MOSKVADA AZƏRBAYCAN POEZİYASI GECƏSİ
01 fevral 2013-il tarixdə Moskva şəhərində “Şəhriyar ədəbi-mədəni cəmiyyətininin üzvlərinin, o cümlədən yaradıcı gənclərin, ədəbiyyat və poeziya sevər qonaqların birgə iştirakı ilə poeziya gecəsi keçirildi.
Tədbiri giriş sözü ilə cəmiyyətin sədri, publisist Vasif Məmmədov açaraq gecənin bütün iştirakçılarıni salamladıqdan sonra, diaspor ədəbiyyatında öz yeri və dəsti- xətti olan mərhum şairimiz Sabir Abdullanın xatirəsini bir dəqiqəlik sükutla yad etməyi gecənin iştirakçılardan xahiş etdi. (Allah ona rəhmət eləsin!)
Bundan sonra o poeziya və müasirlik, şeir texnologiyası və nəzəriyyəsi haqqında müzakirələrin gecədə əsas mövzu olduğunu vurğuladı və şairlərimizin müasir şəraitdə vəzifələri, hazırda gündəmə çıxarılan poeziya gecəsinin əhəmiyyəti və başqa mövzular ətrafında maraqlı fikirlərini söylədikdən sonra, poeziya gecəsinin məzmunlu və faydalı keçəcəyi arzusu ilə hamıya uğurlar dilədi.
İlk dəfə Asiya və Afrika ölkələri institutunun tələbələri mərhum xalq şairimiz Cabir Novruzun “Sevin Azərbaycanı!” şerini oxudular. Tələbələrin aydın və səlis diksiya ilə oxuduqları şeirlər dinləyiciləri duyğulandırdı.
Cəmiyyətin əsas yaradıcılarından biri, ərəbşünas Əlipənah Abuşov özünün müxtəlif illərdə yaratdığı şeirlərini oxudu və gənc şairlərə məsləhətlər verdi.
Rusiya və Azərbaycan yazıçılar birliyinin üzvü diaspor həyatında tanınmış şair Nəsib Nəbioğlu yeni şerlərini oxuyaraq şerin qayda – qanunları, daxili bölgüləri və bədii təsiri haqqında maraq doğuran çıxışlar etdi.
Dərviş teatırının aktyoru Şirzad Pirallahi gözəl diksiya ilə bir neçə məzmunlu şeirlər söyləməklə poeziyasevərlərin duyğularına təsir edərək, onların qəlbinə mənəvi rahatlıq gətirdi.
“Şəhriyar” cəmiyyətinin əsas üzvlərindən biri, şair- jurnalist Əliş Əvəz başqa şairlərdən nümunələr gətirərək mövzu çalarları, şerin vəznləri haqqında söhbət açdı. Yeni qələmə aldığı ilahiyyət silsiləsindən olan poeziya nümunələrini iştirakçılara oxumaqla onların alqışarına səbəb oldu.
Cəmiyyətin aparıcı üzvlıridən olan tarixçi alim , istedadlı şair Əşrəf Hüseynli Azərbaycan xalqının soykökü tarixi haqqında maraqlı söhbət edərək , diaspor həyatıda və eləcə də Rusiya Federasiyasında Azərbaycan ziyalılarının rolu, onların gördüyü işlər haqqında müfəssəl məlumat verdi. Lap yenicə yazdığı şerini oxuyaraq gecəyə maraq doğuran canlanma gətirdi.
Avarsiya və Rusiya yazarlar birliyinin üzvü, Şəhriyar cəmiyyətinin mətbuat katibi həkim, şairə Afaq Şıxlı mərhum şair sabir Abdullaya həsr etdiyi “Dostlarıma” şeirini, eləcə də poeziya gecəsi iştirakçılarının xaişi ilə “Yağış yağır”, “Səndən yadigar” şeirlərini ifa etdi.
İştirakcılardan Nazim Qurbanov, Əvəz İbayev, Rövşən Əliyev bu günkü tətdbirin bütün iştirakçıları üçün, xüsüsən də gənclərimiz üçün daha önəmli və maraqlı olduğunu bildirdilər. Rövşən Əliyev faydalı təklifərini irəli sürməklə, öz şeirlərindən misallar gətirdi.
Cəmiyyətin yeni üzvləri İlqar Hüseynov və Yaşar Süleymanlı vətən həsrətli şeirlərini oxumaqla,vətənə qəlbən bağlılığını, onun dərdlərinə ürəkdən şərik olduqlarını nümaiş etdirdilər.
Pedaqoq –filoloq Leyla İsmayilova öz kövrək şeirini oxumaqla, insaların vətən həsrətli duyğularını oyadaraq onları kövrətdi.
Jurnalist Rəşid Mədətzadə maraqlı şerlərindən birini söylədi və redaktoru olduğu “Moya semya” jurnalının Azərbaycan ailələrinə faydası haqqıda maraqlı məlumat verdi.
Gecənin iştirakçısı vətənpərvər. ziyalı və iş adamı hörmətli Elxan müəllim milli- mənəvi dəyərlərimiz və onların qorunub saxlanması, tarixi keçmişimiz haqqıda məruzə etdi. O gecədə söylənilən fikirlərdən faydalandığını və oxunan dəyərli, məzmunlu şeirlərdən duyğulandığını vurğuladı və gecənin bütün iştirakçılarına minnətdarlığını bildirdi.
Cəmiyyətin tədbirlərinin həyata keçirilməsində həmişə yardımçı olan, Beynəlxalq yazıçılar və rublisistlər assosiyasının üzvü, şair Abbas Alıyev ifa etdiyi saz havalarının həzin melodiyaları altında yeni yazdığı ibrətamiz şeirləini gecənin iştirakçılarına ərmağan etdi.
Gecəni, yekun sözlərilə cəmiyyətin sədri Vasif Məmmədov bağladı. O tədbirin bütün iştirakçılarına təşəkkürünü bildirdi, yeni ildə hamıya sağlamlıq, yaradıcı adamlara isə iti qələm və tükənməz ilham arzuladı.
Moskva
Şəhriyar Ədəbi Mədəni Cəmiyyətinin mətbuat şöbəsi