Qəbahətin bəraəti


Məhsətiyə səthi yanaşmayaq!!!

Uzaqdan başlayıb mətləbə yaxınlaşmaq demək istədiyinə söykənmək üçündür. Bəzən, yox elə hər zaman həqiqət özünü təsdiqləmək üçün dəlilə möhtacdır. Biz isə dəliyə-deşiyə pambıq tıxamaqla onun işığını qapatmaqla  məşğuluq. Dəlimiz çox, dəlilimiz yox kimi…

Birdən günün günorta çağı “azad sözün işığına pambıq tıxayanlardan biri”nin nəyinin nəsi o tıxacdan  çıxaraq  “qəhrəmanıq göstərmək” eşqinə düşür. Bu eşqi də  kimin üzərindən edim deyə çox da baş yormur. Eşqin kitabını dördlüklərlə hasarlamış, xalqın baş tacı etdiyi, sınanmış, amma sınmamış, əsrlərin qanadında əsərləri ilə bu günə yetişmiş…lər var.  Onlara əl də uzatmaq olar, dil də… baxır hansı dillə?

Mənə qalmayıb deyib keçmək də var. Amma qəbahətin bəraəti bir qadın olaraq mənə toxundu. Məhsəti kimi məmduh olanlara söz demək məsuliyyətini gözardı edənlərin özünü-sözünü qulaqardı etmək varkən həm də.

Bir mətləbə çatmaq üçün çox uzağa getməyi məcburiyyət edən dəliləri dərləməkdir. Ki toplayıb üzə çıxaranlar sağ olsunlar. Sağ olsunlar ki, bir az irəlidə yenə dil-əl uzadan peyda olanda, qarşısına əliboş çıxmayasan.  İndi uzağa gedib Gəncəvi təxəllüsünü haqq edənlərdən – Məhsəti xanımın kimliyini bir də universitetdə  müəllimim olmuş, Məhsəti, Nizami irsinin ən böyük tədqiqatçılarından biri, əvəzsiz alim mərhum  Xəlil Yusiflinin gözü, sözü ilə möhürləmək şərtdir.

Adından tutmuş, adına çıxan-çıxamayan  rübailərin ona məxsus olub olmadığını araşdıran Xəlil Yusifli Məhsətinin yazdığı rübailərin  məzmununa qiymət verərəkən onun yaşadığı dövrə baxmadan dəyərləndiriliməsinin yanlışlıqlara yol aça biləcəyini də uzaqgörənliklə qeyd etmişdi.

“Müasir oxcunu Məshəti rubaisinin lirik qəhrəmanı təmin etməyə də bilər… Lakin məsələyə tarixi baxımdan yanaşmaq, bu qəhrəmanın nə zaman yaşadığını nəzərə almaq lazımdır,”.

“Məhsəti dövrünün humanist poeziyası ilə yaxından bağlı  olmuş, dini ideolgiyanın hakim olduğu bir şəraitdə  dünyəvi hissləri tərənnüm edən əsərlər yaratmışdır”- yazırdı tədqiqatçı alim.

Məhsətiyə rubailərinin qəhrəmanı və ya xalqın bütün təbəqələrindən olanları şeirinə obraz etdiyinə əsaslanaraq  qiymət vermək absurddur!

“Müasirlərinin müqəddəs hesab etdikləri, sayğı ilə “şeyx”, “mövlana”, “həkim” adlandıdıqları, tarixdə ədalətli münsiflər kimi qalan zirvə şəxsiyyətlərin “pak”, “üstün mənəviyyat və zəka sahibi”, “zahiri və batini gözəlliklərin məcmusu” saydıqları Məhsəti Gəncəviyə mahiyyəti bulaşıqların çirkab atması 9 əsrdən bəri axıb gələn saflıq çayına neylər?!

Əlbəttə ki, o möhtəşəm çayı əsla bulaya bilməz, yalnız ürək bulandırar”.

  Bunu isə  “Pak Məhsəti Gəncəvi” yazısıyla akademik Rəfail Hüseynov-deyir.

Məncə də…

Dünənə bu gündən qiymət verən(lər)in düşüncəsi də günümüzə oxşayır. Həm qəbahəti, həm bəraəti ilə. Müqəddəs bayrağa “mənim üçün parçadan başqa bir şey deyildir” deyənə çəpik çalanların olduqca, milli-mənəvi-əxlaqi dəyərlərin təpiklənəcək. Başqa nə gözləyirsən ki?!

Tünzalə Vəliqızı, Moskva
09.12.2025-ci il