Yumor – MOLLA MÖHSÜNÜN ATI


Yumor - MOLLA MÖHSÜNÜN ATI
Qardaşım oğlunun iki qızının müxtəlif illərdə eyni gündə doğulduğunu eşidəndə ona: “Eyni gündə iki gözəl qızın dünyaya gəlib. Bunu hesablaya bilmisiniz, bir oğlan olmasını da hesablasaydın, üç qız atası əminə oxşamazdın”—deyib zarafat elədim. Əvəzində onun mənə danışdığı əhvalatın mütləq sizlərlə paylaşılacaq bir hekayə olduğuna əminəm.

Dedi ki, Seymur məndən beş-altı yaş böyükdür. Səmimiyyətimiz var, hətta bəzən yaş fərqimizi belə unutduracaq qədər. Gözəl ailə sahibidir. Məclislərdə də hər kəsi lal kəsdirəcək, gülməkdən qıracaq qədər gözəl danışığı var. Bir gün yenə yoldaşlardan biri oğul atası, qız atası söhbəti açdı. Söz-sözü çəkdi və nəhayət Seymur öz həyatından danışmağa başladı:

“Üç qızım vardı, biri-birindən kiçik. Artıq kənddə adam içinə çıxa bilmirdim. Heç kim mənə tənə eləməsə də, söz atmasa da elə bilirdim, mən üzümü çevirən kimi arxamda dedi-qodu edirlər ki, kişinin oğlu olar, bu da dalbadal üç qız gətirib. Hələ Dədə Qorqudda qızı olana elə baxırdılar, övladı olmayana belə baxırdılar məsələlərini də bildiyimdən əməlli-başlı kompleksə girmişdim. Sanki bir marafona çıxmışdım, oğlan doğulması finiş olmalı idi. Yoldaşım da yenə ağırayaq idi, bizlərdə də ultrason-filan olmadığından kənd çoxbilmişlərinin təxminlərindən və “Ya Allah, səndən mədət” nidalarından başqa çarə tanımırdıq. Bir gün qonşu ilə həyətdə söhbət elədiyim yerdə arvad məni işarə ilə çağırdı ki, məsələ ciddidi, qonağımız gəlir, gedək həkimə. Tez qonşunun üstünə cumdum ki, UAZı xoda sal, həkimə gedirik. Maşın bizim həyətə gələnə qədər sanki bir saat keçdi. Arvadın yerini rahatlayıb həyətdən çıxanda kəndin fırıldaqçı mollası Möhsün kişi qara atla evimizin qabağından keçdi. Qonşuya,–adı Feyruzdu,–sanki bir maşın bağışladılar.

–Ay Seymur,–dedi,–muştuluq mənim, oğlun olacaq, heç şübhən olmasın.
–Nədən bildin, ay Feyruz?
Başını xanıma tərəf çevirib bizi eşidib-eşitməməsini yoxlayırmış kimi baxdı, sonra da mənə tərəf əyilib:
–Molla Möhsünün erkək atı qabağımıza çıxdı,–dedi.
Bəlkə başqa vaxt gülərdim, inanmazdım, zarafat hesab edərdim. Amma indi elə özüm də bir bəhanə gəzirdim ki, gələn qonağın oğlan olacağının işartısını versin. Ona görə Feyruzun sözü məni qanadlandırdı. “Muştuluq sənin, bir az cəld tərpən. Gədəni gözlətmiyək” dedim.

Mingəçevir xəstəxanasına getməzdən əvvəl yolüstü baldızımı da götürmək qərarına gəldik. Baldızım da, maşallah, bir tank kimidi. O maşına oturanda UAZ bir tərəfə səntirlədi. Qərəz gəlib çıxdıq doğum evinin qabağına. Baldızımla yoldaşımı içəri ötürüb həyətdə gözləməyə başladıq. Elə rahatam ki, üç qızdan sonra, nəhayət oğlan gəlir. Bununla da istehsalı dayandırırıq, deyirəm öz-özümə. İndiki vaxtda dörd uşaq böyütmək asan döyül. Yenə şükr edirəm və gözümü qapıdan çəkmirəm. Bir az keçmiş qapı aralandı və bizim tank peyda oldu. Bir gizli sirr açacaqmış kimi məni əl işarəsi ilə çağırdı.

İki addıma yanında bitdim. Baldızım günahkar kimi, “a yeznə, sən Allah, hirslənmə, qız oldu”, dedi. Sanki yuxudaydım. Necə qız? Yenə qız? Bəs? Bəs Molla Möhsün? Bəs erkək at?

Görünür, sifətimin ifadəsi elə dəyişdi ki, baldızımın da rəngi ağardı. Dili topuq vura-vura: amma biri də var dedi və cavab gözləmədən qapının arxasında gözdən itdi. Ayaqlarımı sürüyə-sürüyə Feyruza tərəf gəldim. Köhnə bir stolun arxasında metal ayaqlı stulda oturmuşdu. Məni görən kimi, müştuluq mənimdimi, dedi. Özümü Feyruzun üstünə atılmaqdan zorla saxladım. Çünki yanında iki tanımadığım adam da oturmuşdu. Onlar da içəridən cavab gözləyirdilər. Sakitcə, bu da qızdı, dedim və o bir söz deməyə macal tapmamış tamamladım, biri də gəlirmiş.

Feyruz ağır xəstəyə baxırmış kimi gözünü üzümə zillədi. Bir söz demədi. Beləcə bir yarım saat da gözlədik. Qapı təkrar aralandı, baldızım üzümə baxır, heç nə demirdi. Yanına gəldim. Baş verənlərdə bunun da günahı varmış kimi, “sən Allah, özünü ələ al, yaradanın işinə qarışmaq olmaz, bu da qızdı” dedi. Akuşerə, tibb bacılarına vermək üçün pul istədi. Nə verdim, necə verdim bilmirəm, onu içəri yola salıb Feyruzun yanına yaxınlaşdım. Bu dəfə mən deyəndi, dedi, molla Möhsün boşuna çıxmamışdı qabağımıza, muştuluğumu ver,–deyən kimi onun oturduğu stula necə təpik vurduğum anı xatırlamıram. Sağ olsun, amma mənə bir cavab qaytarmadı.

Evə qayıtdıq. İndi heç kəslə danışmaqa halım yoxdu. Məni sorğu-sual eləməsinlər deyə, bəhanə ilə Xaldana, xalamgilə getdim. Qapını açan xalam quzğun kimi üstümə yeridi:
–Əəə, sən nağarmısan?
–Ay xala, vallah hamının elədiyinnən eləmişəm,–sözlərini deyəndən sonra nə qələt elədiyimi anladım və içəri girmədən dönüb qayıtdım.”

Hamı Seymura qulaq asır, uğunub gedir, onun soyuqqanlı danışığına heyran qalırdı. Bəlkə ona görəydi ki, Seymur artıq böyük qızlarını nişanlamış, altıncı övladına, indi on yaşına girmiş öğluna Möhsün adı qoymuşdu. Erkək qara atı olan molla Möhsünün şərəfinə deyil, səhnəmizin unudulmaz ulduzu Möhsün Sənaninin şərəfinə.

Moskva,
05.05.2018


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir