Ağlı-qaralı – 20


Bitən ilə rekviyem

Axır ki, yolun sonuna gəldin, ey bir üzü ağ, min üzü qara 20! Boynuma alıram, sən gələndə çoxları nəhs gəldiyini demişdilər, etiraz etmişdim ki, sən də o biri illərdən birisən. Yanılmışam.

Az qala gəldiyin gündən bütün dünyanı xəstəlik donuna geydirdin. İnsanları bir-birindən uzaqlaşdırdın. Övladlar valideynlərinə “yardım üçün” onlardan ayrı düşdü. Xəstəni müalicə etmək istəyən həkim “özünü qorumaq” üçün geydiyi skafandrın qurbanı oldu. Bütün havanın viruslu olduğu iddiasıyla insanları maskalayıb normal yaşayışdan məhrum etdin. Üzün qara olsun!

Azərbaycanı otuz iki il (əslində 207 il) bundan əvvəl düşdüyü bəladan xilas etdin. Üzün ağ olsun! Amma bu “xidməti”nin böyük açıqlamaya ehtiyacı var.

Bu xidmətin sayəsində öyrəndik ki:

–xalqımız bütün məhrumiyyətlərə rəğmən Qarabağ uğrunda bir yumruq olmağı bacardı;

–Qarabaği ömründə görməyən gənclərimiz onun hər qarışı uğrunda aslan kimi vuruşdular;

–iyirmi beş—otuz il əvvəl birinci Qarabağ savaşında vuruşub bu illərdə diqqətdən-qayğıdan uzaq qalan qazilərimiz “söz konusu Vətəndirsə, gerisi təfərrüatdır” deyib eyni ehtirasla döyüşə qoşuldular;

–birinci savaşda şəhid olan Nadir əmisinin adını daşıyan qardaşoğlu Nadir eyni istiqamətdə Füzulidə döyüşə girdi və şəhid oldu:

–könüllü, ailəli əsgər yoldaşlarını ölümün pəncəsindən alıb generalı yalın əlləri ilə boğan Cəbrayılımız oldu;

–quşqonmaz qayalara dırmaşaraq Azərbaycan incisini əsirlikdən qurtaran pəhləvanlarımız dünya önundə zəfər tarixi yazdı;

–analar ciyərparələrini Ana Vətənin işğaldan azad olunmasına gözlərini qırpmadan, səsləri titrəmədən göndərdilər:

–oğullar valideynlərinə, sevgililərinə “Torpağımız üçün gedirəm, məni ağlamayın” dedilər;

–ləzgili-ruslu, talışlı-türklü, yəhudili-saxurlu, udinli-yengiloylu, avarlı-tatlı, yerazlı-gürazlı, naxçıvanlı-aranlı, milli-muğanlı, qəncəli-salyanlı hamı Qarabağ oldu, qarabağlı oldu;

–çoxları Bayraqdar oldu, həvəsə düşdü, adlarını dəyişdi ki, bu da anlaşılandır, qələbəmizin açarı olan silah hamıda ruh yüksəkliyi yaratdı, amma əsil Bayraqdar biləsuvarlı “qəssab Süleyman” oldu. O Süleyman ki, 17 yaşında birinci Qarabağ

savaşına könüllü getmişdi, yaralanmış, qumbaraatan, qazi olmuşdu, (bu günə qədər əlillik sənədini almayıb!), ikinci Qarabağ savaşından gələn şəhidlərin məzarı üstünə üçrəngli bayrağı sərmək “imtiyazı” yalnız ona məxsusdu, “Bayraqdar” deyirdilər, növbəti şəhid məzarına bayraq sərmək zamanı gələndə ürəyi sancdı, məzarlıqdakıların “bayrağı sər” təklifinə ilk dəfə “siz sərin, mən baxıram” dedi. Ata ürəyi hiss etmişdi: işğalçı düşmənin 89 əsgərini zərərsizləşdirən nişançı və nişanlı oğlu şəhid olmuşdu. Atanın ürəyinə dammışdı. Xəbər təsdiqlənəndən bu günə o nər Süleyman göz yaşını qəlbinə axıdır, çünki oğlu ondan söz alıb ki, şəhid olsam ağlamayacaqsan;

–övladlarımız cəbhəyə şəhidlik üçün getmədilər, Vətəni azad etmək üçün getdilər, əfsuslar olsun ki, bu azadlıq şəhidlik məqamından keçmədən olmadı;

–Xudayarlarımız “əmr elədi”:“Şair, sorma Vətən nədən yaxşıdır”, çünki Vətənə qiymət biçilməz, haqq qoyulmaz, əvəz istənməz, Vətən VƏTƏNdir!

–dillər əzbəri olan mahnı simvola, rəmzə çevrildi: “Vətənin sevməyən insan olmaz, Olsa o şəxsdə vicdan olmaz!”

