“Nöqtəsinə, vergülünə toxunmadan” yaşanan ömrə…


      Məmməd İsmayıl – bir vardı, bir yoxdu…

Bu nağılın sonunda göydən alma düşmədi, alma göydəndüşməydi. Və o ili almalar çox gətirmişdi. Əsl alma mövsümüydü. Bir gecədə külək qopub gövdəsini yerdən üzüb yanı üstə yıxılan alma…

Bu il də almalar çox gətirib deyirlər, Məmməd İsmayıl!

Onun nağılı əzbərləri pozacaq, əvvəli sonuna, sonu əvvəlinə yazılacaq. Və beləcə “Varın yoxluğu ilə yoxun varlığı” arasında dünyanın özü kimi dövr edəcək.

   Bir nağıl ömrü yaşamadı, bir ömrə nağıl oldu. Adətən “Biri vardı, biri yoxdu”yla başlayan nağılın sonunda göydən üç alma düşər. Alması olacaq üç şey taleyinə əvvəldən düşmüşdü.  Bir Anası, bir təpəl qoyunu və bir cır alma ağacı.

Ona çörək ağacı olan  qoyununu qurd parçalayacaq, almasını külək kökündən  qoparacaq və sonunda tale Anasını da əlindən alacaqdı.

Nə qərib ki, bütün bunlardan xəbərdar böyüyəcəkdi. Xarakterindəki sərtliyi, ruhundakı mərdliyi içində rüşeym-rüşeym böyüdən bunlar olsun gərək.  

Qürbətlə Vətən arasında haça dağ oldu. Taleyin səksəkəsi, ətrafın vəsvəsəsi ilə çarpışmaqla keçdi ömrü. Qəribə taleli Qərib şairdi.

Oxuyanlar bilir, oxumayanlar üçün xatırladım. Atasının üzünü görməyən, 37-ci il repressiyasının acılarının davam etdiyi bir vaxtda- 1939-cu ildə dünyaya gəldi.  Hələ o zaman qapıları qara  paltarlı adamların döydüyü  vaxtdı. Ağacdələnin qapıya gəlməsinə də, qapısını döyməsinə də hələ vardı. İnsanların aclıqla, yoxsulluqla döyüldüyü vədəydi.

Taleyin tərs köşəsindən özünə düz yol  seçən Məmməd İsmayıl nağılını bizə belə nəql etmişdi.

Fərqindəyəm, ya deyiləm. Amma dünyaya pəncərəsi yandan deyil səmadan açılan (əmisinin arı kovanlarını saxladığı, işıq düşən yeri tavanda olan daxmada- red.T.V. ), qeybdən gələn sədanın səsi olan, məni Mənəvi Qızı  sayan Atam Məmməd İsmayıla  vəfasız dünyada bir də vəfa borcum var. Harasından başlasam.

Günün, ayın, ilin tarixi yadımdan çıxıb. Bəzən sözləri tapa bilmirəm, cümlənin əvvəlinə, ortasına, axırına qoymağa. İtirdiklərimlə həyatımın “nöqtəsini, vergülünü” itirdiyim məchuldayam. “Yaddaşına yaxşı bax, unutduğun yerdəyəm” … təlatümü ha qopdu, qopacaq! Mən özümü də itirmişəm haradasa. Əslində əlimə qələm alsam, yanacaq vərəq. Hələlik, qələm tutan əlim yanır… Ağılla ürəyin arasında sözə çevrilməsi mümkün olmayan hisslərimi  Sizə necə anladım, bilmirəm. Bir özüm qəbullana bilsəm… Ağrılı hisslərin məngənəsində sıxılan ürəyimlə beynm küsüb biri-birindən. Susqunluğum bundandır. Sözlərə  küsmüşəm.

Özümü kənara qoyuram. O gün-avqustun 19-da  “Salam” yazdım. Halından, əhvalıdan uzun zamandır ki, xəbərsizdim. Sən demə, o gün, bəlkə elə o an həyatla vidalaşdığı andı. Ertəsi gün iki qardaş itkisinin acısında qovrulan, dərdlərin keyləşdirdiyi mənə bu xəbəri həmkarım Cəfər (Sadıq) müəllim verdi. “Keşkə verməsəydim”dəni də qəhərlə əlavə edərək…

Bu yazının gec, qırıq-qırıq, parça-parça  yazılmasının səbəbi  budur. Hələ də sindirə bilməmişəm. Ona görə fikirlərim rabitəsiz, cümlələrim dağınıq olsa, bağışlayın!

Mən Məmməd İsmayıl haqqında onun Moskva görüşlərindən və bir də  doğum gününə təbrik olaraq yazı yazmışam. Və hər yazıdan sonra “görəsən ona layiq oldumu” əndişəsiylə reaksiyasını gözləyərdim. Buna əsas verən  ilk dəfə Moskvada qanlı-canlı gördüyümdə duyduğum həyəcan və onun “önyarğısı” olmuşdu.

Düzü  “Leylanın məktubları”nı  oxyanda onu xəyali obraz  saymışdım. Bəlkə də Leylanı qısqanmışdım deyə elə düşünmüşdüm o an, kim bilir. Məmməd İsmayıl sevgisini “Həsrətində olduğum İnsan” inşasına mükəmməl bir dillə tökən, onunla nəzm dilində danışan qızın sevdiyi şairlə yazışması o qədər əlçatmaz bir şeydi ki…

Məmməd İsmayıl yaradıcılığının “leylası-aşiqi” olan yeni nəslin sevgisinin arxasında bir də istedadın, azad sözün yol xəritəsi olan  “Gənclik” ( “Gənclik”, “Molodost”  nəşri Azərbaycan mətbuat tarixində  yeni bir dövrün başlanğıcıydı-red. T.V.) dururdu. “Nöqtəsinə, vergülünə toxunmadan” rubrikası bir çox istedada ümid olmuşdu. Hər birimizin içində bizi xilas edəcəyinə inandığımız bir Məmməd İsmayıl sevgisi coşmuşdu. Gəncliyə əl uzadan, istedadının üzə çıxmasına vəsilə olan, meydan verən Məmməd İsmayıl.

2012-ci ilin fevral ayı idi. Marina Svetayevanın ev-muzeyində kitab təqdimatı keçirilirdi.(Bu haqda mətbuatda yazmışam-red.T.V.). Kitab təqdimatından sonra yaxınlaşıb özümü təqdim etdim və görüşlə bağlı  reportaj yazacağımı söylədim. Başdan ayağa məni süzdü. Sanki “bacaracaqsanmı”  kimi bir baxışla həm də. Daha sonra çay süfrəsi arxasında onu sevənlərlə söhbət oldu. Yanılmamışdım. “Yazını hazırlayandan sonra  əvvəl mənə göndər, baxım”-dedi. Nə qədər yazmaq təcrübəm olsa da, ilk dəfə reportaj hazırlayacağammış  kimi o zaman çox  zorlanmışdım. Və növbəti gün yazını elektron poçtuna göndərdim. (Onunla elektron poçt vasitəsiylə yazışmalarımızı hələ də saxlayıram). Cavab gəldi. Çox məmnun qaldığını qeyd etmişdi. Sonralar aramızda Mənəvi Ata-Qız əlaqəsi yarandı.

(davamı var)

bu linkdə: https://yenises.ru/noqt%c9%99sin%c9%99-vergulun%c9%99-toxunmadan-yasanan-omr%c9%99/

Tünzalə Vəliqızı, Moskva
20.10.2025-ci il