Vaqif ASLAN- Şüuraltı və Mən
(Kəmalə Adilin “Şüuraltı və Ələddinin sehirli çırağı” kitabını vərəqləyərkən)
Bu günlərdə gənc psixoloq Kəmalə Adilin (Abbasova Kəmalə Adil qızı) “Şüuraltı və Ələddinin sehirli çırağı” adlı kitabı (Bakı, “İndigo printing hous”, 2025) çapdan çıxmışdır. Sırası ilə bu onun ikinci kitabıdır və ilk kitabı “Doğan Günəş”in (Gəncə, 2021) davamı kimi meydana gəlmişdir.
Kəmalə Adilin ilk kitabında paranoid (qısqanc və hər şeyə şübhəylə baxan), isterik (açıq-saçıq geyinən və diqqət çəkməyə meyilli olan), şizoid (qapalı), şizotipal (düşüncəsi və geyimi qeyri-adi), narsiz (özünəvurğun) insan tiplərindən, qadın-kişi, ailə-uşaq psixologiyasından danışıldığı halda, ikinci kitabında şüuraltının (təhtəlşüurun) insanların düşüncə və davranışlarına təsirindən, şüuraltında yuvalanan travmaların (zədələrin) dəqiqləşdirilməsi nəticəsində psixoloji xəstəliklərin sağaldılmasından danışılır.

Şüuraltı travmaları nağıl qəhrəmanı Ələddinin sehrli çırağının işığında görünən zədələrə bənzədən Kəmalə Adil folklor-danışıq üslubu ilə elmi-akademik üslubun sinkretizmindən məharətlə istifadə etməklə kitabının sadə oxucular və ciddi mütəxəssislər üçün daha da anlaşıqlı olmasına nail olmuşdur.
Kitabın daha bir məziyyəti də ondan ibarətdir ki, orada dini-ruhani dünyagörüşü əks etdirən müqəddəs kitablardan, antik və orta əsrlərin universallarından – Sokratdan (e.ə.?- 399), Həzrət Əlidən (599-662), İmam Qəzalidən (1056-1111), Sədi Şirazidən (1210-1292) və Karl Qustav Yunqdan (1875-1961), Pema Çödrondan (14.VII.1936, New York City), Dalay Lamadan (6.VII. 1935, Amdo ili, Tibet), Uğur Koşardan (1979/1980), Nevzat Tarhandan (7.VII.1952) yerli-yerində gətirilən sitatlar kitabın fəsillərinin və yarımfəsillərinin məzmunca açılışına xidmət edir.
Bu kitabın üçüncü və ən ümdə məziyyəti isə oxucusunun özünü özü ilə tanışlığa dəvət etməsindədir. Burada diqqətli oxucu özünü, ciddi həkim-psixoloq isə Ələddinin sehrli çırağının işığında açılması müşkül olan düyünlərin açılışı üsulunu tapmış olur.
Altşüurda yuva salan gizlinləri aşkar etməklə müalicə üsullarını elmi şəkildə izah edən bu kitabı oxuduqca mən şəxsən Nizami Gəncəvinin
Elmlər elmidir demiş peyğəmbər,
Din elmi, təbabət elmi müxtəsər.
Bax. Nizmi Gəncəvi. Leyli və Məcnun. s. 65. Bakı, “Yazıçı”, 1982)
etirafını, Yunus Əmrənin
Ondan gözəl nə vardır
Hər kəs dərk edə özün.
Özünü bilən adam
Olar hamıdan üstün.
(Bax. Yunus İmrə. Güldəstə. s.150. Bakı, “Yazıçı”, 1992)
qənaətini elmi və hissi idrakın birgəliyndə təsdiqi mümkün olan həqiqət kimi qəbul etdim. Kəmalə Adil Yunqun “Şüuraltının fərqində olmayan insan başına gələn bütün pis və yaxşı hadisələrə “alın yazısı”, “qismət”, “dəyər” (Bax.Kəmalə Adil. “Şüuraltı və Ələddinin sehirli çırağı”, s.20) sözlərini sitat gətirir. Bu mənada “alın yazısı”, “qismət”, “dəyər” istilahlarına “yazı”, “naxış”. “qədər”, “olacaq” kimi istilahları da əlavə etmək mümkündür. Özümdən asılı olmadan bir şeirimi xatırladım:
Fərq etmir, kim razı, kim narazıdır…
Necə var elədir alın yazısı.
Ən incə yazıdan incə yazıdır
Talenin, iqbalın qalın yazısı.
Yarpaq yaşıldırsa, xəzəl sarıdır.
Yaşıllıq, sarılıq yarı-yarıdır.
Nə olsun, toplayan, yığan arıdır
Çiçəklə yazılıb balın yazısı
Çaşanda günah yox, tale çaşdırır.
Təpədən qorxana dağlar aşdırır
Qapqara olsa da, göz qamaşdırır
Al yanaq üstündə xalın yazısı.
Elə bilməyin ki, mən dərdə yadam.
Varmı bu dünyada dərdsiz bir adam?
Saniyə-saniyə yazılır, atam!
Əhvalın yazısı, halın yazısı.
Uyma, Vaqif Aslan, məqama, yaşa!
Toxuma özünü qayaya, daşa!
Ayaqlara deyil. Yazılıb başa
Papağın, örpəyin, şalın yazısı.
29. 01.2003. (Bax.Vaqif Aslan. Seçilmiş əsərləri, I cild, s. 412. Bakı, “UniPrint”, 2009)
Istər-istəməz, “kişi” və “qadın” tipi insan şüurunda fiziki, bioloji, psixoloji xüsüsiyyətləri ilə obrazlaşır və mifləşir. Rus filosofu Aleksey Fyodoroviç Losev (1893-1988) mifin kökündə “yalan”, “uydurma” və “fantastika” deyil, “məntiq”, “dialektika”, “şüur” və “varlıq” anlayışlarının durduğunu göstərir, kişi və qadın mifində anadangəlmə cinsi reallıqların real mifologiyasından bəhs edir, “mif şəxsiyyət formasıdır” (Bax. Aleksey Fyodoroviç Losev. Filosofiya. Mifoloqiya. Kultura. s. 72-91) Moskva, “politizdat”, 1991) doktrinasını qətiyyətlə irəli sürür.
Məsələyə “insan canlı mifologiyadır” düşüncəsi ilə yanaşsaq, onda “insanda şüuraltı travmaların aşkar edilməsi və müalicəsi bir çox gizli psixoloji xəstəliklərlə yanaşı həm də mənəvi-əxlaqi sarsıntıların sağalmasına xidmət edəcəkdir” qənaətinə gəlmiş olarıq. Iş bununla bitirmi? Əsla və əsla!
Axı, şüuraltı travmalardan, gizli göynərti və ağrılardan bəzən hirsin və qəzəbin, bəzən də kövrəklik və həzinliyin poetikası yaranır. Onda təbabət və ədəbiyyat baş və ürək kimi bir-birini tamamlayır. Məhz bu məqamda ədəbiyyatın da müalicəvi xüsusiyyətləri üzə çıxır. Bir ədəbiyyat adamı kimi mənə elə gəlir ki, şüuraltı zədələnmələr fərdlərdə, böyük insan qruplarında, xalqlarda və millətlərdə də özünü biruzə verir. Bəşəriyyətin halallıq tərəzisi əyilməsin deyə şüuraltı zədələrin tibbi müayinəsi və müalicəsinin əhəmiyyəti böyükdür, xoşbəxt gələcək üçün zəmindir. Təbabət bu zədələıri və ya yaraları sağaltmaq üçün tibbi-psixoloji üsullardan. ədəbiyyat isə göz yaşlarından (faciələrdən, ağrılardan), gülüşlərdən (komediyalardan, lətifələrdən, atmacalardan), nəsihət və məsləhətlərdən (didaktikadan), həzin və kövrək nəğmələrdən (lirikadan), sevincdən və qürur hissindən (zəfər və qələbə marşlarından) istifadə edir. Bu məqamda şair öz üzərində təcrübə keçən təbibə bənzəyir. Fərq ondadır ki, təbib əqli-hissi, şair isə hissi-əqli idrakın gücü ilə hərəkətə gəlir. Təbib də, şair də ürəklərə və beyinlərə düşən xalların sağalmasına, qəlb və can rahatlığına səbəb olurlar.
Kəmalə Adil şüuraltının idarə edilməsindən bəhs edərkən fərdi və kollektiv şüuraltı terminlərdən istifadə edir. O, kollektiv şüuraltıdan danışarkən onu nənə-babalardan keçən şüuraltılarla (Bax. K.Adil. “Şüuraltı və Ələddinin sehirli çırağı”, s.20) əlaqələndirir. Yenə də bir şeirim yadıma düşür. O şeirdə “Allah insanları yaratmamışdan əvvəl onların ruhlarını yaratmışdır” düşüncəsi ilə yazdığım bu şeirdə ruh baxımından insanların eyni yaşda olmalarını, düyaya gəlişləri baxımından müxtəlif zamanlara təsadüf etmələrini canı canımızdan, qanı qanımızdan olan günümüzün Həvvasına “bu həqiqəti” sanki ilk Adəm olaraq beləcə etiraf etmək istəmişdim:
Sən mənə sözünü çoxdan demisən…
Mən onda anadan olmamış idim.
Mən atam belindən anam bətninə
Axıb damcı-damcı dolmamış idim.
Sən mənə sözünü çoxdan demisən…
Onda sən özün də doğulmamışdın.
Cənnətdə Şeytanın sözünə uyub
Mənimlə birlikdə qovulmamışdın.
Tanrı dəftərində var idik amma…
Bir gün Yer üzünə biz düşəsiydik.
Burda nə sirr vardır, nə də müəmma
Vaxtımız çatanda görüşəsiydik.
Sən mənə sözünü çoxdan demisən…
Biz həmən o sözdən doğulanlarıq.
Doğulub, beləcə var olanlarıq.
Var olub, yarına yar olanlarıq.
Yarıyıb, yarıdan yarılanlarıq.
Harda ki, çıxırıq qabaq-qabağa
Bir olub, qol-boyun sarılanlarıq.
15.VI.2024. (Bax. Vaqif Aslan. Sənin şeirlərin. S.89-90. Bakı, “Renessans-A”, 2024)
ŞÜURALTI INSANIN “QARA QUTU”SUDUR
Qəzaya uğrayan texniki vasitələrin zədəli yerlərini müəyyənləşdirməkdə “Qara qutu”nu oxuya bilmək nə qədər zəruridirsə, insanın aldığı travmaları dəqiqləşdirməkdə şüuraltı nöqtələri “Ələddinin sehirli çırağının işığında” aşkar etmək bir o qədər qaçılmazdır. “Şüuraltı şüurdan daha güclüdür. Şüur sərhədli, şüuraltı sərhədsizdir. Bəzi təcrübələrdə ananın şüuraltısının irsi olaraq uşağa keçməsi sübut edilmişdir” deyən Kəmalə Adil yazır: “Əgər Ananız sizə istəməyərək hamilə qalmışsa və ya bir avtomobil qəzası keçirib qorxmuşsa, o duyğular sizə keçir, 0-6 yaşarası davam edir, kök atıb ((Bax.Kəmalə Adil. “Şüuraltı və Ələddinin sehirli çırağı”, s.26) kodlaşır.
Şəxsən mənə belə gəlir ki, şüuraltı insanın “Qara qutu”sudur. Bəzən anayla qız, atayla oğul, qardaşla bacı arasındakı anlaşılmaz soyuqluq “Qara qutu”dakı “yazı” ilə bağlıdır. Onu oxumaq mümkün olduqda nəinki fərdin, hətta, insanın keçdiyi yol, aldığı travmalar aydınlaşmış olar, sövq-təbii hiss edilib bilinər. “Süleyman peyğəmbər həqiqəti müdrikcəsinə aşkar edir” adlı hədisdə bir otaqda yaşayan iki qadından birinin iki gün əvvəl, digərinin isə iki sonra uşağı olmasından danışılır. Qadınlardan biri yuxulu ikən uşağının üstünə çevrilir, uşaq anasının altında qalıb ölür. Bu qadın o biri qadının yuxuda olmasından istifadə edərək özünün ölmüş uşağını onun uşağı ilə dəyişir. Yuxulu qadın oyandıqda sövq-təbii uşağının dəyişdirildiyini hiss edir. Mübahisə düşür. Onlar Süleyman peyğəmbərə müraciət edirlər. Süleyman peyğəmbər qadınların inadkarlığının qarşısını almaq üçün sağ qalmış uşağı iki yerə bölüb qadınlara verməyi əmr edir. Onda qadınlardan biri uşağı bölmədən o biri qadına verməyi xahiş edir. Beləliklə, uşağın əsl anası (Bax. La Bible. Paris. Sociėtė biblique française, 1997, pp.396-397. Solomon rend la justice avec sagesse, 16-28; Bibliya. Rusca. Qlava 3, 16-28, s.362) məlum olur.
Alman filosofu və psixiatristi Karl Teodor Jaspers (1883-1969) deyəndə ki, “… Mən nəyəmsə, onu dərk etmirəm”, “insan nədir” sualının həmişə fəlsəfədə, ədəbiyyatda və təbabətdə qaldırılmasını nəzərdə tuturdu. Jaspersə görə, “insanla zaman dialektik vəhdətdədir. Bu vəhdət nisbidir, çünki həyat onun (Bax.K.Jaspers. Simvol i naznaçenie istorii. Moskva, 1991, s.388) hədlərini pozur. Filosof Fərman Qəhrəman oğlu İsmayılovun (1936-2018) əsərlərinin IV cildində (Bakı, “Oğuz eli”, 2011) klassik psixoanalizin əsasları” bölməsində “İnsan “Mən”inin fenemologiyası” bəhsi xüsusi yer tutur. Orada-“Mən və zaman” fəslində F.Q.İsmayılov yazır: “İnsan iztirablarının kökündə “anlama” və “özünüdərk”problemi (Bax.F,İsmayılov. Göstərilən əsəri, s. 415) durur. Elə həmin bəhsin “Mən və zaman” hissəsində mənim bir şeirimin “Həyat” adı ilə bütöv şəkildə verilməsi (Bax. F,İsmayılov. Göstərilən əsəri, s. 524-525) mənim özümü də təəccübləndirdi. Şeir belə idi:
Atamın beli idi bir zamanlar sərhəddim
Anamın da boynuna düşməyə yoxdu həddim.
Məqam yetişdi axır.
Və sair və ilaxır…
Anamın bətni kəsdi qabağımı sədd kimi.
Qadağan işarəsi qoyulmuş sərhədd kimi.
Durub yarımbükülü, məqam gözlədim yenə
Süründüm, keçdim ondan ömrün genişliyinə.
Nəfəs dərdim doyunca.
İməklədim, yeridim uşaqlığım boyunca.
Gəncliyimlə üzbəüz durub dayandım bir az.
Onun da sərhəddini gördüm pozmasam, olmaz!
Onu da pozdum axır.
Və sair və ilaxır…
İndi də qabağımda qocalığım sanki dağ.
İslanmışın yağışdan nə qorxusu olacaq?
Ölüm də olsa sərhəd qabağımda, indi mən
Şığıyıb işıq kimi keçməliyəm ölümdən.
Keçməsəm, öləm gərək!
Ömrün də sərhədləri dünyanın sərhədditək
Canımıza muzudur.
Yaşamaq deyilən şey sərhəd pozuntusudur!
18.02.2004. (Bax.Vaqif Aslan. Seçilmiş əsərləri, I cild, s. 475-476. Bakı, “UniPrint”, 2009)
Filosof Fərman İsmayılov şeirin məzmunundan çıxış edərək yazırdı: “Sərhəddi pozmaq zaman və məkanın hədlərini yarmaq deməkdir. … Bu cür akt ilahi enerjinin hesabına baş verir. … Şpenqler onu “od” adlandırırdı. … zaman onun həddini pozan “Mən”lə savaşa girir. …Zamanın həddinin pozulması ilə başlanan həyat … pozulma prosesinin kəsilməsi ilə başa çatır. … Kədərlidir, lakin qəzavü-qədər (Bax. F,İsmayılov. Göstərilən əsəri, s.525) məhz belədir”.
Şair, filosof, həkim, psixoloq, ürfan düşüncəsinı ehtiva edən bu kitab Kəmalə Adilin dərin və ciddi elmi axtarışların nəticəsində yaranmışdır. “Şüuralt beş yaşlı uşaq dilidir” deyən Kəmalə Adil şüuraltını “öz və nəsli şüuraltımız” deyə iki qrupa bölür. Ikincini nənə-babalarımızdan bizə keçənlər hesab edir. Orijinal bölgüdür və elmidir. Belə düşünürəm ki, nəsli şüuraltı öz növbəsində tayfa, xalq, millət və bəşər şüuraltısına çevrilir, üçüncü qrup şüuraltı yaradır. Buna nümunə olaraq hələ də qorxusu insanın canından çıxmayan və ümümbəşəri yaddaşda kök atan Nuh Tufanını misal gətirə bilərik. Nuh Tufanından irəli gələn qlobal şüuraltı zədələr və travmalar indi də insan şüuruna təsir göstərməkdədir. Eyni zamanda bəzi yaddaşları toz bassa da, Nuh Tufanının travma və zədələri orada zəif də olsa, qalmaqdadır. Əlac bəşəri yaddaşı kütləşməyə qoymamaqda və onu saz saxlamaqdadır. Müqəddəs kitablardan ayrı düşməmək, orada göstərilən travma və zədələri müalicə etmək bütün sahələrin borcudur.
Baxın! “Quran-i Kərim”də göstərildiyi kimi Nuh Tufanı ona görə baş verdi ki, “insanlar imandan qaçmışdılar”, “haqq yoluna çağrılanda qulaqlarına barmaq tıxayırdılar”, “böyüklüyü Allaha [(Bax.“Quran-i Kərim”. Nəriman Qasımoğlunun qələmilə. Bakı, 1993, 368 s.Nuh surəsi (71), 6,7, 13, s.299)] yaraşdırmırdılar”. “İmandan qaçmaq”, “haqq yoluna çağrılanda qulaqlarına barmaq tıxamaq”, “böyüklüyü Allaha yaraşdırmamaq” kimi şüuraltı zədəni müalicə etmədən Nuh tufanından necə qaçmaq olar? Olmaz! Əsla olmaz! Bu məqamda Oğuzların: “Tanrı Taala qarğıyıbdır, biz dəxi qarğarız” (Bax. Kitabi-Dədə Qorqud” ensiklopediyası, s.39. Bakı, “Yeni nəşrlər evi”, 2000) qarğışını yadınıza salın! Yadınıza salın və bəşəriyyəti Allah qarğışına tuş gəlməkdən qoruyun, ey insanlar!
Baxın! “Bibliya”nın ruscasında (Helsinki, Finlyandiya.1991) altıncıcı fəslin 1-7-ci ayələrində yazılmışdır: “İnsanlar Yer üzündə çoxaldılar, onların çoxlu qızları oldu, “ilah oğlanlar” (“sını Bojii”) onları bəyəndilər, evləndilər, ancaq onlardan törəyənlər güclü və şöhrətli adamlar olsalar da, ürəkləri və fikirləri çirkli və bədxahlıqlarla dolu oldu”.
Baxın! Bu da “Bibliya”nın fransızcasıdır. Orada 6-cı “Allah insanları məhv etməyi qərara alır” fəslinin 1-7-ci ayələri “Bibliya”nın ruscasının 1-7-ci ayələri ilə eyni məzmundadır, lakin “ilah oğlanlar” istilahı “səma sakinləri” (“les habitants du ciel”) istilahı şəklində ifadə edilmişdir. Orada onların Yer üzündəki qızlarla izdivacından törəyən bədxah nəslə görə Allahın peşiman olması, insanları məhv etmək qərarına gəlməsi (Bax. La Bible. Société biblique française, 1997, p.6.Dieu décide d’en finir avec les hommes) göstərilir.
Baxın! “Tövrat”da “Tufana hazırliq” fəslində “insanların çoxalmasından”(1), İlahi varlıqların-Tanrı oğullarının insan qızları ilə izdivaca girməsindən”(2), “onlardan törəyənlərin nəhəng (“nifilim”) adamlar olmalarından(4), ağılları və fikirləri ilə şərə xidmət etmələrindən(5), pozğunluq və zorakılığın Yer üzünü başına götürməsindən(11), zülm və əxlaqsızlığın baş alıb getməsindən(12), Yer üzündə zülmün ərşə dayanmasından, Tanrının Noaxa (Nuha-V.A.) “bütün insanları məhv edəcəyəm, Yer üzünü də onlarla birgə yox edəcəyəm”(13) deməsindən (Bax. Tövrat. tərcümə edəni – Etimad Başkeçid. Bakı, Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2021, s.13-14, ayə 1, 2,4,5, 11, 12, 13) danışılır.
