21 AZƏRDƏN KEÇƏN 77 İL…


1945-ci il 12 dekabr tarixi Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin 77-ci ildönümüdür. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb. Az bir zamanda böyük işlər görüldü, milli kimliyimizə varıldı. Fəqət nə zaman biz doğma dilimizə, tariximizə, dövlətçiliyimizə sahiblənmək istərsək farsın, rusun, ingilisin quduz köpək sürüsü canımıza,qanımıza susayar qəddarcasına. Bütöv Azərbaycan olma şansımıza yenə kin qusuldu, qan qusdurulduq. Fədailərə divan tutuldu, doğma dilimizdə kitablarımız yandırıldı, onları tuşlanan güləllərin pulu kurşuna dizilən fədailərin ailələrindən tutuldu…

KƏDƏRLİ BİR HAŞİYƏ…

Edamdan iki gün öncə Milli Hökumətin Baş Prokuroru olmuş 27 yaşlı Firudin İbrahimi Paris Sülh Konfransına gedərkən aldığı

kostyumun zindana göndərilməsini istədi. Sübh tezdən, üzünü qırxdıqdan sonra ağ köynəklə kostyumunu geyindi, qırmızı rəngli qalstukunu boynuna taxdı. Səliqəsinə xüsusi diqqət yetirdi. O, bəzi yoldaşlarının təəccübünü görüb onlara dedi: “Biz öz həyatımızı bütünlüklə paklıq və şərəf içərisində

keçirdik, niyə dar ağacı altında pərişan halda görünməliyik?”

F.İbrahimi 1947-ci ilin 23 may gününün səhəri saat 4-də Təbrizin Səttarxan xiyabanında, “Gülüstan” bağının qarşısındakı meydanda edam  olundu. Kəndir boynuna salınmamışdan öncə gözlərini qapadı və vida əlaməti olaraq üzünü Savalan dağı istiqamətinə tutaraq başı ilə təzim etdi və sonra cəlladların cəkic zərbəsi kimi fərqinə vardıqları uca səslə dedi:

“Yaşasın Azərbaycan!
Yaşasın azadlıq!
Məhv olsun istibdad!

Hələ başqa bir dar ağacı örnəyi var. Dəhşətdir mətin iradə, yenilməz ruhu anlatan QULU SÜBHİ örnəyi. Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri olmuş general-mayor Cəfər Məmmədzadənin nəvəsi Cəfər bəyin dediyinə görə Qulu Sübhünün dar ağacındakı son sözləri belə olub.

Cəfər bəyin dedikləri:

– Bu titrək bina çox da yaşamayacaq. Bu qanlı üsuli-idarə daha davam etməyə qadir deyil. Ölüm üçün heç kimdən minnət götürmək fikrində deyiləm. Xalq uğrunda, azadlıq yolunda ölümə getməklə əbədi bir şərəfə qovuşmaq, ucuz yaşamaqdan min dəfə xoşdur.

Sübhini dar ağacına qaldırıb ipi boynuna salırlar. İp dərhal qırılır. Yerdən cəld qalxan polkovnik Qulu Sübhi Nuri qəzəblə qışqıraraq deyir:

– Cəlladlar, indi mənim dediklərimə inandınızmı? Sizin hətta dar ağacınızın ipi də çürümüş və davamsızdır.

Ana yurdumsan, ey şanlı Vətən,
Həmişəlik yaşa Azərbaycan…
Bu, mərd polkovnik Qulu Sübhinin son sözləri olub.

SƏMƏD VURĞUN YANDIRILAN KİTABLAR

(İran irticaçıları Azərbaycan türkcəsində olan kitabları vəhşicəsinə yandırırlar).

Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu…
Biz köçürük bu dünyadan, onlar qalır yadigar,
Min kamalın şöhrətidir, min ürəyin arzusu…
Yandırdığın o kitablar alovlanır… Yaxşı bax!
O alovlar şö’lə çəkib şəfəq salır zülmətə…
Şairlərin nəcib ruhu məzarından qalxaraq,
Alqış deyir eşqi böyük, bir qəhrəman millətə,
O alovlar şö’lə çəkib şəfəq salır zülmətə…
Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,
De! onları heç duydumu sənin o daş ürəyin?
Hər gəraylı pərdəsində min ananın qəlbi var…
Hər şikəstən ovladıdır bir müqəddəs diləyin,
De! onları heç duydumu sənin o daş ürəyin?
Söylə! sənmi xor baxırsan mənim şe’r dilimə?
Qoca şərqin şöhrətidir Füzuli’nin qəzəli.
Sənmi “Türk-e xər” deyirsən ulusuma, elimə?
Dahilərə süd vermişdir Azərbaycan gözəli…
Qoca şərqin şöhrətidir Füzuli’nin qəzəli.
Cəllad! Yanıb od olsa da, külə dönməz arzular,
Təbiətin ana qəlbi qul doğmamış insanı.
Hər ürəyin öz dünyası hər səadət arzular,
Qanlar ilə yazılmışdır hər azadlıq dastanı…
Təbiətin ana qəlbi qul doğmamış insanı.
Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq…
Hər torpağın öz eşqi var, hər millətin öz adı.
Kainata dəyişmərəm şöhrətimi bir anlıq,
Mənəm odlar ölkəsinin günəş donlu övladı.
Hər torpağın öz eşqi var, hər millətin öz adı.
Nədir o dar acağları, de kimlərdir asılan?
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
Dayan!.. Dayan! Oyaq gəzir hər ürəkdə bir aslan
Boğazından yapışacaq onun qadir pəncəsi,
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
Cəllad! Sənmi, de! qırırsan Fədailər nəslini?
Millətimin saf qanıdır qurd kimi içdiyin qan.
Zaman gəlir… Mən duyuram onun ayaq səsini,
Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan.
Millətimin saf qanıdır qurd kimi içdiyin qan.
Bir varaqla tarixləri, utan mənim qarşımda,
Anam Tomris kəsmədimi Keyxosrov’un başını?
Koroğlu’nun, Səttarxan’ın çələngi var başımda.
Nəsillərim qoymayacaq daş üstündə daşını
Anam Tomris kəsmədimi Keyxosrov’un başını?
Sür atını, dördnala çap! Meydan sənindir… Ancaq;
Mən görürəm al geyinib gələn bahar fəslini…
Qoca Şərqin günəşidir yarandığım bu torpaq,
Mən yetirdim al bayraqlı inqilablar nəslini,
Mən görürəm al geyinib gələn bahar fəslini…

həmməd İSRAFİLOĞLU


Bir cavab yazın