Gəl –gəl a yaz günləri
Burada qış olsa da. Fəslin yazı ömürün bütün zamanını qışda yaşayan üçün nəyi dəyişdirər ki. Hətta “Bu yaz, bir başqa yazdır”- misrasındakı nəşə də çatmır adama. Bayram qabağı diasporlarımızın bizim gəlinlik qızların xına yaxdı mərasiminə bənzər hesabat şənliklərində belə könlün açılmır. Onda da qazanan Bakıdan gələn musiqiçilər olur və bir də üstünə min cür naz-nemət düzülmüş bayram süfrəsindən dadanlar.
Əlqərəz, indi nə yazsam, orada olmamışam deyə qərəzli səslənəcək. Mən də burada qafiyə düzüb şeir yazmağa meylli , saz-söz bayramını sevənlərimiz kimi (hətta dünya dağılsa da bizə nə, bizə iki aşıq, bir nagara osun, yetər) qərəzli yox, ona həmqafiyə olan çərəzlə söz süfrəsi açım. Necə olsa, yazın gəlməsini hiss etməsək də, hissləri yazıya çevirməyi az-çox bilirk.
Bahar süfrəmin mübarək sözü
Mövsüm dəyişir, həyat təzlənir, hər il yaz vədəsində gəlir. Çiçək açmağa, günəş çıxmağa nazlanan kimi illərdir bizim də yazımız (alin yazımız-taleyimiz) bizə naz edir. Yeni gün olan Novruzda nə həyatımız təzələnir, nə də bizə münasibət.
Papaq atmağa qapısına getməyə papaqlı kişilər azalıb, bacasından bayram şalı sallamaga başı kəlağaylı qızlar… Özümüz özümüzdən uzaqlaşmışıq. Həyatımız M.Pənah Vaqifin “ Bayram oldu” şeirindən o qədər də uzaq getməyib, amma.
Bir təsəllisi var Yazın. Uşuyən ayaqları torpaq qızdıracaq, uşüyən başları günəş. Ayağımız altındakı torpağa tam sahib biz olmasaq da, günəşi bölən olmayıb.
Günəşi tutulmuş ellərimizə bahar gəlir. Gecəni gündüzə təslim edib vədəsindən ona verdirən, bahar. İllərdir insanına səsləndiyimiz dünyanın baharına-Sənə səslənirəm. Bu diləklərimə həyat ver, Bahar, -deyirəm!
Birləşib anlaşan zamanın saatı Şuşada, Laçında, Kəlbəcərdə, Agdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Xocalıda, Xankəndində qurulsun!
Cıdırı ayağı altından çəkilmiş atlarımız o ellərdə kişnəsin!
Qış qorxusunu düşmən qorxusunda unudan bənövşələr kol dibidən ürəklə boylansın!
Aşiqinin “eşq etirafından” yaranan xarıçiçək çəməndə bülbülüylə görüşə çıxsın!
Tünzalə Vəliqızı, Moskva
21 mart 2014