ZƏFƏRİN ADI -ŞUŞA!!! Zirvənin adı-Qələbə!


Sonun başlanğıcı olan bu günə…. Tünzalə Vəliqızı: Bu Səfər, Bu Səhər Bu Zəfərə gedən yoldu-ŞUŞA!!! ŞUŞA Zirvənin Fəthi, ŞUŞA -Fəthin Zirvəsidir! İliklərimizin donu açılan Gündü!

Dünya nəfəsini içinə çəkmiş haldaydı. “Cəbhənin  bu  istiqamətində  atəşkəs pozulub”- xəbəriylə yatıb-oyandığımız illərin tarixin rəfinə utancla qaldırıb qoyduğumuz bir günü daha… Kiçikdi o günlər bizim üçün. Çünki onlar sıralanıb keçdikcə biz uzaqlaşıb kiçilirdik. Və bir Böyük Gün Həsrətindəyik. Bu həsrətin zirvəsi Şuşaydı. Orda sarsılmış, orda qırılmış,  “alınması mümkün olmayanı necə itirmək olar” tənəsinin xəcalətindən tərləmişdik. Hər səfərində, gələn səfər dediyimiz təskinlik də uzaq görünürdü. Gələn səfərin gələn ZƏFƏRini  gözləyə-gözləyə vədə yetişdi bu günə.

Dünya  “milli qürurumuzun sınandığı meydanda” verəcəyimiz imtahanı sükutla seyr edirdi. “Sakit, imtahan gedir” yazılmışdı Azərbaycanın Qarabağdan içərisində və çölündə.

Qarabağa doğru səfləndi, səfərə səfərbərləndi. Zəfərə Doğru nidasıyla bu dəfə sərrast addımlarla gedirdi Azərbaycanın Zəfərdaşları.

“Xəttin o başında Azərbaycan var”deyib bizə münasibətindən asılı olmayaraq  bütün dünyanın maraqla izlədiyi meydanda özünü, kimliyini qorumaq adına hər bir azərbaycanlı ayaqdaydı. Oyaqdı.

O günün təəssüratlarını Moskvadakı ziyalılarımız  necə xatırlayır-deyə tanınmış jurnalist, ictimai xadim  Azər Cahangirova müraciət etdim. Azər müəllimin qəhəri məni də qəhərləndirdi.

-Tünzalə xanım, o gündən bu günə  keçirdiyim həyəcandan bir qətrə olsun əskik olmayıb -dedi…

AZƏR CAHANGİROV: Senytabrın 27-si mənim doğum günümdü. Mənim doğum günüm  başlayan Savaşda özümə diləyim-Allahım, bu günü mənə hüzn deyil, hüzur gətirən gün kimi bəxş elə-demişdim ötən il.

Bir il əvvəl o günün miqyası Azərbaycan hüdudlarında  sərhədlənsə də,  əslində dünyanı “sarsan” bir  böyük savaşa girdiyimiz gündü. Sonu məlum bir savaşdı bu. Çünki o müharibə  ordusu,  Baş Komandanı ilə birlikdə bütün xalqın özünü  təsdiq etmək adına bir sınağıydı.

 Böyük Vətən müharibəsində sonuna kimi iştirak edib, 1945-ci ilin avqustunda geri dönmüş bir atanın övladıyam. O zaman Qələbə sevincinin nə olduğunu bu qədər hiss etməmişdim bəlkə də.  İllərlə dinlədiyimiz   (“Den Pobedı”) “Qələbə bayramı” mahnısında oxunurdu.  “Bayram  gözümüzdəki  sevinc yaşıdır”. O mahnışdakı bu sözləri   II Qarabağ savaşının Zirvəsi-Şuşadakı Zəfərimiz  daha çox haqq etdi. İndi iliyimə qədər anlayır, göz yaşlarımı tuta bilmirəm! Bu sevinc yaşına  borcluyuq.  O gün-bu Gündü…

Bizi müşahidə edən dünya özü bir millətin tarixdə görünməmiş  VƏHDƏTinə şahid oldu.

Bizi müşahidə edən dünya sosial-siyasi durumundan, kimlyindən və harda olmasından asılı olmayaraq bir millətin “BİRLİK olmaq belə olur” nümunəsini izlədi.

Bizi müşahidə edən dünya  ordunun, o taya nisgilqarışıq xəcalətlə baxan ataların çıxılmaz Şuşa qayalarına dişiylə- dırnağıya qalxan oğullarının göstərdiyi hərbi rəşadətin nəyə qadir olduğuna mat qaldı.

Hüzurluyuq millət olaraq. Müqəddəs olan Şuşamıza qovuşmuşuq. Başımız dik, üzümüz ağ, özümüz qürurluyuq. Bunu bizə yaşadan 3000-dən çox şəhidi, minlərlə qazisi, ordusu, əsgəri sayəsində. Bir də bütövləşən, bir olan-dünyanı bu birliyi ilə heyrətə salan-susduran milləti sayəsində.

