ÇIRAQ ADAM — MİRZƏ CƏLİL…


Açıq yazmağın cəsarəti ilə bir milləti oyadan qələm.

Bu gün Cəlil Məmmədquluzadənin – Mirzə Cəlilin doğum günüdür. O qələm ki, cəhalətə qarşı qılınc kimi çəkildi. O söz ki, qorxmadı. O ürək ki, millətin dərdini öz yarası bildi.

Mirzə Cəlil cəhalətə savaş açdı — nifrətlə yox, ayıltmaq eşqi ilə. O, milləti aşağılamaq üçün yox, silkələmək üçün yazdı. O, qaranlığa sinə gərdi, ətrafı aydınladaraq çıraq yandırdı. Və o çırağın adı “açıq yazmaq” idi.

Əli bəy Hüseynzadə Türkiyəyə köçmək üçün Batumiyə gedərkən yolüstü Tiflisə gəlir və “Molla Nəsrəddin” redaksiyasına baş çəkir. Mirzə Cəlil bu görüşü “Xatırat”ında belə canlandırır:

“Söhbət dildən düşdü və möhtərəm ədibimiz mənə dedi: ‘Yaxşı yazırsınız’. Mən Əli bəyə ərz etdim ki, onun kimi bir yazı ustadından eşidilən söz havayı deyil. O, dediyini təkrar təsdiq etdi və həmişəki kimi başını aşağı salıb guya öz-özünə dedi:
‘Açıq yazmağı da bacarmaq lazımdır.’”
Budur məsələ. Açıq yazmaq!

Əli bəy Hüseynzadə bir cümlə ilə mətbuatın, ədəbiyyatın və vicdanın yolunu göstərmişdi.
Bəs bu gün açıq yazmaq varmı?
Bugünkü mətbuatımız “Molla Nəsrəddin” qədər cəsarətlidirmi?
Adına “yandaş media” deyib özünü kapitan sayanlar (əslində yefreytor belə deyillər – M.İ.) qələmə açıq-aşkar xəyanət edə bilirlər. İstənilən vaxt mövcud iqtidarın və varlı oliqarx məmurların açılıb-bükülən palazına çevrilirlər. “Min manat ver, filankəsi biabır edim” qəzetçiliyi ilə 100–115 il öncə bütün Qafqazda ad çıxarmış “qəzetlər padşahı” rza bəyin nəvə-nəticələri kimi babalarının ruhunu “şad” edirlər.
Amma Mirzə Cəlil olmaq çətindir.
Ömər Faiq Nemanzadə olmaq çətindir.
Mirzə Ələkbər Sabir olmaq çətindir.
Ən asanı fırıldaqçı rza bəy olmaqdır.
Məhəmməd Əmin Rəsulzadə yazırdı:
“Mətbuat millətin çırağıdır.”
Çıraq — yol göstərər.
Çıraq — qaranlığı yarar.
Çıraq — yanar, amma yandırmaz.

Bu gün barmaqla göstəriləcək vicdanlı qələm sahiblərimizin çox olması arzusu ilə və çırağımız sönməsin duasıyla Mirzə Cəlil Məmmədquluzadəyə Tanrıdan rəhmət diləyirəm.

TARİXDƏN GƏLƏN BİR SƏS — BƏLKƏ DƏ HARAY…

Yusif Vəzir Çəmənzəminli bir söhbətində Mirzə Cəlilə gileylənir:
“Mirzə, bəsdir bu milləti söydünüz, avam hesab etdiniz. Sənin təsvir etdiyin novruzəlilərin Avropa mədəniyyətindən geri qalmayan yüksək mədəniyyəti var. Nə olar savadsız olanda? Xalqın təbii mədəniyyəti çox yüksəkdir. Fikir vermisənmi, azərbaycanlı kəndli at üstündə kəndə girməz. Yad yer olsa da kəndə çatanda atı yedəyinə alar ki, birdən qarşısına ana və ya ağsaqqal çıxar, onlara üstdən baxmalı olar. Bu da bizim millətin xüsusiyyətidir. Gəl bir az da onun yaxşı cəhətlərindən yazaq.”
Bax, həqiqət burada gizlidir.
Mirzə Cəlil milləti söymürdü — onu oyatmaq istəyirdi.
Çəmənzəminli isə xatırladırdı ki, bu millətin kökü dərindir; əxlaqı var, qeyrəti var, təbii mədəniyyəti var.
Bəlkə də xilası bu iki baxışın birliyindədir:
həm eybimizi açıq yazmaq, həm də yaxşı cəhətlərimizi unutmaq yox. Mirzə Cəlilin bizə öyrətdiyi budur:
Qorxma, yaz.
Amma düz yaz.
Açıq yaz.
Vicdanla yaz.
Çırağımız sönməsin!

MƏHƏMMƏD İsrafiloğlu, Almaniya
22.02.2026