Özümü şikayət edirəm!
Yenə yeni olmayan bir hadisə baş verdi. Məzmunu aşağı-yuxarı eyni olan türk seriallarındakı kimi bir qətliam yaşandı. Və ona ürək ağrılı, təəssüfqarışıq qəzəbli, etirazlı sitəmlər də atəşə tutduğumuz sosial ortamlarda yer aldı. Gündəmdən populistlik üçün istifadə edənlər də illah ki, var, olacaq aralarında.
Bəzi yerlərdə internet, sosial media qısıtlamalarına, yasaqlarına gediləcək. Biriləri bunun günahını yenə orda-burda, hərə öz ağlının getdiyi yerə qədərində axtaracaq, tapacaq. Bəlkə bu tapıntısı ilə daha ağıllı olduğunu da bəyan edəcək. Amma əyan olmayan bir şey var. Niyə uşaqlar şiddətə meyilli nəsnələrə aludədirlər? Niyə şiddətlə bu ssenarilər üzərindən tamaşa qurub baş rolda özləri oynamaq istəyirlər? Buna vadar edən nədir?
Bu sualları verməyə gec qalındığı kimi, cavabı da əsrin çözülməyən ən böyük məsələsi olaraq qalacaq.
Nə baş verir? Nəmi baş verir?
Günün günorta çağı bir uşaq həmyaşıdının qatilinə çevrilə bilir.
Günün günorta çağı bir uşaq ətrafa atəş saçıb həyatları söndürməklə özünün qəhrəman olduğuna inana bilir.
Günün günorta çağı bir uşaq…
İnciməyin, bir olayın günün günortasını qana, qaranlığa boyadıqdan sonra Sizlərin bunu aydınlatması, aydınlıq gətirməsi topuğa dəyən daş kimidir. Gec qalmadınızmı?
Hələ ki boyat olmayan Qəzzada, İranda və digər yerlərdə uşaq qatillərinə etiraz deyə bağıranlar, buna qarşı olmayanları qarşısına alanların dedikləri mənə səmimi gəlmir. Sən cavabdeh olduğunu qoruya bilirsənmi?
Uşaqlar uşaqlığının qatilinə çevrilib. Bunun qarşısını ala bilibsinizmi? Adına bayramlar düzənlədiyiniz, müdafiəsinə zəmanət veridyiniz uşaqların içindəki inamı öldürüb yerində nə bitirdiyinizin fərqindəsinizmi?
Dünyanın hər yerində uşaq uşaqdır; dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq. Ona qarşı və ya onun qarışdığı, daha doğrusu qarışdırıldığı terror da felən və şəklən eynidir.
Uşaq orqanı satışı, yasaqlı maddə satıcısı, uşaq sataşıcısı… Qafiyələyimmi, qafil olduğumuz, göz yumduğumuz, yumduğunuz şeytanı belə heyrətləndirəcək heyvani hərəkətləri…
Dünaynın hər yerində uşaq uşaqdır. Qanmaz, qandırmaz, amma qandırılar. O kökü “qan”-la başlayanı qanla bitirən bizik.

Günahı, babalı yenə özümüzdən başqa hər yerdə və hər şeydə. Bəlkə emosional bir yanaşmadır. Amma baxın bir az geriyə. Məzmunu, forması, elə finalı da eyni olan terrorlara, cinayətlərə.
İl 2021, may ayının 11-i. Kazanda 175 saylı litseyin keçmiş şagirdi terror törədir. O, litseyə silahlanaraq gəlir və biri müəllim (qadın) olmaqla 9 məktəblini qətlə yetirir, 20-si isə xəsarət alır.
İL 2026, fevral ayının 6-sı. Bakıda İdrak litseyində qətl. Yenə silahlı hücumu törədən həmin litseyin müdavimi…
Və nəhayət demək istərdim, nəhayəti olsa, sonunda bitsə…
İl 2026, aprelin 14-ü və 15-i Şanlıurfamızda və Kahramanmaraşımızda baş verən qətl-terror hadisəsi. Yenə 9 ölü və sinəsini şagirdlərinə sipər edən müəllim (qadın).
Ölkədə psixoloq artdıqca, travmalılar da artıb. Tələbmi təklifdən doğub, təklifmi tələbi artırıb?! Uşaqları qorxutmaq olmaz! Uşaqlardan qorxmaq necə? Yaşadığım Rusiyada 3-4 uşağın toplaşdığı yerdən keçəndə qorxuram. Uşaq artıq məktəbdən qorxur, məktəb yoldaşından qorxur… Papağınızı qabağınıza qoyun düşünün.
İnsanlığın başında gələn “i”nin nöqtəsi (papağı) çoxdan ayaqlara düşüb. İnsanlıq süqut edən yerdə 2021-dən geriyə və bu günə, eləcə də bu gündən sonrasına oxşar motivli hadisələr yenə yaşanacaq, onu yaşayanlarsa yaşamayacaq…
Türkiyədə Mehmet Tuncay adlı bir məktəb direktorunun müavini Şanlıurfada və Kahramanmaraşda yaşanan acı olaylardan sonra məktəbdəki güvənliyə (güvənsizliyə) və yaşanan itkilərə ürək ağrısıyla diqqət çəkərək özünə və ətrafdakılara sitəmlə “KƏNDİMİ İHBAR EDİYORUM”-deyib..
Cəsarəti olan çıxıb eyni fikri təkrarlasın. Belə bir cəmiyyətin bir parçası olub, baş verənlərə laqeyd qaldığım üçün mən də özümü şikayət edirəm! Siz necə?! Birbaşa buna cavabdeh olanlar bunun cavabını versin!
Təəssüfün ölənləri geri qaytarmadığını bilirik. Təəssüf ki…(
Tünzalə Vəliqızı, Moskva
16.04.2026