Heyrətləndirdik, sarsıtdıq, susdurduq!  Bundan böyük Zəfər olarmı?! Bu böyüklükdə Qələbə varmı?!

CƏFƏR SADIQ:  08.11.2020 İlk dəfə noyabrın 8-i mənim üçün 43 il əvvəl, dostum Qəzənfərin toy günü münasibətilə bayram olmuşdu. Yəqin taleyin oyunudur ki, həmin bayram o vaxt indiki Ermənistanın ərazisində qayğısız-əndişəsiz yaşayan azərbaycanlıların Güllübulaq kəndində qeyd olunmuşdu. O günə qədər noyabrın 7-sini “Böyük Oktyabr sosialist inqilabının” (oktyabr inqilabı—bayram noyabrda qeyd olunur, nə var, nə var yeni təqvimmiş—hər şey kəlləmayallaq) ildönümü kimi qeyd edirdik. Sonra çərxi-fələk daha da əcayib şəkildə tərsinə dövran elədi. Noyabr ayı bizim üçün xalqın seçmə oğullarını qətlə yetirən vertolyot—helikopter qəzası ilə yaddaşlara qazındı. O 43 ilin sərasər 30 ilini (1990—2020) xəcalət, məğlubiyyət, natamamlıq kompleksi ilə yaşadıq. Ta 2020-ci ilin sentyabrına kimi. Hətta 2020-ci ilin novruz bayramı ərəfəsində jurnalistikamızın ağır artilleriyası—Aydın Candan “mənə bir nekroloq yaz”masını belə xahiş etmişdim.      

Nə bəxtəvər insanlarıqmış, necə böyük xalqın övladlarıyıqmış ki, nekroloqdan öncə düşmən tapdağından azad edilmiş torpaqlarımızı görmək, önümüzə əyilmiş başımızı dikəltmək, düşmənin belini qırmaq, onların iç üzünü dünyaya göstərmək, Azərbaycan adının, Ordusunun, Xalqının əzəmətini hiss etmək nəsibimiz oldu. Ona görə bir il əvvəl dünyanın hər guşəsində, hər ölkəsində yaşayan həmyerlilərimiz, qan qardaşlarımız bu günü arası kəsilməyən göz yaşı seli ilə qarşıladı.  Oktyabrda qardaş Türkiyəyə, Alanyaya getmişdim. İki minici illərin əvvəlindən tanıdığım dostum qələbədən təxminən bir il keçməsinə baxmayaraq məni bağrına basıb “Cümhurbaşkanı İlham Əliyev Şüşanın alındığını deyəndə hönkür-hönkür ağlamışam” dedi və təkrar gözləri yaşardı. Bəs biz? Biz necə qarşıladıq bu xəbəri? Bir 8 noyabrı yox, sentyabrın 27-də başlanan Vətən müharibəsinin hər gününü, cəbhədən gələn hər xəbəri, şanlı əsgərlərin hər uğurunu, Çin sərhədindən, Amerika və Kanadadan, Vladivostok və Avropadan əsgərlərə dəstək olan xalqımızın fədakarlığını, qələbə əzmini, Xudayarın təsnifini, cəbrayılların, fəridlərin, elçinlərin, samirlərin, poladların, daha minlərlə igidimizin rəşadətini, haqq savaşımızı dünya ictimaiyyətinə dörd dildə çatdıran Ali Baş Komandanın çıxışlarını qəhərsiz, qürur göz yaşı olmadan qarşılamaq mümkün deyildi. Bu gün prezident İlham Əliyevin  noyabrın səkkizində etdiyi çıxışa necə qulaq asdığımızı, ailəlikcə necə ağladığımızı dəqiqəbədəqiqə xatırlayıram və bunu etiraf etməkdən utanmıram.

       Bu Zəfər sıradan zəfər deyil. Dünya hərb salnaməsində özəl iz buraxan, Azərbaycan əsgərinin hünərini aləmə göstərən, Türkiyə-Azərbaycan. Pakistan-Azərbaycan dostluğunu sınaqdan çıxaran bir zəfərdir. Bu qələbənin qazanılmasında qanı-canı, maddi-mənəvi dəstəkləri ilə iştirak edən bütün insanlara minnətdarlıq borcumuz var. Ömrünün ən gözəl çağında Vətən uğrunda can vermiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, bu qələbənin təməlini qoymuş, təcrübələri ilə gənclərə örnək olmuş veteranları, qaziləri hörmətlə yad edirik. Qarabağın Azərbaycan olduğunu anlamaq istəməyənlərə göstərmək məcburiyyətində qaldığımız dəmir yumruğa eşq olsun!

Tünzalə Vəliqızı,
Moskva
08.11.2021


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir