Yalan içində”ki (Vo Lji) doğrudan yazan həmyerlimiz
Fəxri Nəzirov: 1970-ci il avqustun 8-də Bakıda doğulub. Rusiya Federal Təhlükəsizlik Xidməti Akademiyasını (FSB) bitirib. Bir neçə dil bilir.Həyatı yazdığı kitabındakı kimi dedektiv hadisələrlə zəngindir. Hazırda FTX-də çalışır. “Vo Lji” ilk romanıdır. Bu seriyadan olan daha iki kitabı çapa hazırlanır.
Moskva kitab mağazalarında, yayım köşklərində Ç. Abdullayevin kitablarını görəndə istər-istəməz insanı xoş duyğu bürüyür. Bəlkə millət olmağın ayrıcalığı elə budur. “Əslində ədəbiyyatın coğrafiyası olmur”-fikriylə qismən razılaşsam da dünya şöhrətli yazar belə mənsub olduğu millətə qürurdur.
Bu dəfə kitab köşkündə adət etmədiyim və məni özunə çəkən bir imza ilə qarşılaşdım. “Vo Lji” kitabının müəllifi Fəxri Nəzirov. Kitabı əlimə alanacan “görəsən bu bizimkidirmi” -deyə düşündüm. Arxa səhifədə yazırdı. Bakıda doğulub. Elə o kitabın müəllifinin iziylə podpolkovnik Fəxri Nəzirovun iş yerinə gəldim. Rusiya FTX (FSB) akademiyasını bitirib bir neçə dildə mükəmməl danışan həmyerlimizin kabinetində məni belə gənc birinin qarşılayacağını gözləmirdim.
“Fəxri müəllim”-, təəccübümə, “bəli Tünzalə xanım, gəlin”-dedi.
Gülərüz və səmimi podpolkovniki işdə də sevdikləri bəlli idi.
Qayıdaq kitaba. Azərbaycanda ədədiyyatda yaranan bum, kiçik həcmli bir kitab nəşr etdirəndən sonra elə ədəbiyyatın özünə təşəxxüs satanların timsalında çox aktual bir mövzuyla ədəbiyyata gələn bu yazarın təvazökarlığı da bir başqa özünəməxsusluqdur. Əslində onunla müsahibəyə gəlmişdim. Amma aramızda o qədər maraqlı söhbət alındı ki, sualları və cavabları sıralamağı belə unutdum.
-Dedektiv-hadisə olan “Vo Lji” –də Ç.Abdullayevin dəsti xəttinin davamı görünür.
-Mən də hamı kimi Çingiz Abdullayevin kitablarını oxumuşam. Əsərimdə onun dəsti-xəttinin hiss olunması ondan irəli gələ bilər. Amma kitabda baş verənlər real hadisələrə əsaslanır. Mən Dövlət Kəşfiyyat idarəsində işləyirəm və bu kimi hadisələr hər gün əlimin altından gəlib keçir. Əslində bu məni və hamını düşündürən bir problem olduğuna görə qələmə aldım.
-İlk qələm təcrubəsi kimi çox uğurlu bir əsərdir deyərdim. Yazıçılıq fikri birdən-birə hardandır?
-(Gülür) Hər zaman yazmaq fikrim olub, bu birdən-birə olmayıb. Başım oxumağa, işləməyə qarışıb, ona görə yaza bilməmişəm. Həm də əmim Knyaz Nəzirovun da kitabları var, o da yazıb. Bəlkə bir az da elə ordandır. Əslində işimlə bağlı indi də zamanım yoxdur, amma olarsa, inanın, 5-6 kitab çap etdirmişdim indiyə kimi.
-Nədir bu, həvəs, yoxsa ehtiyac?
-Mən hobbi deyərdim. Yazanda mən dincəlirəm. Bu əsəri 2009-cu ildə başlamışdım və 5-6 aya bitirəcəkdim. Bayaq dediyim kimi zaman baxımından çatdıra bilmədim. 2010-cu ilin sonlarına yaxın “Maska” nəşriyyatı ilə müqavilə bağladım və çap etdirdim. Onu da qeyd edim ki, o nəşriyyat ən az 3 kitab olanda sifariş götürür. Mən əlyazmamı göndərəndə oxuyub bəyəndilər, o biri kitabların da əlyazmasını göndərin dedilər. Mən, o biri kitablar hələ hazır deyil-dedim. İstisna olaraq mövzu maraqlı olduğu üçün razılaşdılar.
