“AZƏRBAYCAN”IN SƏMƏD VURĞUNU


120 illik yubileyi anısına

Bu gün xalq şairi Səməd Vurğunun doğum günüdür.İşıqlar içində yatsın!
Uşaqlığımda ən çox sevdiyim şair olub, Şəmistan Nəzirlinin “ Vurğun keçib bu yerlərdən”, “Vurğun ömrü” kitablarını çox böyük uşaq həyəcanıyla oxumuşdum, kövrəlmişdim. Azərbaycan şairləri arasında öz dövründə gerçəkdən də S.Vurğun qədər sevilən ikinci birisi olmayıbdır, sadə kəndlisindən tutmuş ziyalısınadək hamı tərəfindən ən səmimi duyğularla təqdir edilmiş, övülmüşdür.

S.Vurğun Azərbaycan Sovet ədəbiyyatını tərənnüm etsə də, poeziyasıyla, şeirləriylə ana dilimizi şirinləşdirən gözəl bir hava yaratmış, milli ovqatımıza bir rənglilik qatmışdır. Onun lirik şeirləri, aşıq ədəbiyyatının ən təbii dərin qatlarından gələn şeirləri xalq arasında dillər əzbəri olmuşdur. “Azərbaycan” şeirində öz xalqının adət-ənənələrindən tutmuş, çəkdiyi müsibətləri sadə təkrarolunmaz bir poetik dillə ifadə etməsi əşarının gücünün əyani sübutudur. Şair xalqın danışdığı dili elə bir axıcı şəkildə ifadə edir ki, bunu sadə kəndlidən tutmuş, ədəbi bilgisi güclü olan alimdə böyük bir zövqlə oxuyaraq həzz alır bundan. Hətta Sovet ideologiyasının alovlu təbliğatının ifadəsi olan “ 26-lar” poemasında S.Vurğun bütün çirkin boyalarla təhqir etməsinə baxmayaraq M.Ə.Rəsulzadə onu “ Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində milli şair olaraq dəyərləndirmişdir. Əlbəttə bu Rəsulzadənin böyüklüyünün göstəricisidir, şəxsi hisslərindən sıyrılaraq milli ədəbiyyata bir bütün kimi baxmağı bacarmağın gözəl bir nümunəsidir.

Tarixi bir həqiqəti də inkar etmək olmaz ki İstibdad çox zaman öz dövrünün şairlərini, alimlərini ən acımasız üsullarla sındıraraq məhv edib. H.Cavid kimi öz dövrünə sığmayan dahilər istibdadın, zülmün çilələrini bir (kader) qədər kimi qəbul edərək şair taleyini yaşayıblar. Cəmi 40 il yaşamış məşhur rus şairi Aleksandr Blok deyirdi ki, şairin karyerası olmur, taleyi olur. Bu baxımdan S.Vurğun, S. Rüstəm, Rəsul Rza və b. karyeraları olan şairlər siyahısındadırlar və indiki toplum onları H.Cavid, Ə.Cavad kimi ağır talelər yaşayan şairlərlə müqayisə etmək istəmir.

Ədəbiyyat ideolojiləşdirildikdə mədhiyyəçilik həmişə ön planda olur. Təbii S.Vurğun da yaşadığı quruluşu kifayət qədər mədh etmiş, partiya quruculuğuna dair əsərlər yaratmışdır. Bəlkə də buna qəlbən inanırdı, nə qədər ziddiyətli məqamlar olsa da. Amma milli ovqatda, lirik üslubda yazdığı digər şeirləri Azərbaycan ədəbiyyatında hər zaman qalıcıdır.

S.Vurğunun faciəsi özünün “Vaqif” dramında qeyd etdiyi kimi Hökmdarın hüzurunda olmasıydı.

Kaş ki hökmdar şair hüzurunda olsaydı Atabəy Qızıl Arslanın şair Nizami Gəncəvini qarşılaması kimi.
“Şairin Qızıl Arslanla görüşmələrindən:
Girib dərgaha qasib ərzə gəldi.
Dedi: “Şahım, nəhr dəryaya gəldi”.

N i z a m i (M.Ə.Rəsulzadə “ Azərbaycan şairi Nizami” əsərindən).”

KƏDƏRLİ BİR HAŞİYƏ: Azərbaycan-sovet filosofu  ” XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında” fundamental əsərin müəllifi Heydər Hüseynov 1950-ci ildə ona qarşı olan basqılara dözməyərək Mərdəkanda bağ evində venasını kəsərək intihar edir. Bu faciəli ölümdən sonra kimsə Heydər Hüseynovun ailəsinə nəinki salam vermir hətta onların yaşadığı səmtə baxmağa belə cəsarət etmirmiş. Amma kiçik yaşlarda bir oğlan uşağı müxtəlif günlərdə xəlvəti olaraq içi dolu ərzaq zənbili və içində olan pulu Heydər Hüseynovun ailəsi yaşadığı evin önünə buraxıb sehirli şəkildə qeyb olarmış. Ailə də uşaq da bunu gizli tutarmış və ailə üzvləri belə bu xeyirxah əlin kim olduğunu bilmirmiş. Yalnız Səməd Vurğun vəfat etdikdən sonra bu sirrin üstü açılbmış. Gizlində Heydər Hüseynovun ailəsinə yardım edən sən demə Səməd Vurğun imiş…

P.S. Səməd Vurğun YANDIRILAN KİTABLAR.
(İran irticaçıları Azərbaycan türkcəsində olan kitabları
vəhşicəsinə yandırırlar).

Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu…
Biz köçürük bu dünyadan, onlar qalır yadigar,
Min kamalın şöhrətidir, min ürəyin arzusu…
Yandırdığın o kitablar alovlanır… Yaxşı bax!
O alovlar şö’lə çəkib şəfəq salır zülmətə…
Şairlərin nəcib ruhu məzarından qalxaraq,
Alqış deyir eşqi böyük, bir qəhrəman millətə,
O alovlar şö’lə çəkib şəfəq salır zülmətə…
Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,
De! onları heç duydumu sənin o daş ürəyin?
Hər gəraylı pərdəsində min ananın qəlbi var…
Hər şikəstən ovladıdır bir müqəddəs diləyin,
De! onları heç duydumu sənin o daş ürəyin?
Söylə! sənmi xor baxırsan mənim şe’r dilimə?
Qoca şərqin şöhrətidir Füzuli’nin qəzəli.
Sənmi “Türk-e xər” deyirsən ulusuma, elimə?
Dahilərə süd vermişdir Azərbaycan gözəli…
Qoca şərqin şöhrətidir Füzuli’nin qəzəli.
Cəllad! Yanıb od olsa da, külə dönməz arzular,
Təbiətin ana qəlbi qul doğmamış insanı.
Hər ürəyin öz dünyası hər səadət arzular,
Qanlar ilə yazılmışdır hər azadlıq dastanı…
Təbiətin ana qəlbi qul doğmamış insanı.
Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq…
Hər torpağın öz eşqi var, hər millətin öz adı.
Kainata dəyişmərəm şöhrətimi bir anlıq,
Mənəm odlar ölkəsinin günəş donlu övladı.
Hər torpağın öz eşqi var, hər millətin öz adı.
Nədir o dar acağları, de kimlərdir asılan?
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
Dayan!.. Dayan! Oyaq gəzir hər ürəkdə bir aslan
Boğazından yapışacaq onun qadir pəncəsi,
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
Cəllad! Sənmi, de! qırırsan Fədailər nəslini?
Millətimin saf qanıdır qurd kimi içdiyin qan.
Zaman gəlir… Mən duyuram onun ayaq səsini,
Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan.
Millətimin saf qanıdır qurd kimi içdiyin qan.
Bir varaqla tarixləri, utan mənim qarşımda,
Anam Tomris kəsmədimi Keyxosrov’un başını?
Koroğlu’nun, Səttarxan’ın çələngi var başımda.
Nəsillərim qoymayacaq daş üstündə daşını,
Anam Tomris kəsmədimi Keyxosrov’un başını?
Sür atını, dördnala çap! Meydan sənindir… Ancaq;
Mən görürəm al geyinib gələn bahar fəslini…
Qoca Şərqin günəşidir yarandığım bu torpaq,
Mən yetirdim al bayraqlı inqilablar nəslini,
Mən görürəm al geyinib gələn bahar fəslini…

Məhəmməd İSRAFİLOĞLU, Almaniya
21.03.2026