YAZIQ DOMİNİK!


    YAZIQ DOMİNİK!

YAZIQ DOMİNİK!

“Əri döyən arvadı üstəlik də it tutdu” deyiblər. Beynəlxalq valyuta fondunun sabiq başçısı Dominik Stross-Kanın başına gələnlər bu məsəlin nə qədər doğru olduğunu bu günlərdə yenə təsdiqlədi. İki-üç ay əvvəl prezidentlik iddiasına düşən Dominik ən yaxın zamanda başına gələcək macəraları azacıq da olsa təsəvvür edə bilsəydi, elə başında durduğu fondun kürsüsündən tarixi vətənindəki siyasət oyunlarına tüpürər, öz başı da salamat olardı. Amma qismət elə mücərrədliyi ilə, gözəgörünməzliyi ilə bizi öz cazibəsində saxlayır.

İnsanlar yanlışı törətdikləri an doğru hesab etdiklərinə görə səhv edirlər. Dünya miqyasında maliyyə Olimpinin ən yüksək zirvələrinə qalxmış Dominik gözü elə qızmışdı ki, o özünü siyasi oyunların da mahir ustası hesab elədi və bununla da nəinki ömürlük iş karyerini, indi də ailə səadətini kökündən baltaladı. Bu işdə cavanlıq bağına coxdan xəzan düşmüş bankir acgözlüyü ilə rəqiblərinin əlinə tutarlı bəhanələr verdi. Zavallı Dominik yatsa yuxusuna da girməzdi ki, onun—bank əjdahasının (əslində yüksək səviyyəli bank məmurunun) “bəxtəvər elədiyi” otel xidmətçisi kişinin ömürlük iş imicini kirli yataq əskisinə bükəcək.

Beşinci Respublikanın keçmiş Prezidenti və Dominikin əsas rəqibi Nikolya Sarkozinin özü siyasət aləminin arxivinə göndərilsə də, onun qurduğu intriqalar tələsi Dominiki rahat buraxmır ki, buraxmır. Ciddi məlumat agentliklərinin verdiyi xəbərlərə görə ərinin əxlaqdan uzaq macəraları üzündən səbir kasası daşmış Ann Sinkler bir ay əvvəl Dominik Stross-Kanı Parisin mərkəzindəki evindən qovub.

Bu yazıq bankir neyləyib ki, bu qədər ciddi maraq obyektinə dönüb? İş burasındadır ki, 2011-ci il aprelin 3-də BVF və Ümumdünya Bankının illik iclasında Dominik Stross-Kan bomba kimi partlayan saat yarımlıq müfəssəl çıxış edib. Öz çıxışında dünyadakı mövcud siyasi və iqtisadi sistemə etirazını bildirərək deyib ki, “Sadələşdirilmiş iqtisadi təsəvvürlər və təlimatlardan ibarət olan Vaşinqton konsensusu dünya iqtisadiyyatının böhranı zamanı dağıldı və geridə qaldı.” Onun fikrincə, məhz ölkələrin aşağı büdcə kəsiri, sürətli iqtisadi inkişaf, heç kimin nəzarətində olmayan maliyyə bazarı və liberal vergilər uğrunda cəhdləri dünyanı maliyyə-iqtisadi böhranına gətirib çıxarmışdır. Böhran sonrası dünyada qeyri-müəyyənliyi aradan qaldırmaq üçün həm dünya miqyasında, həm də hər bir ölkə üçün iqtisadi və sosial siyasətin yeni prinsipləri yaradılmalıdır.
Deməli, məsələ təkcə Dominikin Fransa Sosialist Partiyasından prezidentliyə namizəd olmaq arzusunda deyil. Onun Liviyadakı qızıl və valyuta ehtiyatlarının müqəddəratını bilmək üçün şəxsən Polkovnik Qəzzafi ilə görüşmək istədiyini də nəzərə alsaq, məşhur çıxışından cəmi bir ay sonra, 2011-ci il mayın 14-də təyyarədən endirilib Nyu-Yorkda qaldığı “Sofitel” otelinin xidmətçisinə (32 yaşlı Qvineya vətəndaşına) sataşmaq ittihamı ilə həbs olunması, sonra 1 milyon dollar qarşılığında zəmanətlə azad edilməsi, ev dustağına çevrilməsinin səbəbləri aydınlaşar.

Qəribədir ki, istefa ərizəsi vermədən onu zəmanətə belə götürmürdülər. 2011-ci il iyulun 2-də Nyu-York məhkəməsi işdə ortaya şıxan yeni mülahizələrə əsaslanaraq Dominiki ev düstaqlığından da azad edir. Prokurorluğa daxil olan materiallardan məlum olur ki, “Sofitel” otelinin ximətçisi müstəntiqlərə yalan deyib, bundan əlavə, Stross-Kanı zorlama ittihamı ilə təqsirləndirən qadının bütün əhvalatı uydurduğu ehtimalı da ortaya çıxır.

Yaziq Dominik! Evdəki məcburi proqramı yerinə yetirmədiyi halda, kənardakı sərbəst proqram üzündən başını bəlaya salıb.

Cəfər Sadıq
/Yenises.ru/


Bir cavab yazın