Hakim-şou
Teatrla futbolun yeri səhv düşəndə belə olur.
Əzız oxucular! Ramin Musayevin dahiliyi və Xaqani Məmmədovun ali qanunları nəticəsində çempionatımız gündən-günə inkişaf edir. Çempionatımızı hakim səhvləri, daha doğrusu hakim qərəzçiliyi bürüyüb və bunun nəticəsində futbol azerkeşləri hər həftə “hakim-şou”un şahidi olurlar. Dunən keçirilən “Xəzər-Lənkəran”- “Sumqayıt” şousu da bunlardan biri idi.
Çempionluğa oynayan və tarixində ilk dəfə bu cür məzlum görunən “Xəzər-Lənkəran” hakim Ramil Diniyevin güclü köməkliyinə baxmayaraq ilk altılıqdan kənarda qaldı. “Sumqayıt”ın gənc oyunçuları bu oyunda milyonlarla qiyməti olan “Xəzər-Lənkəran” və onun hakiminə futbolda əsas pulun olmamasını sübut etdilər.
Oyunun ilk dəqiqələrində hesabı açan gənc sumqayıtlılar bir az sonra hakimin “şousu” nəticəsində qapısı qarşısında müəmallı onbirmetrlik cərimə zərbəsiylə cəzalandırıldılar. Bununla ruhdan düşməyən “Sumqayıt” gəncləri oyuna daha da fəal qoşulmağa başladılar. Oyunda ən gülməli hakim səhvi 38- ci dəqiqədə baş verdi. Yerə yıxilan Aqşin Müxtaroğluna topsuz arxadan şıllaq atan lənkəranlıların ağsaqqal oyunçusu Eder Bonfimə qırmızı vərəqə göstərmək əvəzinə akademik Xaqani Məmmədovun yetirməsi hər iki oyunçunu sarı kartla cəzalandırdı və futbol tarixinə yeni bir qayda tətbiq etdi.
Oyunun ikinci hissəsinin ilk dəqiqəsində əslən Lənkəran zonasından olan gənc Orxan Əliyev “Xəzər-Lənkəran”ın gənc və yeniyetmə qapıçısı Antonio Doblası məyus etdi. Nədənsə baş məşqçi əvəzi Emin Quliyev bu oyunda qapını qoca Orxan Sadıqliya deyil, illərlə komandada olan və özünü yaxşı tərəfdən göstərən Avropalı yeniyetmə Doblasa tapşırmışdı. İlk hissədə ilk qoldan 10 dəqiqə sonra “penalti” təyin edən gənc referi bu dəfə vurulan qoldan 20 dəqiqə sonra yenidən “Sumqayıt”ın qapısına penalti təyin etdi.
Əgər “Sumqayıt” hesab arasında fərqi dəyisəydi inanıram ki, əvəzində Ramil Diniyev də yenidən penalti təyin edəcəkdi . Ümumiyyətlə oyun boyu hər dəqiqədə 3-4 dəfə fit çalan Diniyev Azərbaycanın gələcəyi olan gənc Sumqayıtlıların iki xalını əllərindən aldı və sanki özünün də gənc olduğunu unutmuşdu. Bu cür şoular gündən-günə Azərbaycan futbolunu uçuruma aparır, cənab akademik Xaqani Məmmədovun tapşırıqları sayəsində. Belə haqsızlıqlarla üzləşən gənclərdə Azərbaycan futboluna qarşı antisimpatiya yaranır və futboldan uzaqlaşırlar.
Nə qədər hakim səhvlərindən desək də, sonda dediklərimiz bizlərə qalır və qərəzçilik günü-gündən artır. Qarşıdakı turlar hakimlər üçün daha çətin idarə olunan oyunlarla zəngin olacaq və bizləri yəqin ki, yeni-yeni “hakim –şoular” gözləyir. Azərbaycanda inkişafda olan şoulu çempionatı izləyin və gördüyünüz yeniliklərə şübhə ilə yanaşmayın. Futbolumuz işıq sürətilə inkişaf edir və bu yolda yeni-yeni futbol qanunlarına imza atmaq normal qarşılanmalıdır.
Ramin Kazımov