Əməl-li söz
“Əməlli bir söz söylə”- ifadəsi var bizdə. “Əməlli-başlı anlat” “təfərrüatıyla danış” anlamındadır. Hərfi mənada əməlli söz əməllə isbatlanmış söz deməkdir. Gəlişi gözəl, məntiqi çəkisi qızıl ağırlıqlı, işartısı almaz parıltılı, nizamı durna qatarlı və sair və ilaxıra hesablanan söz yazanlarımız maşallah olsun ki, çoxdur. Bu “maşallah”da irad yoxdur! Sözün özünə belə ironiyanı qıyanlardan deyiləm. Sözün təəssübünü çəkmək kimi missiyaya yiyəlik edənlərin əlifba sırasına sığmadığı, sosial şəbəkələrdə milyonlarla “like”a sahib liderləri var. Amma əməlli söz deyən çox olsa da, sözə əməl edəni azdır. Söz əməldə təsdiqlənən zaman əməlli söz olur.
Əməlli sözsə…
Təqvim tarixin qara səhifəsi üzərində dayananda hamı yazır, hamı anır. Biri ittiham edir, biri intizar çəkir, biri ağı deyir, biri ümidə köklənib, “bu tarix üstündən bir də təkrar keçilən günə kimi onun rəngini, laylasını dəyişəcəyik””- düşüncəsiylə sabaha gülümsəməyə çağırır. Qaralanmış səhifədən ağlanması gözlənilən tarix isə…
Haqqımız varmı? Bu sualı, bu girişi yazmağa ona məktublarımda “Mənəvi Atam” deyə müraciət etdiyim, lakin adını tez-tez hallandırmaq ondan manipulyasiya etmək kimi çıxmasın deyə gen qaçdığım, sonunda hüzurunda söz deməkdən çəkindiyim Məmməd İsmayılın bu gün facebookda paylaşdığı sətirlər, misralar səbəb oldu.
Mən Şuşa yanğısından yazmağı haqq etdiyimi düşünmürəm. Dünənin günahlarını üzünə vurmaq, bu gününə sahib olmaq məsuliyyətindən boyun qaçırmaq üçün edilən bəhanədir, mənim qənaətimcə.
Məmməd İsmayıl “zirvədə qalmaq, zirvəyə qalxmaqdan daha çətindir”-deyib Azərbaycanın zirvəsi olan Şuşa yüksəkliyi ilə məğlubiyyətimizi müqayisə edərək, onun hər birimizi dünənlə bərabər özümümzə baxmağa çağıran misralarında bu bəhanədən uzaq dərdə, günaha sahiblənmək var. Məncə “əməlli söz” belə olur.
Məmməd İsmayıl fikir bildirmək haqqını Ondan istəmədən cəsarət edib yazdığım üçün məni bağışlar, yəqin ki… Şuşa yanğısına mən də onun bu misralarından yola çıxıb su səpmək istədim.
Tünzalə Vəliqızı
Məmməd İsmayıl: “Bilmirəm dünənimizin kişilik, günümüzün məğlubiyyət zirvəsi olan Şuşa haqqinda bu günlərdə nəyi dilə gətirmək olar?! Şeir yardimimiza çatirmi? İnanmiram. Amma yenə də olsun””
ÜRƏKSİZ ÖLKƏ…
Əgər bu yerləri unutsam işdi,
Bilirəm heç yanda xoşa gəlmərəm…
…İsa bulağına qarışım axım
Yoxsa çağlamaram, coşa gəlmərəm.
…Cıdıra cıxaram Cıdır düzünə
Birinci olmasam, qoşa gəlmərəm…
….Bircə gün unutsam səni dünyada
Gəlmərəm özümə, Şuşa, gəlmərəm…
Qırx bir il əvvəlin “xoşbəxt” günlərinin bədbəxt xəbərçi misralarından.
Mən susum, deyərsən qalanını sən
Gözlərindən axan yağışla, Şuşa.
Keçib, bir şairə yalanını sən,
Bağışlaya bilsən, bağışla, Şuşa!
Allaha, dilinin duasına yox
Haçansa verdyin sözə yenildin.
On-onbeş erməni dığasına yox,
Tarixə saldığın izə, yenildin.
Yenildin! Əlinə keçməz giravə
Tarixin təkəri geri gedəndə.
Qafiyə olanda zirvəyə kirvə,
Kirvəni zirvəyə şərik edəndə…
Qəlbindən keçənlər keçsə əlinə,
Gələcək, keçmişin izinə gəlir.
Qönçələr gül açır kimin dilinə,
Şuşada yaz kimin üzünə gəlir?
Bir ümid şamı var hər bir millətin
Ölürsə o ümid, sönürsə o şam
İnamın ayaqda qalması çətin
Tale zirvəsində o şamdın, Şuşam.
Yenilmək Tanrıdan tərs şapalaqdı,
Baharı saralan kövşənə yazıq…
Bir xalqın başında Şuşa papaqdı,
Başından papağı düşənə, yazıq…
Ucalmaq yeriymiş Şuşa, ucalmaq
Orda həsrət yerin, yer həsrətinmiş.
Eh hardan biləydim zirvədə qalmaq
Zirvəyə çıxmaqdan daha çətinmiş..
Ölümə gəl deyir həyatın “və” si
Nə həyat, qanadı qırılmış quşa?!
Dağın zirvəsimi dərdin zirvəsi
Hər yandan görünən faciə- Şuşa!
Tanrım, bu nə keçmiş, nə gələcəkmiş,
Ona da ləkədi, buna da ləkə…
Yurdun sinəsində Şuşa ürəkmiş
Yaşaya bilərmi ürəksiz ölkə?!
“