Həssas mövzular


(Tənha qalarkən düşündüklərim-silsiləsindən)

İnsan kimi mövzunun da həssas yeri var. İnsanın həssas yeri ən sevdiyi, ən qorxduğu, ən  yaralandığı yerdir. Yetimin həssas yeri ata-anası olduğu kimi. Basma yarasına qanadarsan…

Mövzunun da həssası elə insanına uyğundur, qopmağa hazır nazilən yerindəndir….

Hər birimizin özünə xas həssası var. Lakin fərqli mövzuların bizi birləşdirən bir həssasiyyəti  bayaq vurğuladığım ata-ana, övlad,  yar, sevilən diyar və sairdir…Diyar mövzusunun həssaslığında ayrıldığımız yer   “Xoşbəst olduğum hər diyar mənə  Vətəndir” dediyimizdir. Aksioma olmasa da  teoremliyini isbatlamağa ehtiyac olmayan yarı aksiomadır.

Burada durub düşündünüz, eləmi? İnkar mexanizmi ortaya girdi. Biz təsdiqə ehtiyacı olmayanı belə inkara hazırıq. Niyə? Çünki sorğulamaq bir ehtiyacdır. Bircə şeyi sorğulamırıq.

Hə, gəlib çatdıq mətləbi-mövzunun həssas yerinə. Bizim xeyrimizə olan heç nəyi sorğulamamağımıza. Çünki bütün qaydasızlıqlar bizim həyatımızı qaydasına salırsa, hər şey qaydasınıdadırsa, niyə başqasının qaydına (qeydinə) qalaq ki… Qoy, elə qaydalar qaydasız olsun. Milli Məclisimizdə qeydə alınan mövzular sayaq… Bu sayaq mövzuları saymayaq. Çünki indi o  həssas olduğu üçün bilmirəm yazımmı-yazmayımmı, yolayrımında qaldım. Lap yol hərəkətini bilməyən sürücüyə döndüm.  Sürücülük vəsiqəsi pulla alındığından –bu qaydasızlıq da işimizə yaradığından  sorğulamayacağıq bunu da. Nə isə… Görəsən strelka, ox, bağışlayın… haranı göstərir?

Sterlkanın –ox olmasının və  haranı göstərməsinin  nə əhəmiyyəti var ki… Onsuz da biz  qaydaları  pozmağı, qanunlardan yan keçməyi qayda eləmişik.  Elə bu dil mövzusu da həssasdır. Bilirsən kifayət deyil,  bilmirsən də ikrah doğurur. Ona görə  həftəbecəri işə yarayandır. Bilmirlər  ki, bilirsən, ya bilmirsən?! Məsələn 30 il bir ölkədə yaşayırsan dilini bilmirsən. Öz ölkənə gedəndə də öz dilində danışa bilməməyi mərifət bilirsən.  Bizi idarə edənlər də bunun fərqində olduğu üçün bizə hər şeyi yedirdir. Dilimizin qeydinə qalaq deyir, amma dilbilməzi baş edir.  Həssas mövzuya toxundum yenə. Palma yağını  kərə yağ adına yedirdir, yeyirik… Təqaüd yaşımızın artırılmasının ömrümüzün uzanmasına xidmət eddiyini deyir, bunu da yeyirik.  Bizim mədəmiz hər şeyi həzm edir. Həzmsizliyin özünü belə həzzlə qəbul edirik.

Həssas deyə başladığım mövzu qarışdı.  Sorğulayın, qorxmayın. Çünki mən həssasların mövzu edildiyi  heç bir qurumu təmsil etmirəm. Mənim-bizim həssasmız millət olaraq çoxdan qurum bağlayıb. Harda?  Milli Məclisdə… Bura  milliliyi yanlız adında  olan digər çoxsaylı  birlikləri daxil edə bilərsiniz.

Toplananın yerini dəyişəndə cəm dəyişməz –deyə o qədər çox yazıb xatırlatmışam ki…Uzatmağın mənası yoxdur. Elə problemə həssas yanaşmağı, onu mövzu etməyin də…. Əsas odur ki, çözəsən. Çözə bilmirsənsə də mövzunu bağla.

Sorğulasan nə olacaq ki… Uzağı uzağa atırlar  səni. Həm mövzudan, həm də haqqın olan yerdən..

Dostoyevski  “Yeraltından qeydlər”ində təxmini belə yazırdı ki, bəlkə bu dəli sərsəmləməsi olan fikirləri dərc etməyib zibil qutusuna atacağam.

Bütün mövzular, həssas olanı da, olmayanı da  çoxdan deyilib, yazılıb.  Bəziləri, bəlkə ən dəyərliləri zibil qutusuna atılıb, yaşamaq hüququ qazanmayıb, bəziləri isə- Dostoyevskinin  tərəddüdlü qeydləri bestsellerə çevirlib.

Demək istədyim odur ki, işlənməyən mövzu yoxdur. Bircə işləməyən mövzu var. Bütün dünyada problemlərin həssas mövzu  olmasına  rəğmən elə problem olaraq qalanı…

Həssasınızı içinizə atın, mövzu etməyin! Çünki insanı zəifindən vururlar və mövzu qapanır.

Heç bilmirəm nəyi mövzu etməyim? Mövzu edilməyəcək nəyimiz var ki?!

Atım zibil qutusuna, taleyi o qutulara atılan, dəyəri ona tənasüb olan mövzu bais insanlar tək. Onlardan biri mən də ola bilərəm. Yanlış anlamayın.

Tünzalə Vəliqızı, Moskva
26.04.2026