HAQQ KƏHKƏŞANINDA BİR ULDUZ SÖNDÜ
“Hörmətli yoldaşlar! Bağban bağının ətirli meyvəsi ilə öyündüyü kimi, müəllim də savadlı, ləyaqətli tələbələri ilə fəxr edir. Bunlar çox təbii və pak hisslərdir. Respublikamızın prokuroru İlyas İsmaiılov bizim gərgin, uğurlu əməyimizin parlaq ulduzudur. O, xalqımızın savadlı, ağıllı, obyektiv, insaflı, büllur kimi təmiz, ortalığa çıxarıla bilən işgüzar övladıdır. Xalqımızın belə övladları, təəssüf ki, azdır. Onların taleyinə diqqətlə yanaşılmalıdır, əks halı zaman bizə bağışlamaz…İlyas İsmayılov haqqı müdafiə olunmağa layiq övladdır, onun barəsində ədalətsizliyə yol verilməməlidir”.
Bu cümlələr Azərbaycan hüquq elmi tarixində unudulmaz izi olan, Üniversitetin hüquq fakültəsinə 18 il dekanlıq etmiş, yetişdirdiyi tələbələrin haqqına ata kimi qahmar çıxan Məmməd Xələfovun öz həyatını belə təhlükəyə ataraq 1990-cı ilin mart ayının 13-də Azərbaycan KP MK-nın Bürosuna göndərdiyi teleqramdan götürülüb.
Azərbaycan Respublikasının keçmiş prokuroru, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Azərbaycan Respublikasının keçmiş ədliyyə naziri, hüquq elmləri doktoru, professor, Azərbaycan Milli Məclisinin sabiq deputatı, Ədalət partiyasının sədri İlyas İsmayılov fevralın 17-də 87 yaşında vəfat etmişdir.
İ. İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olmüşdur. Zəngin həyat yolu keçmiş, təkcə Azərbaycanda deyil, respublika hüdudlarından kənarda, keçmiş SSRİ məkanında, beynəlxalq hüquq cameəsində böyük nüfuz qazanmışdır.
Fəaliyyət göstərdiyi bütün sahələrdə peşəkarlığı, haqsızlığa qarşı barışmaz mövqeyi, elmi, ictimai, siyasi məsələlərin müzakirəsində tələbkarlığı ilə fərqlənən İlyas İsmayılov hüquq-mühafizə orqanları üçün xeyli mütəxəssis hazırlamış, prokurorluq orqanlarında çalışarkən respublikadan kənarda olan tanınmış hüquqçuları Azərbaycana dəvət edib işlə təmin etmişdir.
1990-cı ilin yanvar hadisələrindən sonra “fəaliyyətsizlik göstərdiyi” kimi uydurma ittihamla üzərinə əsassız hücumlar olduğu vaxtda belə təmkinini pozmayan prokuror bir müddət “məcburi ezamiyyət” kimi SSRİ Baş Prokurorluğunun idarə rəisi kimi Moskvada çalışır və az vaxtda kollektivin dərin hörmətini qazanır.
Moskvada işlədiyi müddətdə onunla birlikdə növbəti beynəlxalq konfransda iştirak edən Rusiyanın tanınmış hüquq mütəxəssislərindən biri onun haqqında danışarkən azərbaycanlı dostuna qəribə sual verir: Doğrudanmı Azərbaycanda o qədər güclü hüquq mütəxəssisi var ki, belə peşəkar hüquqşünas vətəndən kənarda çalışır?
Bir dəfə İsveçrədə keçirilən simpoziumda Rusiyanı kriminologiya və cinayət hüququ sahəsində məşhür mütəxəssis, akademik Vladimir Nikolayeviç Kudryavtsev, Azərbaycanı isə İlyas İsmayılov təmsil edir. Mehmanxanadan tədbirə gedərkən Kudryavtsev ata qayğıkeşliyi ilə öz papağını israrla etiraz edən başıaçıq İlyas müəllimə verir. Simpoziumda hər ikisinin mühazirəsi müsbət qarşılanır. Otelə qayıdarkən Kudryavtsev çox səmimiyyətlə “Sən məndən yaxşı çıxış etdin” deyə gənc həmkarını tərifləyir. Yüksək mədəniyyət və əxlaq sahibi olan İlyas müəllim anında cavab verir: Aleksandr Nikolayeviç, ona görə ki, Sizin papağınız mənim başımda idi.
İlyas İsmayılov haqqında həmkarları, tələbələri, partiya silahdaşları, bir sözlə, onu tanıyan, birlikdə çalışmaq şərəfinə nail olan hər kəs rəğbət və hörmətlə danışır. Həqiqətən haqq kəhkəşanının bu parlaq ulduzunun sönməsi hüquq elmimiz, ictimai-siyasi fikrimiz üçün ağır itkidir. Onun əziz xatirəsi tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
Cəfər Sadıq,
Tünzalə Vəliqızı
Moskva
18 fevral 2025-ci il