Əziz Dostum Güloğlan ƏBİLOVUN işıqlı xatirəsinə
“ Hər bir dərddən olar yaman ayrılıq…
”Elə hey Şamaxıya, Cəyirliyə gedəcəyəm deyirdi. Qürbət həyatından bezmişdi. Hətta bir danışığımızda həyat yoldaşı Firəngiz Xanımla İstanbulda olarkən oarda yaşamaq istədiyinin həsədini mənə söyləmişdi. Firəngiz Xanımın ona : Yoldaş Əbilov nədən Piter, kaş ki İstanbulda yurd yuva qursaydıq sözlərini dərindən köks ötürərək söyləmişdi…
Bu yükü ağır olan yazıma seçdiyim gənclik şəkilindən istədim boylansın Güloğlan Bəy. Tanıyanların yaddaşında bu cür qalmaqdan gözəli yoxdur məncə…
Və beləcə hər şeyin rəngi var… Ayrılığın belə… AYRILIĞIN RƏNGİ …Gənclik illərimdə yaşadığım qəribə hisslərdən bəhs edəcəyəm. Doğulduğun yerə bağlılıq hər zaman daimidir. Küçəbəküçə, döngəbədöngə əzbərindir, hətta uca çinar ağacı, evlər, binalar, doğma məhəllən tanış üzlər sanki yaddaşına pərçimlənib. Hər gün görürsən adi bir hal kimi qəbul edirsən. Fəqət bu doğma yerdən müvəqqəti belə olsa ayrıldığında hər şeyin rəngi dəyişir, bəlkə də ağ qara bildiklərin müxtəlif rənglər şəklində səni darıxdırmağa başlayır. Darıxmaq ona görə yazıram ki, bu ayrılığadək heç darıxmağın nə olduğunu sən demə bilmirmişən. Evin pilləkənləri, qonşuların tanış üzləri- hamısı bir başqa məna daşımağa başlayır. Hələ evi tərk etməmiş hər kəs üçün darıxmağa başlayırsan, vaxta kilid vurmaq istəyirsən, amma vaxta kilid vurulmaz ki… Əsl vaxt kilid vurar sənə həm də geriyə dönüşü olmayan. Çünki nisbilik anlamında bir çayda iki dəfə çimmək mümkünsüzdür. Ayaqların zorla səni dəmir yolu vağzalına apardığında bütün şəhəri, insanları, ağacları, otu, çiçəyi, göydə uçan quşları bu ayrılığa həm sığdırırsan, həm də sığdıra bilmirsən… Hələ qatar fit verməmiş, minik başlamamış ayrılacağın nə doğma insan, nəsnə varsa ona qovuşmağın xəyalını qurarsan. Vaxt çatdığında batmaqda olan günəş, qızaran üfüqlər lap adamın qanını qaraldır.Qatar tərpəndiyində hər şey uzaqlaşmağa başlayar, vaqon-dəhlizin pəncərəsindən boylanmağa belə qorxursan qəhər boğur, boğazın kilidlənir. Elə bil qatar öz sürətiylə hər şeyi əlindən almaq üçün var gücüylə tələsir. Sürətlə keçib gedən yolları, cığırları qucaqlamaq istəyirsən, sən uzaqlaşdıqca səndən uzaqlaşan həyət evlərinin bacasından çıxan tüstülər belə həsəd yerinə çevrilir…
“Ayrılıq ürəyi sıxılan vaxt
Üfüqdə qanı qaralan axşam…”
Şair Məmməd İsmayılındır bu misralar. Və mənim illərlə içimdə gəzdirdiyim,adını qoya bilmədiyim yalnızlıq qoxuyan hisslərimə bu misralar tərcümandır sanki. Necə hiss etmişəmsə o cürdə ifadə olunub duyğularım. Sən demə sıxılan bizim ürəyimiz deyil ayrılıqlara, VAXTIN ürəyi sıxılır, daralır və dözməyib ayırır bizdən özünü. VAXT qurtarır yaxasını bizim əlimizdən. Üfüqdə qanı qaralan axşamında elə zəhləsini tökən VAXTIN onu qoyub getməsidir…
Məhəmməd İSRAFİLOĞLU
Ukrayna