Astardan üzə, tərsdən düzə
(Çap olunmamışlar silsiləsindən III yazı-düşüncə)
Bir-biriylə bitişik olar üzlə astar. Həm də ayrıdırlar. Tərsi düzündə, astarı üzündə saxlanılı. Bu dünyanın dəyər deyilən biçimi kimi. Ya əkslərlə müqayisədə, ya paralellərlə nisbətdə üzə çıxar çox şeyin dəyəri. Nə qəribə tənzimləmə üsuludur. Yaxşının qədri pisə, mərdin qədri namərdə görə düzənlənir. Qarşındakı menyü budur. Və hər kəsin payına cisminə görə deyil, cibinə görə seçmək düşüb. İndi gəl seç.
Vicdan kabab olsa, məsələn, namus şahplov, qeyrət paytaxt salatı… daha nələr, nələr ən dəyərlilər və cibin bunları almağa münasib deyilsə… Ən ucuzunu- dəyərsizini seçmək məcburiyyət olaraq boynunu əyəcək. Yaşamaq-daha doğru təbir, ölməmək uğruna ən ucuzu-dəyərsizi ilə qidalanmaq seçim deyil, şərt olur artıq.
Varmı başqa yolu? Ən ucuzunu sənə dəyər biçənlərin acığına şərtləri pozursan. Və gəlib durursan dar ağacının altında. Bu hökmü verən ədaləti sadəcə adında olan “məhkəmələr” və ona zəmanəti çoxdan qənaət edib cibinə qoyan hakimlər deyil. Bu dəfə onlara acıq, fərmanını özün yazmısan.
Mənim ölümümdə günahkar…
O anda uyğunsuz zamanda uyğunsuz şərtlərlə savaşmağın faydasızlığını isbatlayacaq dəlilləri sadalamağın da dəlilik kimi dəyərləndiriləcək. Yenə dəyərləndirmə əmsalının ucuzluğu. Bircə o bahalanmadı bu ucuzların bahalaşdırıldığı zamanda.
Təəssüflər də bitmiş, peşmançılıqlar da. Üsyanlar da bitmiş, üsullar da. Geriyə yenə müqayisələr və nisbətlər qalacaq. Səndən daha ağır durumda olanlarla müqayisə ediləcəksən. Ya da… Nisbət, ya müqayisələr sonunda xeyrinə olmadığına görə… dışlanacaq, daşlanacaqsan!
Hansı filosofdu əlinə qələm alıb xoşbəxtliyin düsturunun bədbəxtlikdən keçdiyini ilk yazan? Ya o hansı müdirk idi ümidə xəyalplov deməyib də, “işıq olub yolunu aydınladar”- yalanına səni inandıran?-deyə üsyan edərsən. Bu üsyanın bərk basdığın qələminlə yazdığn kağızı cırar.
Vida məktubu və ya fərmanının çoxunda geriyə göz yaşının mürəkkəbi yuyub ləkəndirdiyi yer qalar. Qələmin ucunun çızdığı-cırdığı şırımlar göz yaşının üsyanı olduğunu anlayacaq kimsə tapılmaz. Eləysə, boş verin getsin. Sonunda bir anlayanın olcağına ümidlənmə… Haqq arayanı son ümidlə dar ağacının kölgəsinə sığındırıb, ondan imdad diləməsi -işıqdırmı, sizcə?
Bir dialoq başlar içində. Dar ağacı kəndirə gülüb “ədalət məndən asılıdır“-deyər. Kəndirsə boğası sıxan mən olduğumdan o dediyin “ədalətin suyunu sıxıb çıxardan mənəm”lə meydan oxuyar. Üstünə basılan kətilsə aşağıdan yuxarı baxıb ironiya ilə -İndi hər ikinizə götürən yol mənim üstümdən keçir desə.
Yuxarıdakılar hər zaman çəpiklənər-əl çalınar onlara. Aşağıdakılarsa təpiklənər…- Desən nə olacaq, deməsən nə. Bir təpiklə o kətildən ayağın üzüldüyü anda işıqlar sönər, hər şey susar.
Düynanın ədalətinin təntənəsi olan yerə bax,-Dar Ağacı!
( “…Əvvəlin axırı, sonun əvvəli
Buymuş, bilməmişəm bunu mən dəli“.- deyə Rüstəm Behrudi salamı verərsən Ona!
Bir yerdə ki, vicdanın, namusun, qeyrətin ölçüsü onun tərsində duranlara nisbətən tənzimlənsin. Bir də düzündə durub, vicdanlıya, namusluya, qeyrətliyə görə ondan daha dahası var paraleli dururkən…
Nə deyim. Yanaşı addımlanacaq yerdi dünya-deyirik. Yanaşı duracaqlar tərs köşədə. Sənə də öz köşənə çəkilmək qalır…
Tünzalə VƏLİQIZI, Moskva
