YARDI QADIN


Qadın bir sehirli, qapalı dünya,
İsmətdi, namusdu, ardı bilənə.
Sevinci bənzəyər günəşə, aya
– Ən sadiq, vəfalı yardı, bilənə.

Qadın bu dınyanın ilk hədiyyəsi,
Daim ucalardan qoy gəlsin səsi
Bəzən bir ürəyin yaşam həvəsi-
Yüksək zirvələrdə qardı, bilənə.


Haqqı ödənməz ki, yüz illər ilə,
Sonsuz mərhəməti heç düşməz ələ,
Kövrəkdir ürəyi bənzəyir gülə-
Tükənməz dövlətdi, vardı bilənə.


Acının, həsrətin odunda bişər,
Baxışından sevən qəlbə nur düşər
Qadın laylasından yaranar bəşər-
Neydi, kamançadı, tardı bilənə.

Qadın bir anadı, çox müqəddəsdi,
Ayağı altında cənnəti, bəsdi
Sanmayin keçici hisdi, həvəsdi-
Onsuz bu kainat dardı, bilənə.

Şəfəq Vilayətqızı


Bir cavab yazın