Təqdimatsız…


Təqdimatsız...
Sözün əsl mənasında saglığında ölümsüzlük qazanan sənətkarlardan idi, O! Br dəfə üzünü görmək nəsib olan insan bütə toxunmuş kimi hiss edir özünü. Bizim olduğu qədər də Rusiyanın olan, Rusiyanın olan qədər də bizim olan-Sənətkar! O bu balansı pozmadı. Hər iki ölkəyə Vətən dedi. La Skala salonunu səsi ilə silkələyən və gənc yaşında ən yüksək titullara sahib olan-O!

O! Bütün yazı boyu beləcə təqdim etmədən yazsam ilk cümlədən söhbətin kimdən getdiyini təxmin etmək çətin deyil. Elə ona görə də hər zaman onun çıxışı elan edilən zaman zalı titrədən bu sənətkarın təqdimatını sona saxlayıram.

Bu gün doğum günüdür, Onun! Mən isə mahnıları, bəstələri, gözəl ifası ilə heyrətləndirən bu ifaçını bir dəfə daha öləndə tanıdım. Əslində onun ölümü də sanki səhnədən gedənin son konserti idi. Çünki Moskvanın Çaykovski adına konsert salonunda qoyulan cənazə güllər arasında itmiş və ağlayan zal onu ardı-arası kəsilməyən alqışlarla yola salır, buraxmaq istəmirdi. Sanki hamının içindən “Bir daha” nidası səslənir və onun centlmen kimi yenidən dönəcəyi və baş əyib, “daha bu sonuncu mahıdır”- deyib oxuyacağı gözlənilirdi.

Əsl sevgi, ölümündə da sağla rəftar edilmiş kimi rəftarı qazanmaq bu idi! Və bunu sadəcə O bacarardı. Həm sənətkar, həm də insan olmaq kimi keyfiyyətləri qoruyub saxlamağın dəyəri budur! Aristokrat görkəmi, təvazökar özü və daim işıqlı bir sevinc olan üzüylə O bütün qızların xəyallarınn “Ag atlı şəhzadəsi”ydi.

Yaşasaydı bu gün neçə yaşı olacaqdı deməyəcəm. Çünki o yaşamadığı illərdə belə yaşadı. Hər gün Moskvada ucaldılmış abidəsi üzərindın tər güllər əksik olmadı.

Onunla vidalaşma mərasimi keçirilən gün yazmışdım. Bizi soyuq qarşılayıb, baxışlarımız qarşılaşanda qaşlarını çatan Moskva o gün bir qürur yaşatmışdı bizə. Metroda, hər yerdə onun mahnılarının müşaiyəti ilə keçən bizlər-azərbaycanlılar o gün şəstlə gəzir, hamının içindən “Mən azərbaycanlıyam ” deyə bağırmaq keçirdi.

Kim bir də ölümü ilə belə cəsarətləndirə bilər? Bu gün də Moskva ona sadiqdir. Bu gün də metroda onun mahnıları səslənir. Dahiləri, dühaları unudan dünyada yaşasaq da, onlar arasında elələri var ki, yaddaşlara hopub və istər-istəməz unudulmurlar. Onlardan biri və deyərdim birincisidir, O!

Təqdim etməyə gərək varmı? Bu gün dunyaya bir uşaq göz açdı. Və illər ötəcək bu cümlə elə belə də yazılacaq. “Bu gün dünyaya bir uşaq göz açdı”. Səhnələri, salonları titrədən səsiylə dunyaya gəlişini bəyan edən uşaq- “mən gəldim”-deyəcək. Əbədi getməmək üçün!

70-ində də, 700-ündə də…

Diqqət! Oxuyur Müslüm Maqomayev!

Tünzalə Vəliqızı, Moskva
17.08.2012.


Bir cavab yazın