-Və çap etdilər. Satışı necə oldu?
-Kitabın hamısı satıldı. Bilirsiniz mən kitab mağazalarına tez-tez gedirəm. Burada oxucuların daha çox hansı mövzulara marağı olduğunu müşahidə etmişəm. Terror mövzusunda olan hər bir əsəri oxuyurlar. Ona görə mənim kitabım da oxundu.
-Elə məni “Vo lji”- “Yalan içində” olan cəmiyyətdə çox cəsartətlə iki din və ondan qaynaqlanan iki –“terror” və “skinhed” kimi problemləri qarşı-qarşıya qoyduğunuz maraqlandırır. Bu gün onları qarşı- qarşıya qoyan nədir?
-Əvvəla onu deyim ki, bu gün dünyanın hır yerində terror ən aktual mövzudur. Və fikir vermisinizsə, sanki “terrorçu yalnız müsəlmandan olur”- fikri qəlibləşməkdədir. Baxmayaraq ki, hamıya məlum qatil Breyvik kimilər də var ki, müsəlmançılıqla əlaqəsi yoxdur. Əslində terrorun da İslamla əlaqəsi yoxdur. Mən elə bu baxımdan əsərdə terroru da İslamın düşmənləri, dinləri qarşı-qarşıya qoymaq istəyən xarici kəşfiyyat öz “əlaltıları”nin əli ilə həyata keçirdiklərini oxucuya çatdırmaq istəmişəm.
Hadisələr Sovetlır birliyi dağılandan sonra cərəyan edir. Xarici kəşfiyyat bu və ya digər şəkildə insanların savadsızlığından istifadə edib, millətləri bir-birinə salmaqla, məqsədləri dövləti daxildən zəiflətməkdir. İslamda vəhhabilərin əli ilə, xristianlarda isə “skinhed”lərin . Məqsədim insanların savadsızlığından istifadə edib buna biznes kimi baxnaların toruna düşənlərin gözünü açmaqdır.
-Bəs nədən “Vo Lji” yəni “Yalan içində?”
– Kəşfiyat işi əslində müsbət yalan uzərində qurulur. Bunu tətbiq etmək üçün aldatmaq məcburiyyətindəsən. Digər tərəfdə dayanan insanları tora salanlar da başqa bir yalan oyunun oyunçularıdır. Onların qurduğu sistem yalan üzərində təşəkkül tapıb. Milli sıranı dagıtmaq üçün millətləri qarşı-qarşıya qoymaqdan başqa yol yoxdur. Fikir verin, bütün “skinhedlərə” rus olmayanlara nifrət təlqin edirlər. Eləcə də dinini bilməyən müsəlmanlara “dinsizlər dinin düşmənidir və onlar ölməlidir” fikrini aşılayırlar. Ortada isə bir qurban var. Nəyə inandığını və kimə xidmət etdiyini bilməyən adı insanlar. Bunu edən adamların nə Vətən, nə millət sevgisi olur. Onların istədiyi sadəcə çoxlu pul qazanmaqdır.
-Onda Feodoru qarışıq nigahdan doğulan bir qəhrəman göstərməyiniz də təsadüfi deyil…
-Bəli. Baş qəhrəman Feodor Nazarovun atası azərbaycanlı, anası isə rusdur. Mən bununla həm də iki xalqın övladının hər iki milləti və hər iki Vətənini sevdiyini çatdırmaq istəmişəm. Bizim belə ailələrimiz və orada doğulan uşaqlarımız çoxdur.
-Bir oxucu kimi kitabınızda qaldırdığınız, hər birimizin az qala hər gün rastlaşdığımız mövzu olduğu üçün bəyəniləndir. Hətta internetdə də kitab haqqında yaxşı rəylər var. Əsərin əvvəlində müsəlman-xristiyan, terrorçu-skinhed süni qarşıdurma məsləsi ilə bağlı paralellər aparsanız da, əsər boyu sadəcə terrorçulara qarşı mübarizədən gedir söhbət.
-Bu konkret vəhhabi Abdul Sahabın qruplaşmasının dağıdılmasından bəsh etdiyi üçün belədir. Dediyim kimi kitabda cərəyan edənlər real həyatda olmuş hadisədir. Belə bir qəhrəman var və belə bir işi görüb. Amma kitab bitməyib. Onun davamı var. Davamında sizin dediyiniz kimi “skinhed” təşkilatı və onların törətdikləri,onlarla mübarizədən də bəhs edəcəm. Yəni əslində kitab hazırdır.
-Onun adı nədir?
-Qoyun o indilik sirr qalsın. İnşallah işıq üzü görəndə bilərsiniz.
-Bir yalan həyatın içində olub, digər yalan həyatın içində olanları xilas edənlərin sevgisi necə, dogrudurmu? Feodor Mariyanı sevir, onunla evlənməyə hazirlaşır, digər tərəfdə Abdul Sahabın toruna düşən Samirə ilə də aralarında bir şey yaşanır. Feodor başqa şərtlər altında Samirə ilə qarşılaşsaydı onu sevərmiş kimi gəldi mənə.
-Feodor-Nəriman (Onun kəçfiyyatçı adı belədir –müəl.)Samirənin anasına qızını tapıb gətirəcəyinə söz verir. Əslində bir az sevir də onu. Hətta terrorçu birləşmədən xilas edəndən sonra onun məhkəmə qarşısında oturmayacağını da vəd edir.
-Bir yandan da xəyanət edir, Mariyasına. Samirəni sevirmi, yoxsa…
-Bilirsiniz, kəşfiyyatçılar sərhəddə oynayan artistlərdir. Elə məqamlar olur ki, onlar özləri də unudurlar ki, oynayırlar, yoxsa, yox. Bu onların həyatının bir parçasıdır. Mozaikada və ya pazllarda oldugu kimi. Detallardan biri duşsə mənzərə pozular. Kəşfiyyatçıların bayramı günündə bir verilişə tanınmış kəşfiyyatçı Lyubimovu dəvət etmişdilər. O işlədiyi dövrdə çox qızları aldadıb toruna salmışdı, təbii, onlara zərər vermədən. Ondan soruşdular ki, həyat yoldaşın buna necə baxirdi? O dedi, onun bu günəcən də xəbəri yoxdur ki… Bu da onun işinin bir parçasıdır.
-Fəxri müəllim, əsərin ideyası və tuşladığınız hədəf təqdirəlayiqdir. İslah nədədir? Yalan içində olanlara, aldananlara nəylə göndərəcəksiniz o siqnalı.
-Samirənin düşdüyü durum, Feodorun –yəni Nərimanın sayəsində yalan içində olduğunu biləndə oradan çıxmağın qeyri-mümkünlüyü və ölümunə qərar verilməsi ilə. Onun oldürülməsi ilə bir daha sıradan olan insanlara belə qruplaşmaya xidmət edən insanların əlində sadəcə hər zaman partlamaya hazır bombadan başqa bir şey olmadıqlarını göstərməklə. Yəni bir balaca o insanların beyninə siz dediyiniz kimi siqnal göndərmək istəmişəm.
-Umidvaram ki, bu seriyadan olan kitablarınızı yaxın zamanlarda vitrinlərdə görəcəyik. Rusiya məkanında imzalar içində yeni bir azərbaycanlı imzasının artması sevincini yaşatdığınız üçün də ayrıca Sizə dərin minnətdarlığımı bildirirəm.
-Səmimi sözləriniz üçün çox sağ olun! İnşallah!
Söhbətin sonunda “Kitabının Azərbaycan dilində nəşr olunmasını istərdinizmi?-sualıma isə: “”Onu tərcümə etməyə məndə vaxt yoxdur””- dedi. Amma elə bir fikirdə olan tapılsa məmnun olacağını da gizlətmədi. Bizi ictimai və ədəbi mühitdə tanıdan və özünü tanıtdırmayan daha bir həmyerlimiz.
Şöhbətləşdi: Tünzalə Vəliqizi
/Yenises.ru/“