Baxın! “Bxaqavad-qita olduğu kimi”- (“Bxaqavativeda boouk troust”, Bakı, 1991, 896 s.) adlı kitabda Allah-Ali Şəxs Krişna deyir: “Möminləri xilas, cinayətkarları məhv, dini prinsipləri bərpa etmək üçün mən hər minillikdən-minilliyə (Bax. Həmin kitab. dördüncü fəsil, mətn 8, s.206,) zühur edirəm. Bu sözlər tarixin hansı bir dönəmindəsə möminlər qorunmaqla qudurmuş insanların Tanrı qəzəbinə gəlib məhv edilməsindən – hansısa bir “Nuh tufanı”ndan xəbər verir. O zamanlardan insanların şüuraltında yuva salan travmaların nəsildən-nəslə ötürülərək gəlib bizlərə çatması şəksizdir. “Hisslər atlara, ağıl cilova, dərrakə sürücüyə, can isə … bədən arabasında sərnişinə bənzəyir. Can bədən və hisslərə bağlı olduğundan gah həzz alır, gah da iztirab çəkir. Ağıl narahat, coşqun, inadkar və güclü olduğundan … onu idarə etmək … küləyi idarə etməkdən çətindir. O … bəzən dərrakəyə də (Bax. yenə həmin kitab. Altıncı fəsil, mətn 34, s.303-304) üstün gəlir” sözlərindəki həqiqəti də yadda saxlamaq zəruridir.
Şüuraltı travmaları aşkar edib sağaltmaq bəşəriyyəti təkrar ola biləcək xəstəliklərdən müalicə etmək deməkdir. Lap elə indinin özündə də haqsızlıq qarşısında əlacsız qalan insanın “Səni yaradan Tanrını, görüm, yerə düşsün” şəklində etdiyi çağırış min-milyon illərin yaddaşından süzülüb gəlir.
Kəmalə Adil kitabının “zənginlik və şüuraltı” adlı fəslində “pula əl çirki” şəklində yanaşmağı, “onu haram saymağı” məqbul hesab etmir. O, “zəngin adamlara paxıllıq etməyi, onları bir ucdan əliəyri, haramxor kimi qiymətləndirməyi insanı geriyə salan amil” hesab edir. Ona görə ki, “kimə nə arzu etsən, iki qatı özünə qayıdır” düşüncəsi üzərində dayanır. “Qara gün üçün deyil, ağ günlər üçün pul yığıram deyib, mənfi düşüncələrdən təmizlənməyi”, əslində isə mənəvi katarsisi əsas götürən Kəmalə Adil (Bax. Yenə orada, s.28-34) klassik pul düşüncəsini yeniləmiş olur. Bu da daha bir şüuraltı travmanın aşkar edilib, müalicəsinə çağırış deməkdir. Bu məqamda yenə də təbabətin və poeziyanın müalicəvi funksiyası ortaya çıxır:
Ondan ayrı dolan, ay kişi olan!
Evini başına yıxar paxıllıq.
Adını, sanını eyləyər talan…
Papağını yerə soxar paxıllıq.
Ağlı, düşüncəni salmasa xəstə
Rahat ola bilməz, dayanar qəsdə.
Bayquştək oturub viranə üstə,
İrişə-irişə baxar paxıllıq.
Dağı da, daşı da oyar içindən.
Milləti qurd kimi yeyər içindən.
Yıxıb böyrü üsə qoyar içindən.
Xalqın axırına çıxar paxıllıq.
17.II.1975. (Bax.Vaqif Aslan. Seçilmiş əsərləri, I cild, s. 159. Bakı, “UniPrint”, 2009)
“Neqativ danışıqlardan”, “sizə dəstək olmayan insanlardan”, “qəbul edə bilmədiyiniz fikirlərdən” qaçmağı vacib sayan psixoloq Kəmalə Adil “gözəl sözləri və duaları”, “özünə dəyər verməyi”, “suya təmizlik simvolu kimi baxmağı”, “şikayəti tərkitməyi” məsləhət bilir. Şüuraltı zədələrin müalicəsində “gözəlləşdirməni” – “özünüzü xoşbəxt”, “bütün arzularınızın həyata keçdiyi kimi təsəvvür etməyinizi”, “yuxuya gedərkən və yuxudan oyanarkən şükranlığınızı” (Bax.Kəmalə Adil.yenə də orada, s.45-47; 55-56) əsas müalicə vasitələrindən biri hesab edir. Bəli, müalicənin də poetizmi və poetik üsulları vardır:
Bir xoş söz demişəm neçə gün qabaq…
Bir qəlbdən qəm-kədər köç eləyibdir.
Özgəyə verdiyim təsəlliyə bax!
Mənim də dərdimi heç eləyibdir.
Bir xoş söz demişəm neçə gün qabaq…
Bir ömrə, bir günə şəkər qatmışam.
Özünü dərk edən bir uşaq sayaq
Bir boy ucalmışam, bir boy artmışam.
Bir xoş söz demişəm neçə gün qabaq…
Bir qəlbi şübhəyə yad eyləmişəm.
Nə gözəl şey imiş könül oxşamaq!
İnsan sevindirib, şad eyləmişəm!
13.X. 1973. (Bax.Vaqif Aslan. Seçilmiş əsərləri, I cild, s. 230. Bakı, “UniPrint”, 2009)
DƏRD LƏKƏLƏRİ
Danışıq tərzinin və seçilən sözlərin pozitivliyi müxtəlif məqamlarda müxtəlif olur. Etiraf edək ki, nə qədər rəsmi və nəzakətli görünsə də, “siz” deyə edilən müraciət “sən” deyə edilən müraciət qədər səmimi deyildir. Kəmalə Adilin sözügedən kitabının “Şüuraltı və xəstəliklər” bölməsində daha dərin mətləblər ön plana keçir. Burada həkim – psixoloqun uğurla həyata keçirdiyi müalicələrdə “Hamer odağı”nın (“Hamer mərkəzi”nin) müəyyən edilməsi”-“şok hadisənin beynin çox yerində deyil, kiçik hissəsində saldığı yuvanın yerinin dəqiqləşdirilməsi” sayəsində prostat xərçənginin, qaraciyər xəstəliklərinin sağaldılması faktları da xüsusi yer tutur. Mənim üçün şaşırdıcı olan o oldu ki, alman dr.prof. Ryke Geerd Hamer (1935-2017) 1981-ci ildə oğlunun faciəli ölümündən sonra prostat xərçənginə tutulub öz üzərində təcrübə aparmış, xəstəliyini bu üsulla sağaltmış, özündən əlavə 30 nəfər qaraciyər xəstəsinin rentgenlə beyninin şəklini çəkmiş, onların otuzunun də beynlərinin bəlli yerində qara, kiçik nöqtələr (Bax.Kəmalə Adil. Yenə də orada, s.78) görmüşdür. Doktor Hamer təcrübəsini davam etdirmiş, üzərində təcrübə apardığı pasiyentlərdən, “işini övladı qədər sevən” bir nəfər də bu sıraya daxil olmaqla, 10 nəfərinin də eyni travma ilə – övlad itirmə ilə xəstələndiyini və onların da beynində “dərd ləkələri”nin olduğunu aşkar etmişdir. “Yeni Alman Tibbi” – “German New Medicine” adlı sistemin banisi olaraq tanınan dr.prof. Ryke Geerd Hamerin sistemini, təəssüflər olsun ki, İsveçrə Kanser Birliyi təhlükəli (Bax. https://en-wikipedia-org.translate.goog/wiki/ Ryke_Geerd_Hamer) hesab etmişdir. Bütün bunlara baxmayaraq, Kəmalə Adil qeyri-adi bir cəsarətlə onun sistemindən istifadə edərək “bir çox psixoloji narahatlıqları, hətta, 61 yaşlı bir xanımın onurğa sütunundakı yırtığı 4 aylıq terapiya ərəfəsində heç bir dərmandan və fizio-terapiyadan istifadə etmədən” (Bax.Kəmalə Adil.yenə də orada, s.77-79) sağaltmağa nail olmuşdur.
Bir zamanlar düşünürdüm ki, daş olmaq, torpaq olmaq ağrısız, xəstəliksiz olmaqdır. Əlbəttə ki, mən bunları ədəbi-fəlsəfi düşünürdüm. Zaman keçdikcə daşda da, torpaqda da, saralmış yarpaqda da “dərd ləkələri” görməyə başladım. Onda mənim “Daş” şeirim əmələ gəldi:
Yuxuda daş gördüm…
Kiminsə əlindəydi.
Atdı, kiməsə dəydi.
Qana bulaşdı daş…
Daşdan səda qopdu,
nida qopdu:
– Kaş dilim olaydı, kaş!
Yuxuda daş gördüm…
Sürüyüb saldılar yola.
Birisi gəlirdi, qaçırdı az qala.
Çatıb ilişdi daşa.
Az qaldı ki, qapaşa.
Söydü, tüpürdü, dedi:
– Lənətə gələsən daş!
Daşdan səda qopdu,
nida qopdu:
– Kaş dilim olaydı, kaş!
Yuxuda daş gördüm…
Tərəzinin gözündəydi.
Bu nəydi?
Hər gələn çəpəki baxırdı daşa.
Satıcı coşa-coşa
Deyirdi : “Bu daş haqqı”!
Daşdan səda qopdu,
nida qopdu:
– Boynuma yıxırlar
haqqı, nahaqqı.
Yuxuda daş gördüm…
Daşın da gözündə
yaş gördüm…
16.III. 1978. (Bax.Vaqif Aslan. Seçilmiş əsərləri, I cild, s. 31-32.Bakı, “UniPrint”, 2009)
Kəmalə Adili oxuduqca, sanki, özümü oxumuş kimi oluram. Atam Cumay kişi dünyasını dəyişəndə 30 may 1989-cu il idi. Aradan 4-5 ay keçsə də, bir zamanlar xəstəliyi ucbatından çəkdiyi ağrıları uşaqlar bilməsinlər deyə kömürçü atamın zarafatcıl söhbətlər etdiyini, yaradıcılığını çox sevdiyi Molla Cumadan misallar gətirdiyini xatırlayıb dururdum. Axıra yaxın evdə kənar adam olmayanda atamın üzünü mənə tutaraq:-Bərk durun, möhkəm olun, özünüzü itirməyin!-sözləri yadıma düşürdü. Gecələr yuxum qaçır, atamın dəfn mərasimini gözlərim qarşısına gətirir, sanki, bacılarımın-Sünbülün və Xumarın hönkürtüsünü eşıdir, qardaşlarımın-Rahimin, Kamalın, xüsusi ilə, balaca qardaşım Abbasın cənazədən necə yapışdığını təsəvvürümə gətirirdim. Etiraf edirəm ki, bu şeir keçirdiyim o hisslərin təsiri ilə yaranmışdı:
Tutub cənazəni saxlama, burax!
Bu nə düşüncədir, ağıldır, cocuq?
Kim sənin başını sığallayacaq?
Daha belə şeylər nağıldır, cocuq!
Bərk durun demişdi atamın özü.
Eşıitməz oldunmu deyilən sözü?
Yaxın var, uzaq var, sındırma bizi!
Səbrim boğazıma yığıldı, cocuq!
Onsuz da ağırdır talenin daşı.
Bəsdir göynətdiyin bacı-qardaşı.
Leysan yağışımı səndə göz yaşı?
Gözünə qızıl qan sağıldı, cocuq!
Gəlişi olanın gedişi haqdır.
Dünyanı kim tutub saxlayacaqdır?
Bu belə dövrandır, bu belə vaxtdır..
Bizim tifaqımız dağıldı, cocuq!
1.XII.1989. (Bax.Vaqif Aslan. Seçilmiş əsərləri, I cild, s.34)
Bu şeir sinirli və hüznlü məzmun daşısa da, sonralardan o məşum məqamları xatırladıqca ağrılarımızı ovutmaq üçün onu oxumağımı istəyirdilər. Mən oxuyurdum. Hamımız kövrələrdik və hamımız təsəlli tapardıq, çox şeyləri yada salır, xoş xatirələrlə ovunurduq.
İndi bu qənaətdəyəm ki, psixoloji müalicə “dərd ləkələri”ni sağaldır, ədəbiyyat ağrılara sığal çəkir. Əslində təbabət də öz işini görür, ədəbiyyat da. Mənə elə gəlir ki, “sağ beyin sol beyinlə birlikdə işləyir” formulasından çıxış etməli olsaq, təbabətdə və ədəbiyyatda sağ və sol beynin üzərinə qarşılıqlı şəkildə bərabər yük düşür qənaətinə gələrik. Yekunda il ərzində gecələrin uzunluq baxımından gündüzlərə bərabər olması ilə götürdüyü yük baxımından sağ və sol beynin götürdüyü yüklərin son nəticədə bərabərliyini qəbul etməliyik-(V.A.). Kəmalə Adilin sözləri ilə desək, “hər şey zehndə başlayıb, orada da bitir”.
“Dərd ləkələri” məsələsinə gəldikdə isə bunun şüuraltı yaddaşda da qaldığını qəbul etməliyik. Mən gəncliyimdə arxeoloqlarla dostluq edir, arxeoloji qazıntılar zamanı açılmış torpaq qəbirlərdə üzü səmaya “uyumaqda” olan rəhmətlikləri görür və düşünürdüm.
1980-ci illərdə kəşfiyyat xaraterli arxeoloji qazıntılar aparmaq üçün yay mövsümündə bizim Şəkimizin Kiş kəndində elmi ezamiyyətdə olan dr.prof.Rəşid Göyüşov, fədakar dos.Aliyə Qaraəhmədova, yerli arxeoloji qrupun rəhbəri Nəsib Muxtarov ilə ünsiyyətdə olurdum. Bir dəfə kəndimizin Doxun deyilən yerində qəbir sahibinin boynundakı tunc boyunbağı, qollarındakı biləzik-aksesuarlar, barmağındakı üzük diqqətimi cəlb etdi. Onda özüm, ətrafım və çox sevdiyim insanlar haqqında düşünməyə başladım. Bu düşüncələr məni uzun müddət tərk etmədi və şeirə çevrildi:
Açılmış bir qəbrə tamaşa etdim,
Baş düşüb, qaş düşüb, əl-ayaq düşüb.
Özüm də bilmədən xəyala getdim,
Bu da bir qismətdir – bu sayaq düşüb.
Hesab elədim ki, o sənsən elə,
Ömür təsbehinin sapı qırılmış.
Mərhumun axirət evində belə
Üzünə açılan qapı qırılmış.
Özü buğum-buğum sökülüb qalıb.
Muncuğu boynundan tökülüb qalıb.
Varı da, yoxu da qəbir içində,
Uyuyur beləcə səbir içində.
Kuzəsi, səhəngi por tutub bunun,
Yır-yığış edəsi əl hanı onda?
Üstünü-başını tor tutub bunun,
Torpağa qarışıb geydiyi don da.
Bəzəyi, sürməsi, vəsməsi hanı?
Bəbəklər əriyib, gözlər axıbdır.
Hanı titrəməsi, əsməsi hanı?
Ağzından dil düşüb, sözlər axıbdır.
Düşüb yerdə qalan tənələr onun,
Bu da qolbağları, üzüyü – bu da.
Cəhəngdən ayrılan çənələr onun,
Şükür birliyinə yenə, ey Xuda!
Nəyinə gərəkdir bunun bu daş-qaş,
Qaşı alınıbsa, daşı qalıbsa?
Quru bir qəfəsdir, nə qəlb var, nə baş…
Bir sini, bir saxsı, kaşı qalıbsa,
Tanrı verdiyini ondan alıbsa,
Qaşı da, daşı da qəpiyə dəyməz.
Var-dövlət alqışa, çəpiyə dəyməz.
Bu sümük barmaqlar, bu sümük əllər
Sevdalı dodaqda isinməyibsə,
Bu toz topasıtək boz rəngli tellər
İlahi sığaldan diksinməyibsə,
Bu göz oyuğundan baxan gözlərin
İşığı zamanı deşməyibdisə,
O gündən bu günə düşməyibdisə,
Birinci görüşdən əsən dizlərin
Əsməsi yaddaşa köçməyibdisə,
Varaqdan-varağa keçməyibdisə,
Elə həmən andan ölüm başlanıb.
Ruhu uçanların başı daşlanıb.
Bu qəfəs sinədə döyünən ürək
Bir dəli eşq ilə qabarmayıbsa,
Onu sevən qəlbi səngiməyərək
Alıb qabağına aparmayıbsa,
Haçansa, haçansa düşübsə əldən…
Macal tapmayıbdır, demək, əcəldən.
Açılmış bir qəbrə tamaşa etdim…
Gəlib gözlərimin durdun önündə.
Özüm də bilmədən xəyala getdim.
Bu gözəl haçansa sənin günündə
Olub da, ölüb.
Bəlkə, o, hamıdan xətirli imiş,
Bəlkə, o, güllərdən ətirli imiş,
Solub da,ölüb.
Könlümə, gözümə köçürüb səni,
Ruhuma, özümə köçürüb səni,
And olsun, ölməyə qoymayacağam,
Heç bir əfsanəyə uymayacağam.
Səni sevəcəyəm, doymayacağam.
Gör səni kim sevir?
Mən sevirəm,mən!
Həmişə dünyaya boylanacaqsan
Mənim sözlərimdən, sətirlərimdən.
14-18.12.2006. (Bax.Vaqif Aslan. Seçilmiş əsərləri, I cild, s.600-602)
O zaman o mənzərə qarşısında keçirdiyim duyğu və hisslər yadıma düşəndə indi də həzinləşirəm. Onda fikirləşirdim ki, boynu-boğazı, əli-qolu aksesuarlı skelet-qadın, skelet qız və ya gəlin, bəlkə, hamıdan gözəl imiş, hamıdan cox sevilibmiş, nazına naz, ədasına əda çatmayıbmış, dil açıb danışanda bülbüllər də susubmuş. Torpaq qəbirdə də qadın enerjisi insana işıq təsiri bağışlayarmış, bəzəkləri və aksesuarları ilə mürgülü kişi təsəvvürlərini oyadırmış!
Kəmalə Adilin “kişi enerj isi yüksək olan” – “özünü kişi kimi aparmağa meyilli” qadınlar haqqında danışması və bunu “ana bətnində olarkən valideynlərinin bəbəyinin oğlan olması istəyi” ilə əlaqələndirməsi fikri maraqlı və heyranedicidir. Uşaq xəstəliklərinin müalicəsində “döl tutma, hamiləliyin ilk xəbərinin alınması, uşağın doğulması” anlarında keçirilən həyəcanların da nəzərə alınmasının vacibliyi (Bax.Kəmalə Adil. Yenə də orada, s.85, 90-91) sözügedən kitabın elmi sanbalından xəbər verir.
Şüuraltı travmaların dəqiqləşdirilməsi sayəsində böyüklərdə 28, uşaqlarda 26 xəstəliyin sağaldıla bilməsi (Bax.Kəmalə Adil. Yenə də orada, s.88-89, 92-93) faktları da maraqlıdır. “Uşaqlarla davranış qaydaları”, “Uşaq və sevgi”, “Uşaq və qidalar”, “Qidalar və şüuraltı”, “Travmalar” adlı bölmələrdə tibbi-psixoloji baxımdan çox əhəmiyyətli mülahizələr və məsləhətlər önəmli yer tutur. Yeri gəldikcə müdrik kəlamlardan istifadə elmi fikir və nəticələrin məzmunca açılışına xidmət edir. “Bir uşağın atasını sevməsi atasının anasını sevməsindən başlayır”(s.96), “Yaşadığımız ağır travmalar ruhumuza atılan güllə kimidir” (s.118), “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar” (s.121. Ra’d (“Göy gurultusu”) surəsi, 28), “Sevgi və şəfqət ehtiyacdır, komfort deyil” (s.129. Dalay Lama), Hər şeydən əvvəl özünə qarşı nəzakətli ol” (s.130. Platon), “Yüz dəfə məzlum olmaq bir dəfə zalım olmaqdan üstündür” (s.133. Həzrət Əli) kimi deyimlər zərgər dəqiqliyi ilə seçildiyindən mətnin elmi cəhətdən anlaşıqlı olmasına xidmət edir və oxucunu yormur.
SEVGİNİN DİLLƏRİ
Kəmalə Adilin kitabındakı “Sevginin dilləri” bölməsində yer alan “Biz öz valideynlərimizin dilini öyrənərək böyüyürük və o dil bizim ana dilimiz olur” cümləsi (Bax.Kəmalə Adil. Yenə də orada, s.139) mənim xüsusi marağıma səbəb oldu. Bəli, Yer kürəsindəki hər bir xalqın öz dili olsa da, hələ eyni dildə danışmaq hələ bir-birini tam mənada anlamağa xidmət etmir. Deməli eyni dildə danışan insanlar arasında da dil müxtəliflikləri vardır. Nəinki müxtəlif dillərdə, hətta, eyni dildə danışan insanların da sevgi dil ilə dil tapması zəruri məsələdir. Burada emosiya, intonasiya, nitqin sürəti, işarələr, mimika, patetika, bədən və sevgi dilinə xas olan ləhcə, şivə və dialekt də anlaşılmaya xidmət edir. “Qarşı tərəf sevgi dilini başa düşmürsə, özümüzü yormağın mənası yoxdur” deyən müəllif “aşiqliyi eyforiya hesab edir”, “eşq macəralarının 2 ildən bir qədər çox sürə bildiyini” və ondan sonra sönüklüyə doğru getdiyini göstərir. Bu məqamda Yeniattika komediyasının banisi Menandrın (m.ö.343/2-292/1) bir müdrik kəlamı yadıma düşür: “Evlənmək istəyirsənsə, hər şeydən əvvəl evlənəcəyin qadının dilini mükəmməl öyrən. Dilli qadın həqiqi cəhənnəmdir. Pis kişi isə acı (Bax. Ot Axikara do Djano. İzreçeniya Menandra. Str.88. Perevod s siriyskoqo A. Belova i L.Vilьskera. Redaktor çl.korr.AN SSSR Piqulevskiy.416 s.) ölümdür”. Kəmalə Adil qeyd edir ki, “sevginin 5 emosional dili var” və “insanlar bu dillərdə danışıb bir-birlərini (Bax.Kəmalə Adil. Yenə də orada, s.140) başa düşürlər”:1.Təqdiredici sözlər; 2.Keyfiyyətli (bərabər) vaxt keçirmək; 3.Hədiyyə vermək və ya qəbul etmək; 4.Qulluq etmək; 5.Fiziki toxunuş.
Birinci sevgi dili kimi təqdiredici sözlərdən bəhs edən Kəmalə Adil xaımlara təzyiq xarakterli sözlərdən qaçmağı, empati göstərməklə cəsarətləndirci və xoş sözlərdən təvazökarlıqla istifadə etməyi məsləhət bilir. İnsana motivasiya verən sözlərdən istifadə, şübhəsiz ki, evin kişisini də evin qadınının gözündə ucaldır. İstər qadın, istərsə də kişi mahiyyətcə anlaşılanda müqəddəsləşir. İlk gənclik illərimdən kişini öz məhvərində saxlayan yeganə qüvvə qadındır deyə fikirləşirdim.
Həsrəti tez gələr, vüsalı çox gec…
Həsrətinə qurban, qəminə qurban.
Dünya təndir olsa, qızınarmı heç
Qadın ürəyindən qovulan insan?
Sevinc, göz yaşları çıxardı yoxa…
Dirilik gətirir qadın nəfəsi.
Arximed! Səhv edib o böyük düha
Kənardan axtarıb dayaq nöqtəsi.
14.XI. 1975. (Bax.Vaqif Aslan. Seçilmiş əsərləri, I cild, s.84)
Yaşantı, duyum, hissiyyat, artmaq, törəmək, uruklu-turuklu olmaq kişi və qadın birgəliyində mümkündür. Sahibsiz evlərin öz-özündən uçulub getməsi məni düşündürürdü və yazırdım:
Bir ev var, göyərib torpağı, daşı,
Baxana göz dağı çəkir divarlar.
Elə ki, qış gedib gəlir yazbaşı,
Ağlayıb göz yaşı tökür divarlar.
Burda nə it hürür, nə at kişnəyir,
Eyvan uçuq-uçuq, dam dəlik-dəlik.
Toy üçün burnunun ucu göynəyir,
Həsrətdir yasa da səsə üstəlik.
Bir ev var, həyəti xoruz-beçəsiz,
Möhtacdır ötəri bir təbəssümə.
Sökülüb çər-çəpər, göyərib yol-iz,
Yiyəsi şəhərdə olurmuş demə.
Evin gözəlliyi dost-tanış, qonaq,
Kişi hənirtisi, qadın səsidir.
Yiyəsi sağ ikən yiyəsiz qalmaq
Evlərin ən böyük faciəsidir.
Təx.1978. (Bax.Vaqif Aslan. Seçilmiş əsərləri, I cild, s.27)
İkinci sevgi dili kimi keyfiyyətli (bərabər) vaxt keçirməkdən danışanda isə Kəmalə Adil yaxşı vaxt keçirməyi təkcə eyni məkanda birlikdə vaxt keçirməkdə deyil, həm də hissi-emosional bərabərlikdə olmaqda görür. O, bu məqamda “qarşılıqlı simpatiya şəraitində qurulan dialoqu” kişilərin maraq dairəsinə aid olan mövzulara – siyasətə, futbola, dini və dünyəvi söhbətlərə, qadınları məşğul edən evdarlıq, alış-veriş, gözəllik və s. problemlərə yönəltməyi vacib sayır və oxucuya özünü sınamaq üçün təmrinlər də təqdim edir. Həyat yoldaşınızın sevgi dili “yaxşı vaxt keçirməkdirsə” deyən Kəmalə Adil “fərqli zaman və məkan” ayırmağın, “məşğuliyyət növünün seçilməsini həyat yoldaşınızın ixtiyarına” buraxmağın, “məsafəli vaxt keçirərkən şəkillər çəkib” göndərməyin, “ikilikdə gəzintilər” planlaşdırmağın, “vaxtın çoxunu həyat yoldaşınıza” həsr etməyin, hətta, “birlikdə ev işləri” görməyin (Bax.Kəmalə Adil. Yenə də orada, s.150-156) əhəmiyyətini xüsusi vurğulayır.
Üçüncü sevgi dili kimi “Hədiyyə vermək və ya qəbul etmək”dən söz açan Kəmalə Adil “analar uşaqlarının hədiyyə kimi həyətdən yığdığı gülləri ömür boyu xatırlayırlar” həqiqətinə istinad edərək “hədiyyələr sevginin vizual ifadəsidir” (Bax.Kəmalə Adil. Yenə də orada, s.157-158) qənaətinə gəlir. Kəmalə Adil “hədiyyənin dəyəri həyat yoldaşınızın zövqünə, nəyi sevdiyinə uyğun gəlməsində, hədiyyə veriləcək günlərin düzgün seçilməsində, hədiyyənizə məna qatmağınızda və sairdədir” deyir və “həyat yoldaşınıza kitab hədiyyə edin və birlikdə oxuyun, oxuduğunuz kitabı birlikdə müzakirə etməyi” təklif edir, məsləhət bilir. Kəmalə Adilin ürəyimcə olan bu təklifi cavan vaxtımda yazdığım bir şeirimin yadıma düşməsinə səbəb oldu. Mən bu şeirimi gəncliyimdə hədiyyə olaraq yazmışdım və elə indi də – bu ahıl çağımda yaradıcılığımla bağlı tədbirlərdə şeir oxuyarkən həyat yoldaşımın baxışlarından “o şeiri də oxu” sözlərini oxuyuram və o şeiri heç vaxt məni tərk etməyən gənclik şövqü ilə əzbər deyirəm. Bu da mənim köhnəlməyən hədiyyəm:
Sən – mənim bəxtimin açılan gülü…
Sən – mənim ömrümün yaz səhərisən.
Sən – mənim şeirimin məhəbbət dili…
Sən – mənim könlümün nəğmələrisən.
Səadət gətirdin gəlişinlə sən…
Anamın,atamın təzə gəlini.
Nənəm duz çevirdi başına hərdən…
Qorxdu gətirərlər gözə gəlini.
Elə düşünmə ki, bəxtinə düşüb
Bu iynə-dərmanın ağrı-acısı.
Səni ki qaytara biliblər mənə
Həkimlər gözümdə müqəddəsləşib…
A qardaş-bacımın gəlin bacısı.
Sən – mənim bəxtimin açılan gülü…
Sən – mənim ömrümün yaz səhərisən.
Sən – mənim şeirimin məhəbbət dili…
Sən – mənim könlümün nəğmələrisən.
27.VI. 1978. (Bax.Vaqif Aslan. Seçilmiş əsərləri, I cild, s.77)
Kəmalə Adilin təbirincə dördüncü sevgi dili həyat yoldaşına “qulluq etmək”-“xidmətində durmaq”dır, onu xidmətçiyə-köləyə çevirmək deyil, ona lazımi məqamlarda sevgiylə kömək etməkdir. Burada “həyat yoldaşına doğma olanlara hörmət”, “görəcəyi işdə ona kömək etmək”, “ezamiyyətdə olduqda gördüyü işləri ona telefonla göstərmək”, “ev işləri ağırdırsa və maddi imkanı kifayət qədərdirsə, köməkçi tutmaq” və s. kimi xidmətlər (Bax.Kəmalə Adil. Yenə də orada, s.161-162) nəzərdə tutulur.
Beşinci sevgi dilinin “fiziki toxunuş dili” olduğunu və bunun “emosional sevgidə əsas ifadə vasitəsi” kimi çıxış etdiyini göstərən Kəmalə Adil “qucağa alınan, öpülən, oynadılan uşaqların emosinal baxımdan daha sağlam olduğunu” yazır. “Toxunuşun gücü”ndən bəhs edən müəllif bunun “bədənin müəyyən bir hissəsi ilə məhdudlaşmadığını”, “evlilikdə istənilən nöqtəyə sevgi ilə toxunuşun” sevgi ilə qəbul edildiyini, “ağladığı zaman həyat yoldaşını qucaqlamağın edə biləcəyiniz ən yaxşı hərəkət” olduğunu, “həm qadınların və həm də kişilərin bu beş dildə danışa (Bax.Kəmalə Adil. Yenə də orada, s.163-165) bildiyini göstərir. Kəmalə Adil sevgi dilini müəyyənləşdirən və 10 sualdan ibarət test ilə (Bax. Kəmalə Adil. Yenə də orada, s.166-168) davam edir.
QADIN KIŞININ KIŞILIK VƏSIQƏSIDIR
Bundan sonrakı bölmə “Həyat seçdiyiniz qadındır” adlanır. Burada Kəmalə Adilin “Yaradanın kişini və qadını həm bir-birindən fərqli, həm də bir-birinə tamamlayıcı yaradıb” fikri diqqətimi cəlb etdi. Yunan didaktik eposunun banisi sayılan Hesiodun (m.ö.750-650; onun təvəllüdünü m.ö. 776-cı il hesab edənlər də vardır-V.As.) “Teoqoniya” – “Tanrıların doğuşu” (əvvəllər bunu “Allahların mənşəyi” adlandırırdılar-V.As.) əsərində eşq və məhəbbət, seks və şəhvət tanrısı Erosun da dünyəvi prosesin yaranışında meydana gəlməsi təsvir edilir. Burada “məhəbbət kosmoqonik başlanğıc və hər bir əşyanın ilkin yaranış punktu” (Bax. Yenə Trençeni-Valьdapfelь. Qomer i Qesiod, s.30-31, əlavə olaraq, qeyd 29, s.111) hesab edilir. Antik yunan rəssamlığı və heykəltəraşlığında “Erot-Eros məhəbbət allahı olaraq əlində ox və yay tutmuş oğlan uşağı” və ya “gözəl gənc” (Bax. ASE, IVcild, s.94) şəklində təsvir olunur.
Kəmalə Adil “kişi enerjisi sol beynin funksiyasını təmsil edir, insanı hərəkətə gətirir və idarə edir, qadın (eril) enerjisi isə qəbuledici rolunu oynayır və daha çox hisslərə söykənir” qənaətinə gəlməkdə haqlıdır. Qadın “Övladını 9 ay bətinində, 2 il qucağında, bir ömür boyu qəlbində daşıyır” doktrinasından çıxış etdikdə Məhəmməd Peyğəmbərin (ə.s.) “ən xeyirli övlad qız övladıdır” kəlamına isnad edən psixoloq Kəmalə Adil “ən çox qadınlarla terapiya apardığını” xüsusi qeyd edir, “qadının psixolji ehtiyacı sevilmək, dəyər görməkdir, onlar ən çox azad iradələri ilə hərəkət etmək istəyirlər” deyir.
Doğrudan da, iki əli olsa da, bütün yaxın adamlarını qucaqlaya biləcək qədər” güclü olan bu zərif varlıq daim hərarətlə sevilmək, dəyərləndirildiyini, xöşbəxt olduğunu (Bax.Kəmalə Adil. Yenə də orada, s.170-172) hiss etmək istəyir. Kitabın sonuna yaxın verilən “Qadın nə istəyir”, “Dəli və vəli”, “Qadın və göz yaşları” kimi ibrətamiz hekayətlər (Bax.Kəmalə Adil. Yenə də orada, s.173-182) elm ilə xalqın genetik yaddaş kodlarının sinkretizminə və kitabın daha dərindən başa düşülməsinə səbəb olur. Evin kişisi olmaq evin damazlıq erkəyi, evin qadını olmaq isə evin döl verəni-döləyi olmaq deyildir. Şəxsən mənə görə, qadın həm də kişinin “kişilik vəsiqəsidir”. Kişilərə müraciətlə yazdığım bir şeirdə fikrimi belə ifadə etmişdim:
Nişanın üstündə… Erkəksən… Bu-düz…
Sanma ki, kimliyin adından keçər.
Bığın, saqqalın var, gerçəksən … Bu-düz…
Amma ki, təsdiqin qadından keçər.
Qaydadır… Düz sözə çəkilməz çiyin …
İnsan Yaradanın əziz kəsidir.
Yadından çıxarma, qadın dediyin
Kişinin kişilik vəsiqəsidir.
07.01.2007. (Bax. Vaqif Aslan. Ey bu qoca dünyanın qosqocaman Kiş kəndi! (Şeirlər), s.55. Bakı, “Mütərcim”, 2022. 552s.)
Bir çox məqamlarda təbabətlə ədəbiyyat qadın haqqında eyni cür düşünür. Təbabət qadını sağlamlaşdırır, ədəbiyyat onu gözəlləşdirir. Qadın gözəlləşdikcə sevilir və sevildikcə füsünkar olur. Çünki o, pardaxlandıqca bərq vuran almaz kimidir. Kəmalə Adil kitabının sonunda esse şəklində yazdığı ”Almaz parçası” adlı epiloqda “almaz və qadın” fəlsəfəsinə toxunur. Kəmalə Adil qədirbilməz əllərdən keçib “yenə öz sahibinə qayıdan almaz” ilə qadın arasında oxşarlıq görür. “Bəli, əzizlərim, əslində biz də bir almaz parçasıyiq” deyir. “Allah səni sevir və qoruyur”, ey qadın (Bax.Kəmalə Adil. Yenə də orada, s.183-189) sözləri ilə kitabını tamamlayır. Amma insan bitmir, tükənmir və tamamlanmır. Qadının borcundan onu sonsuzca sevməklə çımaq olar. Axı, qadın sonsuzdur. Qadını nə qədər vəsf etsən də, vəsfin yarımçıq qalar, yanar ürəyin soyumaz. Çünki qadın vəsfdən ucadır. Mən də bu yazımı “Qadına alqş” adlı şeirimlə bitirmək istəyirəm:
Qadın, məndən sənə alqış!
Alqış, alqış, yenə alqış!
Nənəm də-sən
Anam da-sən.
Xalam, bibim, bacım da-sən.
Mənim ağrım, acım da sən.
Ay başımın daşı Qadın!
Ay bağrımın başı Qadin!
Ay gözümün yaşı Qadın!
“Göz açıban səni gördüm”.
“Könül verdim”.
Yarım oldun.
Sevincimdən dağa döndüm,
Başımdakı qarım oldun.
Qadın, məndən sənə alqış!
Alqış, alqış, yenə alqış!
Vaqif ASLAN
23.01. 2026.
