20-nin xoş olduğu gün
Telefon əlaqəmiz həmişəki kimi qırılırdı. Xəttin o başındakını tanımırdım. Elə o da məni tanımır, biyara gedən kimi cavab verirdi.
— Allo, beş yüz iyirmi beşdi?
— Bəli, buyurun, eşidirəm sizi.
— Neçə yaşınız oldu – beş?
–Nə beş, ay kişi, iyirmi.
–Yəni “525-in” iyirmi yaşı var?
— Bəli, bəli, iyirmi.
— Rəşadın redaktor olduğu qəzeti deyirəm ey…
— Mən də onu deyirəm də, özü də Rəşad yox, Rəşad müəllim.
— Pah atonnan, deməli, qəzetin əsgərlik yaşı da keçib.
— Nə? Nə əsgərlik, ay dayı, qəzetdən danışırıq, qəzetdən.—Görünür, dəstəyin mikrofonunu tutub kiməsə gileyləndi: –Ə, bu haranın keyidi, görəsən?
— Alo, nə dedin, ay oğul, eşitmirəm…
— Heç, əmican, Sizə kim lazım idi?
— Oğlum, mən 525-ci qəzeti təbrik eləmək üşün zəng eləmişdim.
— Sağ olun. Rəşad müəllimə kim zəng eləmişdi deyim?
— Elə belə də de, bala. Moskvadan bir key zəng eləmişdi, de. Sizə adınızla, titulsuz müraciət edirdi, de. Qəzetin əsgərlik yaşı keçir dedi. 20 Yanvar, 20 Noyabrdan sonra 20 rəqəmini xoşlamasam da, de ki, qəzetin yubileyi xatirinə 20-yə də xoş baxaram dedi. Ona dayı deməyimdən tutuldu, de. Qəzet yarananda biz hələ dayı deyildik dedi.
Xəttin o başı çaşqınlıqdan susmuşdu. Mənimsə bu uydurma dialoqdan sonra deyəsi sözüm çox idi.
20 il bundan əvvəl Zaman adlı bir ümmanda ondan da iki əvvəl başlamış İstiqlal adlı fırtınanın Azərbaycan adasının sahilinə çıxardığı kiçik bir qayığı Rəşad adlı bir kapitan Təmkin tərsanəsində müasir naviqasiya avadanlığı ilə təchiz edib, o vaxtın dəbdə olan təbiri ilə yenidən qurub xalqın ləyaqətli oğullarına yaraşan kayutlar, salonlar hazırlayıb, zəhmətsevər dostlardan sanballı mürəttəbat—ekipaj düzəldib təkrar ümmana baş vurdu. Hər ölkəyə, hər limana yan aldılar. Günlər, illər keçdikcə, uzunmüddətli səfərə çıxmış gəminin kayutları tanınmış və unudulmuş el oğulları ilə, onların elmi, bədii, publisist əsərləri ilə, uğurlarımız, yanlışlarımız haqqında bilgilər, yaralı yerimiz Qarabağ haqqında cəbhə xəbərləri, hələ də üzülməyən ümidlərimizi tarıma çəkən ATƏT oyunları ilə doldu. Heç vaxt gəminin intriqa, çəkişmə, dedi-qodu kimi qaçaq malı olmadı. Cavanlara yol göstərən mayak, yaşlıların yolunu tutan, hörməytini saxlayan övlad olmağa çalışdı bütün heyət. Heydər Əliyevin dövlət quruculuğu dərslərini xalqa yaydı. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza kimi şairlərdən, Şirməmməd Hüseynov, Cəmil Əlibəyov kimi ustadlardan dərs aldı, Anarla, Ramiz Abutalıbovla, Çingiz Abdullayevlə, Vilayət Quliyevlə Dədə Qorquddan, Məmməd Əmin Rəsulzadədən, Üzeyir bəydən, Topşubaşidən danışdı, Aqil Abbasla “Dolu”ya düşdü, üzqızardan rüşvətalma görüntülırinin şokunu yaşadı.
Və bu arada yetkinlik yaşına qədəm qoydu. Hələ nə qədər görüləsi işi, ümmanda üzüləsi neçə mili var. Kapitan qərarlı, ekipaj səriştəli, uğurlarını təbliğ etdiyi dövlət güclüdür. Artıq əsas xəbəri-Qarabağın işğaldan azad olunması xəbərini yazmaq üçün hazırlaşırlar. O günün ən yaxında gəlməsi arzusu ilə gəmini və kapitanını yubiley münasibətilə təbrik edirik.
Cəfər Sadıq, Moskva
17 noyabr 2012-ci il.