Bu gəncliyə kəsik Vətən, kiçik miqyas, böyük yük qoyub gedirsən…
Miqyasın qoruduğun yer qədərmiş…
Çiynində bir ordunun yükünü daşıyırsan, amma görən yox. Qədrim üçün deyil deyirsən… Və
Şablon baxışlar, pozitiv-neqativ, mənfi-müsbət aralığında bir də münasibətini rəhbərinə görə şəkilləndirmək, şərtləndirmək var…
Bu millətdən olmağınla fəxr etməyin bir ayrı söhbət, danmağın da, etirazın, bəzən ifrat dərəcədə nifrət püskürmən, səxsinə edilənlərə, uğursuzluqlarına qəzəbini ondan çlxarmaq qərəzin də bir ayrı…
Ümimiyə haqsızlıq olanda susan da sənsən. Sənə haqsızlıq olanda dünyanı başına yıxan da… Bir qarış torpaq, ata-baba mirası üçün doğmanla, qardaşınla-bacınla düşmən olan, hətta əlinə silah alıb kiçik həyətyanı sahə davasını qana çevirən də.
Xislətindən sual olunsa… Təqdim et özünü desək. Bir idarəyə göndərmək üçün yazdığn özkeçmişini (CV) oxuyandan sonra özünün nə qədər yaxşı adam olduğuna gözün dolar… Efitapiya edib qəbrim üstünə yazılsa el ağlar…
Bacarmadığını belə bacaran, alayarımçıq bildiyindən akademik kimi danışırsan..
Kimə deyirsən deyəcəksiniz? Sənə, sizə, elə özümə, o birinə.
Deyl Karneginin mülahizlərinə qulaq asır, oxuyuram zaman olunca. Əslində zaman olmayanda da çoxlarını və çox oxumağa qeyrət edirəm. Öyrətmək, qruplarda və ya sosial şəbəkələrdə özümün nə qədər “bilikli” olduğumu göstərmək üçün deyil. Sadəcə mənəvi qida almaq, düşünmək üçün. İnsan bildiyi qədər dərk edir deyirlər. Mən də dayazda “batmamaq” üçün oxuyram. Bunu niyə yazıram, öz timsalımda, deyim.
Karnegi eskperimentlərinin birində deyir ki, bir çox insanla danışandan sonra əksəriyyətinin “mən”sözünü ifrat dərəcədə işlətdiyini gördüm. Mənim işim Karnegi ilə deyil. Özümün “mənim”lədir. Ümuminin “məniylə”dir. Mən və mənimsəmə… Mənini gözə soxub mənimsəməyə hədəflənən çoxdur. Amma…
Mənimsəmək hədəfdirsə, niyə onun miqyası sadəcə özündə-həyətində, həyatında sərhədlənir. Ondan uzağa getmir… Ondan uzağı uzaqdır… Ondan uzağı torpağı, xalqı, milləti mənimsəməkdir. Ondan uzağı ətrafını böyüdüb miqyasını təyin etməkdir.
Miqyasımız, masştabımız onsuzda kiçilib. Dünən həddi olmayanlar bu gün cəsarətlə uzağında olduğumuzu 30-a vurub üzümüzə çırpırlar.
Bizsə hələ də haqq edəninə kimin rəy verdiyini bilmədiyim vikipediyaya adımızı yazdırmaqla məşğuluq ki, məhşurluğumuz görünsün.
Hər məhşurun bir məhşəri olub. Söhbət əsl məhşurdan gedir. Asılanı, soyulanı, güllələni… Tarixin özkeçmişində sənin öz haqqında nə yazdığın deyil, səndən sonra nə yazılacağı qalacaq.
Səndən sonra qalansa… Bu gəncliyə kəsik Vətən, kiçik miqyas, böyük yük qoyub gedirsən.
M.Ə.Rəsulzadənin “İrşad”da yazdığı bir məqaləsiylə sənə, sizə, özümə, elə o birinə səslənirəm.
Mirzə Yusif ilə gənc qohumu Qəhrəman arasında dialoq şəkildə yazdığından çıxan məna: “Bu millət üçün nə isə etməyə dəyməz”ə cavab olaraq “Özünü qurban et, o zaman qiymətləndiriləcəksən”.
Özkeçmişinə yazdığınla mütənasib olmaq üçün gerçək keçmişinlə indinin aralığında olana- baş verənlərə bax. Bir qarışı üçün öldürdüyün qardaşın, namus üçün boğduğun qadının, qızının “təəssübünü” çəkdiyinlə etdiyin qəhrəmanlığın qapısını azca aralayıb ümimiyə transfer etsən….
“Gəldilər” –(ağzımızın içinə girənlər aşkar) desələr qarışını deyil, arşınını qoyub qaçacaqsan… O zaman öldürdüyün qardaşa, “namusuna boğulub” boğduğun qadına, qıza yazıq…
Kiçik miqyasla da böyük şeylər etmək olar. Yetər ki, həyətin qədər həyatını da sev. O həyat təkcə döngə, dalandan ibarət deyil. Qoruduğun yer qədərdir. Miqyasını böyütmək istəyirsənsə… M.Ə. Rəsulzadə və sələfdaşları kimi şəxsi ambisiyalarını və içindəki hərisliyi sıfırla.
Prezidentlər özkeçmişini sıfırlayır… Sən də millətə önyarğını sıfırla. Çünki …
Nə bilim ey. Calaq da olsa yamaqdır bəzi şeylər. Özünüzə yamasanız da…
Tünzalə Vəliqızı,
Moskva
22.06.2020