YENİ RUBRİKA: Onları axtaran yoxdur!!!


YENİ RUBRİKA: Onları axtaran yoxdur!!!
Rusiya adlı bir tilsim var. Bütün axtarışların, baxışların yönəldiyi bir ölkə. Bu iddialı cümləni oxuyub ağız büzən saxta vətənpərvər də öz-özünə etiraf edir ki, başqa millətlərin, başqa xalqların bəlkə də biganəliklə qarşıladığı bu ölkə bizim üçün bir tilsim, maqnit, mağara, quyu rolundadır. Əksər həmvətənimizin uğuru da, faciəsi də, zənginliyi və səfaləti də dolayısı ilə bu tilsimə bağlıdır. Beynəlxalq media layihəsi olan “Səni axtarıram” verilişinin adı Azərbaycan üçün çox doğru seçilib. Müxtəlif ölkələr bu layihəni müxtəlif adlarla həyata keçirir. Rusiya verilişə şair Konstantin Simonovun məşhur “Jdi menya” (“Gözlə məni”) şeirinin adını verib. Təsadüfdürmü? Hər halda düşünməyə məcbur edən gözəl təsadüfdür. Rusiyanın itkinləri “Gözlə məni, mütləq gələcəyəm” deyir, bizim ana-bacılarımız isə “Səni axtarıram, gözləyirəm, nə qələt eləmisən elə, arxayın ol, sağ olduğunu bildir, bizim üçün kafidir, ikinci, üçüncü, dördüncü xanımın qoynunda keçir gəncliyini, bizə xəstələnəndə, yorulanda, üzülüb əldən düşəndə gəl, bəsimizdir, qəbulumuzdur” deyirlər.”Gülünü başqaları dərsin, qoxlasın, külünü biz toplarıq”.

Çoxmu qəddar səslənir? Bəlkə rusları göyə qaldırıb özümüzə yanlış qiymət verirəm. Əsla. Özümü ruslardan nə aşağıda, nə yuxarıda görmürəm. İsbatı da uzun illər bu torpaqda yaşamağımdır. Onlar barəsində deyiləsi çox sözüm var. Hətta bəzən apardığım müqayisələrdə çoxlarının bəyənmədiyi bu qonşularımız haqqında nə qədər yanlış fikirdə olduğumuzdan da danışmaq istəyirəm. Amma indi yox. Çünki indi “Səni axtarıram” verilişinin olmadığı dövrlərdə baş vermiş bir-iki əhvalatı söyləmək istəyirəm. İştirakçılarını axtaran yoxdur bu əhvalatların, fəqət bu, onların dərd yükünü azaltmır…
* * *
İki bacı fəryadı

…Moldav həmkarım zəng elədi: Ramiz (adları dəyişdirmək məcburiyyətindəyəm) bizi tərk elədi, köçdü bu dünyadan.
Xəstə olduğunu bilirdik. Nə qədər acı olsa da gözləyirdik bu xəbəri. Oğluna zəng elədim. Yardıma hazır olduğumu, yaşca məndən kiçik olsa da cəsarətlə müraciət etməsini istədim. Əslində çox təkidə də ehtiyac qalmadı. Sabah Qazaxıstandan hava limanına gələcək bacısını qarçılamağımı xahiş etdi. Gələsi qadın onun atasının Azərbaycandakı evliliyindən olan iki bacısından biri idi. Bir qardaşı da vardı. Ertəsi gün Ramizin qızını Domodedovo hava limanında qarşıladım. Onunla ilk dəfə görüşürdük, amma salona girən kimi atasının ən qısa cizgilərinə qədər oxşarlığından o dəqiqə tanıdım. Atası ilə uzun müddət tanış olsaq da onun Moskvaya gəldiyini eşitməmişdim. Yol boyu istər-istəməz söhbətləşdik. Mənim təşəbbüsüm olmadan atasının giley-güzarına başladı. Bilmədiyim əhvalatları danışdı. Atası üç uşaqla anasını Bakıda qoyub Moskvaya oxumağa gələndə ailədə nə bir narazılıq olub, nə də ailə onun çiynində yük. Əksinə dişlərini sıxıb ehtiyac içində yaşayan ailə təhsil dalınca gedən ataya, ərə pul göndərməyə çalışıb.

Bir dəfə Ramizin uzaq qohumu, respublikada tanınan ailələrdən birinin üzvü onu sovet dövrünün məşhur sanatoriyalarından birində sarışın qadınla görəndə gənclik çılğınlığı kimi qələmə verib, yaşca böyüklüyündən istifadə edərək ərklə tənbehləyib, Bakıda gözü yolda qalanlar olduğunu xatırladıb. Səhvi ilə barışmış Ramiz, hamilə qadını necə tərk edim şəklində “vicdan üzüntüsü” ilə cavab verib. Qohumu vəziyyəti bir şəkildə tənzimləməyin (yəni ailə olduğunu başa salıb bu yeni izdivacdan yaxa qurtarmağın) mümkünlüyünə işarə etsə də söhbət yarımçıq qalıb. Sədalar üç uşaq anasının qulağına çatanda da ana qürurunu pozmayıb, ali təhsili ola-ola uşaqları üçün qulluqçuluqdan, xidmətçilikdən çəkinməyib və məsələnin ciddiliyinə əmin olduqdan sonra Ramizə “sadəcə son qərarını ver,-deyib,-belə olmaz”. Ata-ər də qərarını sarışının xeyrinə verib. Yol boyu qadın bunları danışdıqca qəhərlənir, bir müddət susur, özünü toplayıb təkrar davam edirdi:

-O bizi tərk edəndə, – mən indi tərk etmək deyirəm, o vaxt bilmirdik ki, tərk edilmişik,-mənim yeddi yaşım vardı. Anam bizi nə zülmlərlə böyütdü?..Çox məşhur dövlət binasında xadiməlik edirdi. İş yerində ona bir konfet, mandarin veriləndə də özü yemir, evə gətirib bizim aramızda bölürdü.

Sonra o qadının oğlunun doğulduğunu eşitdik. Yenə də qayıdacağına ümidimiz vardı. Lakin illər keçdikcə onun sədasını daha az-az eşitməyə məcbur olduq. Artıq yalnız anam zəng edəndən-edənə danışırdı bizimlə. Anam isə onun haqqında bir dəfə də olsa pis danışmır, bizi sanki yaxınlarda gələcəyinə inandırmağa çalışırdı.

İllər keçdi. Biz ailə qurduq. Onun sağ olduğunu, firavan yaşadığını bilə-bilə onsuz. Ehtiyacın amansız caynaqları yaxamızı bir gün də buraxmadı…Yenidən kövrəlir.

(Ardı var)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir