Moskvada “Azərbaycan poeziyasının inciləri ” toplumunun təqdimatı keçirildi
Moskvada M.İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat kitabxanasında “Azərbaycan poeziyasının inciləri” toplumunun təqdimatı keçirildi.
Gecəni açan Rudomino adına Dövlət Xarici Ədəbiyyat kitabxanasının baş direktorunun müavini Vladimir Markov görüş iştirakçılarını salamladı. O öz növbəsində tibb elmləri doktoru, professor Mehman Məmmədovun 800 ildən artıq br dövrü əhatə edən Azərbaycan poeziyası nümunələrini toplayıb tərtib etdiyi kitabın böyük əhəmiyyət daşıması ilə yanaşı, eyni zamanda uzun və zəhmətli bir əməyin bəhrəsi olduğunu söylədi.
“Onu qeyd etmək istərdim ki, keçən səkkiz yüzillik bir dövr həyatımızda vətənə, ailəyə sevgi, onun qarşısında borcluluq kimi bu səpkidən olan hissləri dəyişməyib. Hər birimizin evinin pəncərəsindən həyətə, həyata baxanda gördüklərimiz çox zaman eynidr. Buradan baxanda Azərbaycan poeziyası toplumu əsrlərlə aramızda əlaqə yaratmaq baxımından çox dəyərlidir”
V. Markov tarixi ədəbi nümunələr toplumunun bir elektron nüsxəsinin tərtibatçı tərəfindən kitabxanaya bağışlandığını da açıqladı. “Artıq Rudomino adına xarici ədəbiyyat kitabxanasının elektoron kitabxana şöbəsində bu nüsxə yerləşdirilib və öz oxucularını gözləyir”.
Markov çıxışının yekununda onu da əlavə etdi ki, Mehman Məmmədov kitabın daha 150 nüsxəsini kitabxanaya hədiyyə edəcək. Bu nüsxələr Rusiyanın müxtəlif regionlarının 150 kitabxana fondunda özünə yer tapacaq.
Gecədə iştirak edən Azərbaycanın Rusiya Federasıyasındakı səfirliyinin müşaviri Zaur Paşayev Fövqəladə və Səlahiyyətli səfir Polad Bülbüloğlunun təbrik məktubunu oxudu.
Baharın gəlişi poeziya gecəsi ilə bir arada qeyd edilən tədbirdə Mehman Məmmədov tərtib etdiyi kitab haqqında geniş mühazirə etdi. O, videoslaydla müşaiyət olunan çıxışını “kitab 800 il deyil, Azərbaycan poeziyasının yarandığı vaxtdan ta bu günə kimi böyük bir dövrü əhatə edir” –deyə Markovun sözlərinə düzəlişlə başladı.
M. Məmmədov Azərbaycan poeziya janrları, şifahi və yazılı ədəbiyyatın müxtəlif dövrlərini canlandıran, tarixi mənbələrə istinadən ərsəyə gətirilən toplumda yer alan şairlər, onların bağlı olduğu ədəbi-məclislər, nəşr olunan jurnallar, qəzetlər barəsində xronoloji ardıcıllıqla geniş məlumat verdi. Azərbaycan poeziyasının rus dilinə tərcüməsi məsələsinə toxunaraq bunun iki ölkə ədəbi məktəbi əlaqələri tarixindəki yerindən şöhbət açdı.
Gecənin təşkilatçılarından biri və kitabın rəyçisi Şərq Muzeyi direktorunun müavini İlya Zaytsev kardioloq Mehman Məmmədovun ürək həkiminin poeziya ilə bağlılığını bu sözlərlə ifadə etdi:
“Poeziya da ürək həkimidir. Əsasən də sevəndə, iztirab çəkəndə poeziya ürəyə həkimlik edir”.
İ. Zaytsev də toplumda yer alan Azərbaycan poeziyasının tərcüməsi sahəsinə xüsusi diqqət çəkərək rus və Azərbaycan ədəbiyyatının müştərək və əlaqəli inkişafı, bir-birinə təsirindən danışdı.
Yaxın dövr poeziyasnın nümayəndəsi olaraq rus dilində tərcümələr və eləcə də şeirlərin müəllifi , N.Ostrovski mukafatı laureatı şair İlham Bədəlbəyli isə adının kitaba salınmasının önun üçün gözlənilməz olduğunu söylədi. “Sevindirici və qürurvericidir ki, ədəbiyyat nəhəngləri ilə bir siyahıda mənə də yer verilib. Buna görə tərtibatçı həkim-kardioloq Mehman Məmmədova minnətdaram”. İlham Bədəlbəyli elə bu kitabda yer alan özünün bir neçə şeirini oxudu.
Poeziya gecəsi Moskva Dövlət Universiteti Asiya və Afrika Ölkələri İnstitutunun tələbələrinin Azərbaycan şairlərinin şeirlərini rus və doğma dilimizdə səsləndirmələri ilə davam etdi. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Səməd Vurğun və Bəxtiyar Vahabzadə yaradıcılığından Azərbaycanı təsvir və tərənnüm edən parçalar alqışlarla qarşılandı.
Mehman Məmmədov gənc qiraətçilərə tərtib etdiyi “Azərbaycan xalq nağılları ” kitabını bağışladı.
Poeziya gecəsinin moderatoru M.İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Xüsusi Sərgi Layihələri Mərkəzinin rəhbəri Lyudmila Skaçkova idi.
Tünzalə Vəliqızı, Moskva
17 mart 2023-cü il