Xocalı-o tarixin irəlisi və gerisi


Köçər yandan, bala yandan- bu yana

Güllə pəncərədən keçib divardakı xalçanın üstünə asılmış əsgər şəklinim düz ürəyinə tuşlandı. «Nə baş verir» -deməyə belə macal tapmadı ayılanlar. 

Ağlımın mənə oynadığı oyundu bu, yoxsa təxəyyülümün məhsulu. Ya da deyək ki, hansısa yaşanmış müharibənin yazıçı düşüncəsindəki ədəbi təsviri. 

Əgər o gecədən sağ çıxanların şahidliyi, video obyektivin gözündə canlanan səhnələr olmasaydı…

Düşünürəm, bəlkə bu da bir dramdan alınmış epizoddur. Deyildi!!! Yaşadılmışdı bizə 33 il əvvəl 25-dən 26-na keçən Fevral gecəsində bu dram. Nə qəribə ifadədır. Faciəni-ölümü belə yaşatmaq kəlməsiylə anladırıq.Yaşamaq budurmu, sizcə? Yaşatmaq budurmu, sizcə?

Təkcə bu kəlmənin ucundan tutub o qədər uzaga getmək olar ki. Uzağın irəlisi və gerisi var. Biz o uzağın irəlisində geridə qaldıq. O qədər gerisində qaldıq ki, illərlə saydıq faciənin yaşını.

Hər il yazdım, bilirsinizmi? Bəlkə bu cümləni də  lap eynisiylə təkrar etdim. Yazmasam ayıb, günah olur. Unutsam laqeydlik. Dərd etməsəm acımasızlıq. Bunu da demədən keçməyəcəyəm. Bəzən bu dediklərini görüntü üçün, nə bilim kimlərəsə özünü göstərmək, onlardan təqdir almaqdan ötrü  edənlər də var, təəssüf ki. (Bu haqda bəlkə nə zamansa yazaram-T.V.)

33 il əvvəl bəşəriyyət elə bir faciə səsinə oyandı ki… Əslində o qaranlıq, qarlı qış gecəsinin bağrına saplanan güllə divardakı əsgər şəklinin köksünü  deşənlə eyniydi. Gecəni belə diksindirmişdi o güllələr. Minlərlə xocalılı—azərbaycanlı evindən-ocağından ayaqyalın, başıaçıq pərən-pərən düşməklə qalmadı, təqib edilib işgəncəylə qətlə yetirildilər, meyidləri ilə əyləndilər. 

33 il əvvəl yaşanan bu qətliama dünya səssiz və seyrçiydi.  Sanki yaşanmamış kimi gözlərini qapadıb, heç nə olmamış kimi susmuşdular.  Cinayət var, cəza yoxdur hələ də. Etiraf var, siyasi tribunal yoxdur hələ də. 33 il sonra nə köçəryanın bu yaxınlarda ifşa olunmuş Xocalı planı, nə də yanını yan verib  «qatilliyini qəhrəmanlıq sayan» balayanın istehzalı etirafı cinayət kateqoriyasına girmir. Amma Xankəndindən burnu qanamadan köçən ermənilərin yurd-yuvalarından ayrı düşməsi faciə kimi siyasi masalara dağıdılır. Bizi suçlayırlar. Mən də sorum o zaman. O gecə haradaydınız? Faciə yaşanandan sonra səsimiz, avazımız cıxana qədər «Xocalıya Ədalət»-deyə bağırdıq.  “Bir eli düzləyib məzarlığa çevirdilər”-deyə bilməyəcəyəm, çünki bizə məzar belə etmədilər o yeri. Görmədiniz, duymadınızmı? Sadəcə saymadınız. 

 Biz hər il saydıq. Geriyə sayıb gerisində qaldıq. İrəlisini görmək üçün hey o geriyə dönürük, dönəcəyik. Unutmadıq, unutdurmayacağıq!  Biz yaşadıq, bizdən sonrakılar yaşamasın deyə indi qarşısında durub bizə hesab kəsənlərə saydıracağıq. 

Xocalı, SƏN AZADSAN!

O uzağın irəlisi-gerisi isə buradan keçir. Təkrar xatırlatma olsun! 

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Tünzalə Vəliqızı,
Moskva
26.02.2025