“Əkinçi”nin 146 illik bağçasından
Onun Gününə
-Sözün qibləsi haradır, ya da nədir, sizcə?
-Sözün qibləsi, əslinə qalsa…
-Əsl olan nədir?
-Əsl olan doğru olandır, yolundan çaşmayandır.
-O zaman Sözün qibləsi “doğruluqdur”, “haqdır”- deyirsiniz.
-“Söz var kəsdirər başı, söz var kəsər savaşı”-deyrəm. Hökmdür-SÖZ!
Tanınmış macar şərqşünası Vamberi “İslam” adlı kitabında yazır ki, “Məşriq-zəmin qoca və xəstədir, ( …) mürur ilə tələf olur”. Vamberinin bu fikrinə, şərq xalqlarına avrosentrist münasibətinə qarşı çıxıb Zərdabi. Və tam 30 ildən sonra Vamberi Şərqdəki tərəqqini əvvəlcədən görə bilmədiyini, münasibətində yanıldığını etiraf edib.
Zərdabi cəhalətin qaranlığında önünü görməyən, hara getdiyini bilməyən dünyadan bixəbər toplumun gözü, izi olmaq missiyasıyla yola çıxıb. O, cəhalətdən qurtulmağın yeganə yolunun insanları maarifləndirməkdən keçdiyini bilirdi. Amma necə? Nə bir qəzeti, nə oxumaq vərdişi vardı…
Zərdabinin cəmiyyətə açılan pəncərəsindən Vamberinin də ehtimal etdiyi kimi, gələcəyinə özünün belə inanmadığı, zülmətdə addımlayan bir müsəlman toplum görünürdü.
Dəyişmək istədi bu toplumu. Mətbuat cəmiyyətin güzgüsüdür-dedi. Mətbuat bir də cəmiyyətin vicdanı olduğu modelini göstərdi. Hər kəsin problemlərinə işıq tutdu. Savaşdı, qaranlıqla, cəhalətlə.
Əlqərəz, Zərdabi və “Əkinçi”ləri haqqında illərlə hər gün olmasa da, anım günündə anır, yazır, deyirik.
Bu gün texnika hər şeyi o qədər sadələşdirib ki… Qəzet çıxartmaq bir yana, indi “qəzetçi” olmaq da asanlaşıb.
Mətbuatın daşlı-kəsəkli yolları hamarlaşıb.. O yola yolçu olan istədiyin qədərdi. Adı daha çox tirajlanan, çəkilən, özünü “as” sayanları artıb. Evinizə daha çox girən, ictimai problem adı altında başqasının məişət əxlaqının “vəkili”, “hakimi”, “müstəntiqi”, “eksperti” kimi çıxış edənləri…
-Mətbuat giley yeridir?
-Mətbuat etiraf tribunasıdır. Mətbuat hakim kürsüsünə götürən yol, dar ağaca aparan cığır, xilas qapısı olan məbəddir.
– Təzadlıdır, təzaddır. Bəzən əlində tutduğu qələmlə ittiham edər. Bəzən də İttihama əngəl olar. Haqqı nahaqdan ayrıd edən tərəzi olaraq çəkər doğrunu, yanlışı.
-Lakin bu gün çəkildiyi yer – iki gözü olan Zərabi tərəzisi deyil. Bir gözlüdür, bir tərəflidir, bitərəf deyil.
-Birtərəfli bitərəf…
Bəlkə elə ona görə Zərdabi və sələfdaşlarının “düz sözlə düz yol tapılar”-uğruna baş qoyduqları mətbuat yolayrıcında qalıb.
-Deməyə söz çoxdur. Hər kəsin dərdinə ayna olan mətbuatın özünə-üzünə güzgü tutub “qiblən doğruluq”, “yolun azadlıq”, mənzilin “hüriyyətdir” i göstərən nə qaldı, nə qalıb ki…
-Sosial şəbəkələr artıb, hamının eyni anda hər şey, hər kim olmaq ehtimalı gerçəkləşib və ən yuxarı çıxmasının da yolu kütləyə təsir edib onu toruna sala bilməkdən keçir…
-Eh, buna Zərdabi və onun sələfdaşları neyləsin.
Girişi təqdir, gedişi təhlil, sonucu giley olan günə həsr olunan yazının İki nöqtəsi:
Alı Müstafayev, Salatın Əsgərova, Çingiz Mustafayev və adını çəkmədiyim həyatını tutduğu peşə yolunda qurban verən şəhid jurnalistlərimizlə Var olandır, Mətbuat. Səngərdə əsgərlərlə çiyin-çiyinə qələmi ilə savaşanların əlindədir Zərdabinin estafeti. Və Onlarla Əkinçinin zəmisi getdikcə genişlənib barlı-bəhərli olacaq. Bu müqəddəs amalın anlamına kölgə düşürməyənləri Var Olsun!
Tünzalə Vəliqızı
Moskva, 22 iyul 2021-ci il