–Hikmətlərimiz—xalqımızın cəngavər oğulları, biri hərb, biri siyasət meydanında parladı və hər ikisi onlara etimad edən sərkərdənin—Ali Baş Komandanın müsəlləh əsgəri olduğunu bütün dünyaya sübut elədi;

–Ali Baş Komandan! 44 günlük savaş ölkəyə 17 il başçılıq edən, çoxumuzun “tanımadığı”, dünyanın “kəşf elədiyi”, uzun illər ətrafını bürüyən məngənə nəticəsində əyri güzgüdəki əks kimi görünən təmkinli, savadlı, oğul sədaqətli,Vətən məhəbbətli bir rəhbəri ortaya çıxartdı. 17 ildə 7 dəfə müsahibə verməyən lider, savaş günlərində üstünə quzğun kimi gələn bədniyyətli media mənsublarının istehzalarını, qərəzlərini, yalanlarını soyuqqanlılıqla, ifrata və emosiyaya varmadan darmadağın etdi, otuz ildə dövlətin büdcəsini ailə bizneslərinə sərf etmiş ideologiya siçanlarının görməli olduqları işi 44 günə təkbaşına yerinə yetirdi!

–kimin dost, kimin düşmən olduğu ortaya çıxdı;

–qardaş dəstəyi, türk dəstəyi ilk gündən sal qaya kimi arxamızda dayandı, düşmən gülləsindən kürəyimizi qorudu, dünyaya gözdağı verdi.

Bir də sayəndə elə şeylər gördük ki, təki gözlərimiz kor, qulaqlarımız kar olaydı bunları görməyəydik. Gördük ki:

–meşə çaqqalsız olmaz, deyiblər. Son günlər şanlı zəfərimizə ləkə salmaq istəyən xəbərlər dolaşır ortalıqda. Əsgər sovqatına göz dikən, xalqın göndərdiyi payı əsgərə satmağa çalışan namərdlər peyda olur. Bu aslan savaşından sonra peyda olan kaftar-çaqqal sürüsü dərhal cəzasını almalıdır ki, ordumuzun şanına xələl gəlməsin;

–Xocalıdan sonra daha dəhşətli lövhə görəcəyimizə inanmasaq da, gördük ki, 28 il əvvəl anamızı, övladımızı, babamızı qətlə yetirib torpağımıza, evlərimizə,

sərvətimizə “sahiblənən” “qonşular” 25 ildə yeddi rayonun evlərini, binalarını, ağaclarını “şəhid etməklə” (şair Vaqif Aslanın ifadəsi) məşğul imiş;

–öz əcəli ilə dünyasını dəyişib məzarda yatan əcdadlarımızı qəbirdən çıxarıb şəhid etməklə “qəhrəmanlıq” səhifələri yazırlarmış;

–Kəlbəcər daşlarını turşuların içinə salıb “qədimləşdirir”, hər kolun dibinə basdırıb “tarix yazırlarmış”

–hər qarışından həyat bulağı çağlayan torpaqların hər addımına ölümsaçan mina “toxumları səpirlərmiş”;

–“bir də səsinizi çıxarsanız, Bakıya qədər gələrik” deyən soysuzlar torpaqdan, vətəndən ötrü yox, itirdiyi restorandan ötrü ağlayarmış;

–Qarabağın Koçaryanlı, Sarkisyanlı caniləri törətdikləri cinayətləri, pulunu yedikləri ordunu Bayraqdarlara yem edəndən sonra Paşinyanı günah keçisi kimi bada verib təkrar hakimiyyətə can atırlarmış;

–“bizim Azərbaycanla barışıb birgə yaşamaqdan başqa yolumuz yoxdur” deyən həmyerlilərini dəli-sərgərdan kimi çöllərə salırlarmış;

–Qarabağın qanını soran onlarla şirkət Minsk həmsədrləri olan dövlətlərə məxsusmuş;

–“qızı” özündən böyük rəqqas Makronla pandemiya vaxtı ağız-ağıza öpüşən Paşinyan iki yüz il ermənilərə arxa duran Putini qarşılamağa belə tənəzzül etmirmiş.

Daha nələr varmış, nələr?!

Ən əsası iki xalqın genofondunu şikəst etdin, üzün qara olsun!

O qədər gənc dünyamızı Marsa, Aya aparmağa qadir olardı, şəhid olmağa layiq deyildilər.

Şəninə tərif deyərdim, yol üstündə olan il, amma hələ içimdə tam rahatlıq yoxdur. O gethagetdə mənfur qonşunun tör-töküntülərinə yardım dəstəsini sülh məramı, niyyəti ilə dilbər torpaqlara ki, gətirdin ha. Heç gözüm su içmir.

Nə isə, sən get, sonrasına baxarıq!

Cəfər Sadıq

Moskva,

21.12.2020


Bir cavab yazın