Ucundan dönülən böhran -10dan sonra
Tarix bəzi hadisələri böyük bir faciəyə daşıyar. Dünya savaşlarının hansı ehmallar və ya etimallar üzündən çıxdığının cavabını elə tarix özü verir. Amma müəyyən tarix keçəndən sonra, nə yazıq ki…
Olan olandan sonra tarixin o qədər axan göz yaşlarını qurulamasının və ya durulamasının nə faydası? Dağılan dağılır, gedən gedir, ölən öldüyü ilə qalır…
O gün də xarici güclərin verdiyi o “qazla” Rusiya- Türkiyə münasibətləri uçurumun lap kənarına gəlmişdi. Söhbət 10 il bundan əvvəl Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasından gedir. Həmin gün biz operatorumuz Müşfiq Balayevlə küçə reportajı çəkməyə çıxmışdıq. Yoldan keçən hər hansı bir rus insanına “Türkiyə deyiləndə ilk ağlınıza nə gəlir- sualı ilə müraciət edib gözəl cavablar almışdıq. Amma o reportajı yayımlaya bilmədik. Çünki elə həmin gün Rusiya hərbi hava qüvvələrinə məxsus SU-24 təyyarəsinin Türkiyə hava sərhəddini keçdiyi üçün vurulması ilə gündəm çalxalanmağa başladı. O günləri xatırlayanlar bilir. Vəziyyət çox gərgin idi. Türkiyəyə səyahət edənərə belə getməmək kimi rəsmi çağırış edilmişdi. O zamana kimi nə qədər münasbətlər mülayim görünsə də, Suriya məsələsində qarşı-qarşıya duran, hesabları örtüşməyən iki böyük imperiya varisi olan dövlət vardı. Təyyarə olayı Suriya siyasətindəki basdırılan bu həzmsizliyi oyatmışdı. Və gedişatın sonu heç xeyrə doğru getmirdi. Belə bir vaxtda Türkiyə ilə bağlı pozitiv bir reportajın yayımlanması hansı nəticəni verərdi bilmirəm.
Rusiya mətbuatında gedən yazılarda “təkcə pomidor sanksiyası” bunun cavabı deyil və “Bir pilotun öldürülməsinə qarşı 10, 100 qatı” hökmlü nidalar vardı. Və gerçəkdən təkcə meyvə-tərəvəz sanksiyası ilə bitmədiyi nöqtələri oldu bu hadisənin. Arabir barışdan söhbət açılsa da…
Əslində ilk variantda ara düzəldici rolunda münasibətləri dostluqdan ötə sayılan Azərbaycan vardı…
Amma o barışda sadəcə bir azərbaycanlının rolu olacağı təxmin edilən olsaydı, o kim olardı?
Bunlar düşüncə olarkən “Gizli diplomatiya” çoxdan işinə başlayıbmış. Bu barədə o zamanlar portalımızda yazmışdım. (https://yenises.ru/wmodetransparent-frameborder0-allowfullscreen/)
Türkiyəli iş adamı Cavid Çağlar bu barışın memarlarından biri idi. Digər Jurnalist Fuad Səfərovun da türk mətbuatında gedən yazısında təsdiqləndiyi kimi, (https://www.dikgazete.com/mobil/yazi/rus-turk-iliskilerinin-24-kasim-imtihani-8429.html) barışa gedən yolu – belə demək mümükünsə “hamarlayan” biri də Azərbaycanda birmənalı qarşılanmayan- Azərbaycanın Baş nazirinin sabiq müavini Abbas Abbasovdu. Rusiya yüksək dairələrində xüsusi şəxsi əlaqələri və dostluğu olduğu irəli sürülən Abbas Abbasovun Cavid Cağlarla da çox yaxınlığı məlumdu. Dağıstanın prezidenti Ramazan Abdulatipovla da dostdu. Bu üçlük barış üçün əlini daşın altına qoydular. Hər nə qədər bu barış layihəsində Abbas Abbasovun adı çox hallanmasa da, içtirakçısı və danışıqlardakı əlaqələndirici rolunun ona aid olduğu kəskindir.
O zamanlar və sonralar bu məsələ iə bağlı şəxsinə sual ünvanladığımda cavabı sadəcə: Bir şeylər oldu”-deyib üstündən keçirdi. Bir kəlmə ilə: -Əsas bu böhran sonu daha böyük böhranlara yol açacaq bir sonucla nəticələnmədi. Siz ona baxın,-deyə mütəvazilik edirdi.
Bilmirəm, mütəvazilikmiydi, ya da yanlış anlaşılacağı əndişəsimiydi o zamanlar üçün? Bu da cavab istəyən geniş mövzudur. Babalı o 10 ilin tarixinin boynuna olsun.
Dünən eyni soru ilə yenidən Abbas Abbasova müraciət etmək fikri keçdi ağlımdan. Bu barədə danışmaq istərmiydi? “Bu gün gərginliyi barışa çevirmək, iti ucları hamarlamaq imkanı olanlar varmı, belə dostluqlar münaqişələri bitirmək üçün yetərlimi” –sualım açıq.
Cavabı -mətbuat üçün susub birdəfəlik radarda görünməz olmağı seçən Abbas Abbasova bağlıdır.
Tünzalə Vəliqızı, Moskva,
24.11.2025
