Afaq Şıxlı “XƏYAL QIZCIĞAZ…”””


Afaq Şıxlı "XƏYAL QIZCIĞAZ..."
Kövrəlirəm…
Xəyalımda yumuşacıq kiçik bir əl
tellərimə sığal çəkir asta-asta…
Sığınaraq həsrət dolu ürəyimə
dərdlərimi unutdurur
usta-usta.
Uyuyuram…
Yuxularda bir qızcığaz “ana” deyir,
yanağımdan öpüş alır.
Oyanınca bu nəvaziş
məni min bir tərəfimdən dara çəkir,
dərdə salır.
Əllərim də buz kəsilib,
titrədirəm gecənin bu yarısında.
Saatlarla dua edib yalvarıram
pəncərənin qarşısında;
Varmı indi məni görən?
Varmı indi məni duyan?
Eşit daha!
Oyan, sağır bəxtim oyan!
… Gecə sakit,
ətraf sükut…
Qəlbimdəsə burulğanlar, təlatümlər…
Çəkən bilər!
Mürgüləmək istəmirəm…
Oyadacaq məni bu lal iniltilər.
Barmağıma duzmu basım?
Ürəyimə buzmu basım?
Dəlirirəm…
Gözlərimdə
məni hər an sızım-sızım sızladacaq o yuxunun qorxusu var…
Qulağımda bir körpənin ana səsi,
Üzərimdə hələ də süd qoxusu var…

(N.-a)


Bir cavab yazın