Zamana sığmayanlar


    (Şəhidlərin xatirəsinə)

Nə qərib hissdir. Qələbədən sonra düşüncələrimi zəbt edib. 2783+ şəhidimiz və müharibədən yaralı, sağ çıxan oğullarımızın hər biri haqqında yazmaq istəyirəm. Ümumi yox, xüsusi olaraq. 18+ və  neçə yaş aralığında olan ömürlər haqqında. Onları hiss edərək. Hər birini bir gün ziyarət etsəm deyə günləri, ayarı, illəri bölürəm.. Nə qədər edər, nə qədər çatar. Və yekun: Nə uzun oldu?


30 il də uzundu. Müharibələr üçün hətta bir 1 gün  neçə ömrə bədəldir, neçə ailəyə hüzndür, kədərdir. Uzun ayrılıq, sonsuz həsrətdir.

Yazı yazanda belə qısası məqbuldur-deyirik. Zamanı tələsdiririk. Zamanla bərabər özümüz də tələsirik. Hara belə?

Zamanla addımlamaq, yüyürmək də istəyirəm. Zamanı tutub saxlamaq da. Qaçdığım qorxularım, kədərlərim, büdrəmələrim, yıxılmaqlarım. Saxlamaq istədiyim sadaladıqlarım olmayan- ondan əvvəlkilər. Ya da nə bilim ondan sonrakılar. Qarışıqdı, təzadlıdı- bu həyatın özü kimi.

Nə qərib hissdir. Beynimi bu zəbt edən. Bəzən nə uzun oldu deyirəm. Bəzən də nə qısa. Onların ömrü ilə yanaşı qoyuram. Qısa ömürdə  uzun-qaxıncdan, utancdan uzaq yol saldılar. Bəzi nəsnələr qısalmaqla uzanarmış.

İndi sizin sayınızı, sizə aparan yolu aylara illərə bölüb, vurub, çıxıb, toplayıb cəmləyəndə  çox və uzun gəlir mənə. Bu çox və uzun insan ömrü üçün qısadır, amma.

Ümimilər xüsusiləşəndə gözəlmiş, dəyərliymiş, DƏYƏRMİŞ. Xüsusi, məxsusi Sizin üçün yazmaqdan ötrü…

Nə qərib hissdir…

Tanımadığm Xudayarı yuxuda görürəm. Cəbrayılla danışıram, bir naməlum şəhidə kimimlə yaşıdsan deyirəm. Anasıyla bərabər ağlayıram, atasıyla bərabər kədəri çeynənməmiş loxma kimi uduram…Bacısı, qardaşı, yarı, yoldaşı…

Tarixə not (qeyd) düşür yazdıqlarımızdan. Qısacası…

Tanımadığım dil əzbərləri olanlarından, heç tanımadığım ucqar bir kəndin kasıb komasından, ya internat məktəbindən çıxan kimsəsizinə qədər doğma gəlir mənə. Iliyimə qədər sevdiyimi, yandığımı  hiss edirəm.

Nə deyim. Bir ömrə sığdırdığınız zamana sığmaz…

Tünzalə Vəliqızı,
Moskva
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir