidir-başqatandır. Ki bununla sadəcə bizim başımız qatılır. Onlar isə…

Özününkünün sahib çıxmadığına Allah yolunda kimsə sahib çıxmaz. Çıxarsa da hər zaman qaxınc qapaz olub başından əksik olmayacaq. SƏR-HƏDDI göstərəcəklər. Sahib olun ki, sahiblənsinlər…

Tünzalə Vəliqızı, Moskva
08.11.2013


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir