Əkinçinin Pişrovları-Mətbuatın Könüllüləri -149 il


2 il 2 ayda, iki həftədə bir dəfə  20 sayı çıxdı.  Illiyi 3 manatdı.

Qəzet üçün uzun ömür deyil. Üstünə keçən illəri və ona istinadları nəzərə alsaq, rəqəmlər statistikadır Əkinçi üçün. Onun ömrü Ölümsüzdür!

İndi elektron qəzetlərin mərtəbəsi oxucu kütləsinin sayına görə ölçülür. Zərdabinin “Əkinçi”sinin daimi oxucusu 200 nəfərə belə çatmadığı vaxt olub. Amma oxutmaq vərdişi aşılamaq üçün geri çəkilməyib, vaz keçməyib.

Qəzetin xərci borcunu ödəmədi, amma  Həsən bəy Zərdabi  özü də daxil   «Pişrovları»  (irəlidə gedənləri) xaqlın «gözçüsü» olaraq arxalarınca aparmağa səslədi.

Meydan dar, şərtlər qısıq, maddiyyat zəif olsa da, elə ilk sayında bunu dilə gətirdi: «Dünya bir şeydir ki, həmişə dövran edir və insan da bu tövr dünyanın gərdişinə görə habelə öz rəftarını dəyişdirsin, necə ki, məsəldir deyirlər, zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olginən». 

Zəmanəsinə saz olub onun dərdlərini, problemlərini Əkinci tarlasında  dırmıqladı (cırmaqladı), hamarladı. 

Daxiliyyə, Əkin və ziraət xəbərləri, Tazə xəbərlər, Məktubat…

Hər yerdən, hər şeydən xəbər verib, qanun-qaydaları anladıb, cəhalətə, cahilliyə üsyan edərək, çıraq sönür, hər yer qaranlığa qərq olursa vaz keçməyə deyil, yenidən fitilə yağ töküb o çırağı alışdırmağa səslədi.

Əslində fitilə yağ olub bu millətin qaranlığına çıraq tutdu «Əkinçi»ylə Zərdabi.

«Hər zəmanənin bir gedişatı var ki, bunu o zəmanənin kitablarından, xalqın adətlərindən, işlətdiyi əsbab və qeyrədən bilmək olar»- yazıldı səhifələrində. Və tənqid etməkdən də çəkinmədilər. 

«Gələcəkdə bizim tərəqqi etmək tarixini yazan indiki zəmanəyə baxanda məəttəl qalacaqlar ki, nə yazsın. Həqiqət bizim əsbablar qeyrə yüz, bəlkə min il bundan əqdəm olandan tərəqqi etməyibdir»-qınağı ilə qınadılar əkinçi bağbanları. 

«30 il bundan əqdəm Zakir mərhum Qasım bəy Qarabagi yazan həcv ilə indi Hadiyül Müzilin yazan həcvə baxan görər ki, onların təfavütü çoxdur… İndi yazılan həcvlər məst olan çəkməçi danışığına oxşadığına, nə ki onları çap etmək olmur, hətta adam olan kəs onu oxuyanda əti ürpənir-deyə yazdı Əkinçi  Nəcəf Vəzirzadə.

Bu gündən geriyə dönüb «Əkinçi»nin hər səhifəsini  çevirdikcə  149 ili geridə buraxan Nəcəf Vəzirzadənin öz qövmünün tarixinə, gedişatına baxaraq köks ötürdüyü və  bunları düzəltmək üçün yanğı ilə yazıqlarının bugüngü aynadakı əksinin hələ də canlı olduğunun fərqinə varınca üzülməmək əldə deyil.  Axı, onların zamanı tərəqqiyə gedən yolun başlanğıcında, hələ Darvinin «insanın meymundan əmələ gəlməsi» tezisinin soyumadığı vaxta düşürdü. Bizimki isə artıq insanı meymunlaşdırıb-robotlaşdırıb onu «kölə» etmək qədər daha tərəqqinin anlamını belə aşan dövrə təsadüf etsə də… 

Sizi keçmək üçün Sizin yolunuzdan keçmək gərəkdi. Biz Sizləri qabaqlaya bilmədik. Necə ki, Nəcəf  Vəzirzadə  «Əkinçi»-də:

«Çünki bizim zəmanə tərəqqi zamanıdır və tərəqqi etməyən tayfa günü-gündən tənəzzül eib axırda puç olacaq, ona binaən bizim şüəra qadaşlarımızdan ki, onlar əlhəqq xalqın gözçüsüdürlər,- iltimas edirik təqazayi zəmanəyə müvafiq xalqın gözünü açmağa səy eləsinlər, yoxsa hədyan danışmaq bir çətin zad deyil və ondan kimsəyə bir nəf yoxdur».

Bütün  çətinliklərə, qadağalara, mətbəədə hərflərin çatışmazlığına və daha nə qədər olumsuzluqlara rəğməm Zərdabi və sələfdaşlarının Əkdiyi maarifləndirmə, məlumatlandırma  toxumları bəhrəsini verdi. 

«Əkinçi»nin “Məktublar” bölümünə yazan  oxucuların qəzetin gecikməsindən şikayətinə cavabında Zərdabi bu nəşr işini təkbaşına gördüyünü elə öz qəzetində anladır və bir gün mən olmazsam, çox təəssüf ki, «Əkinçi» də olmayacaq deyib, gəlməyən qəzetin pullarını geri qaytaracağını bildirirdi. Və qəzetin satışı onun xərcini ödəməsə də, hara qədər gedəcəksə, ora qədər davam etdirməyə qeyrət edirdi.

Bir hərfin ehtiyacında min sözün təəssübünü çəkib alaqları yola-yola yol açmışdılar-bu günün Memarları, Ustadları.  

Onlar qızıllarını (qolunun qızıl saatını satan, son qəpiyini qəzetin çlıxması üçün xərcələyənləri zəhmət çəkib araşıdırın, oxuyun və bugünkülər- ev almaq, bostan salmaq təmmənisində olanlarla  müqayisə edin-T.V.) qələmə dəyişən Söz Əkinçiləri idilər.  Qüdrəti-Sözə tə’zim edib, onu minbərə qaldırmış, Alicənab Sözə xidmət edirdilər.

Bu tə’zim, təəssüb 1877-ci il sentyabrın 1-də çap olunan 18-ci sayında öz əksini belə tapmışdı: «Hər tayfanın vətəndarlıq və millətin keçmişində olan yaman və yaxşı  günləri şərh edən mahnılar olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. 

Ağacda oturub sərçə
Niyə uzunsan ay küçə?
Sən harda qaldın, ah beçə
Eh yar, eh yar, ay qaragöz».

-bunu misal çəkərək, «xudavənda, onları  kim və nə üçün düzəldib. Onların çoxunun ki avam çağırır, (oxuyur-yəni) heç mənası olmur». 

Nə var indi söz əkməyə. Meydan geniş, imkan bol. Söz ayaqlar altda, hər yoldan ötənin əlində, dilində  əkinçilərin təbirincə desək, əsbaba (alətə, vasitəyə) çevrilib. Gələn də satır, gedən də. Qələmi-sətir, Qələmi-satır olub. Mükafatı da qızıl Qələmlər.

Qələmlər qızıldan olsa nəyə yarar ki, ifadələr qızıl xırdalamayandan sonra. 

Sadəcə xırdalanıb mətbuat…

Zəmanə sənə saz olmazsa, sən zəmanəyə sazolginən. Hardasınız, ay Zərdabinin Pişrovları?

SİZƏ sadiq, Sözə sadiqlərin Bayramı Mübarək!

Tünzalə Vəliqızı,
Moskva
22 iyul 2024-cü il

 

qızıldan olsa nəyə yarar ki?! İfadələr qızıl xırdalamayandan sonra.