Zirəddin Rzayev: “O əjdahadan bizdə niyə yoxdur?”


Əgər internetdə “Zirəddin Rzayev” yazıb axtarış etsəniz, mənim haqqımda yazılan məqalələri görüb dəhşətə gələrsiniz. Sanki məşhur “Mixaylo filmi” mənim haqqımda çəkilmişdir. Satanistlikdən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyindən Fətullah Gülənə, Fətullah Güləndən isə Türkiyənin “kanqal” köpəyinə qədər adım hallanmışdır. Ən maraqlısı isə odur ki, bütün bu kimi yazıların hansına nəzər salsanız, görərsiniz ki, diqqətlərdən qaçan bir məqam var: yazılan təkidlərin mənbəyi yoxdur. Axı, mövcud olmayan şeyin necə mənbəsi olsun ki? Əslində isə mənbə vardır, mənbənin adı -yalandır. Yalanı da günahlandırmaq istəmirəm, yalan özü də həmişə öz yaradanını, yəni Şeytanı axtarır. Şeytan isə əlinə qələm alıb haqqı yox, İblisin şagirdlərinə söylədiyi imlanı yazan “jurnalistlərdir”.

Bəzən barmaqla hədəfi göstərəndə hədəfə yox, barmağa baxanlar daha çox olur. “Jurnalistlərin” mənim haqqımda uydurduqları “Məlikməmməd nağılını” oxuyanlar “nağılın qəhrəmanını” görürlər, ancaq “nağıl” sözünün fərqinə varmırlar. Əsas odur ki, nağıl maraqlı olsun; nağıl nə qədər maraqlı olursa, bir o qədər də “rahat yata bilirik”. Rəhmətlik Mirzə Ələkbər Sabirin sözü yadıma düşdü: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın”. Bu məqamda Uzeyir Hacıbəyovu da xatırlamasam, haqsızlıq olar. Çünki “O olmasın, bu olsun” librettosunda Rza Bəy Məşədi İbada yaxınlaşaraq Rüstəm Bəyi qəzetdə biabır etmək qarşılığında ondan 20 manat tələb edir.

Mütəfəkkirlərimiz sanki bu günü görürmüş kimi yazıb – yaradıblar. Yaradıb yararsız cəmiyyət üçün, cəmiyyət isə hələ Mirzə Ələkbərin “yuxusundan” ayılmayıb.

Mənbə göstərmədən İblisin imlası, Şeytanın imzası ilə “dimdiklərini hər yerə soxan” j(d)urnalistlər təkcə Azərbaycanda deyil, elə Rusiya Federasiyasında da mövcuddurlar.

Məhz ona görə də son günlər Rusiya Federasiyası Dövlət Dumasına “ittiham xarakterli məlumatların” — yəni konkret şəxsləri və ya şirkətləri hüquq pozuntularında ittiham edən məlumatların yayılmasının məhdudlaşdırılması haqqında qanun layihəsi təqdim edilib. Bu qanun layihəsi hələ rəsmi olaraq qəbul edilməyib və müzakirə mərhələsindədir.

Layihəyə görə, əgər qanun qəbul olunarsa, ittiham xarakterli məlumatlar yalnız məhkəmə qərarı qüvvəyə minəndən sonra yayıla bilər. Layihədə bu tip məlumatların yayılmasının əvvəlcədən senzura kimi qiymətləndirilməməsi üçün xüsusi tənzimləmələr nəzərdə tutulur. Həmçinin layihəyə görə, təqsirkar olduğunu iddia edən məlumatlar yalnız məhkəmə tərəfindən təsdiqləndikdən sonra ictimaiyyətə açıla bilər. Əks halda, məlumatı yayan KİV və ya sosial media istifadəçiləri üçün cərimələr nəzərdə tutulur.

Qanun layihəsini tənqid edənlər hesab edirlər ki, bu cür məhdudiyyətlər jurnalistikanın əsas prinsiplərindən biri olan azad xəbərləşmə və ictimai məlumat almaq hüququnu məhdudlaşdıra və öncədən senzuranın tətbiqinə səbəb ola bilər.

Yenə də yadıma “Bəyin oğurlanması” filmindən bir fraqment yadıma düşdü – o əjdəhadan bizdə niyə yoxdur?

Rusiya Jurnalistlər Birliyinin üzvü, kliniki psixoloq
Zirəddin Rzayev