24-DƏ VURULAN SU-24 BOLGƏNİ ÇALXALADI
Dünəndən etibarən Rusiya-Türkiyə münasibətlərində yeni, təəssüf ki, qanlı səhifə açıldı. Səmasında yüzlərlə təyyarənin labirintlər cızdığı başıbəlalı Yaxın Şərq dünənə qədər bir-birinə qonşu, dost deyən iki ölkənin də arasına nifaq toxumu əkdi. Rusiyanın hərbi təyyarəsini vuran Türkiyə əslində çox böyük fitnəkarlığin qurbanı oldu.
Doğru deyirlər, məhəbbətdən nifrətə gedən yol çox qısadır. Dünənə kimi milyonlarla rusun doğma hesab etdiyi Türkiyə bir anda qatı düşmənə çevrildi. Təyyarənin vurulması haqq qazandırılmayacaq insidentdir şübhəsiz. Amma məsələ təkcə təyyarənin vurulması ilə bitmir, əksinə, körüklənir. Bütün keçmişin acısı, nifrəti, incikliyi üzə çıxır, gəlbində yüz ilin uydurma kinini daşıyanlar fürsətə gəl-gəl deyir.
Bütün teleməkanda hərarət böhran vəziyyətindədir. İnsanlar zombiləşmiş kimi yalnız qisas şüarları püskürür. Spartak zamanında manejə çıxıb qulların bir-birini öldürməsinə qarşı durmaq istəyən keşiş necə daşqalaq edilmişdisə, indi də insanları təmkinə, soyuqqanlılığa çağıranları o daşqalağa tuş edırlər.
Əslində qeyri-bərabər, qeyri-mütənasib savaş gedir dünyada. Bir tərəfdə islam adını bayraq edib, islam əhlini islamın günah saydığı şəkildə qətlə yetirən güclər, bir tərəfdə o gücləri zərərsizləşdirmək adına yola çıxıb, “bulanıq sudan balıq tutmaq” istəyənlər, o biri yanda heç bir günah işləmədən bombalara, qəlpələrə qurban gedənlər, arxa planda, pərdə arxasında isə dəbdəbəli binalarda bu yanğının fakturasını kəsənlər. İndi açıq görünməsə də Türkiyə ilə Rusiya qarşıdurmasını hazırlayanlar, bu iki dövlətin qısganclıq yaradacaq qədər yaxınlaşmasından narahat olanlar “əllərinə xına qoya bilərlər”. Rusiyanın SSRİ-dən sonrakı müstəgilliyi dövründə ən yaxın ticarət tərəfdaşı, əhalisinin xeyli hissəsinə doşmadan doğma ev sahibliyi edən Türkiyə birdən-birə “nankor çıxdı”. Bir dəqiqə! Tələsməyin.
Doğrudanmı birdən-birə? Doğrudanmı dönüklükdən? Kimin səhvi olmur? İtki nə qədər acı olsa da, gözlərimizi nifrət dumanı örtməsin. Bizim, sizin, o tərəfin, bu tərəfin mövqeləri necə olursa olsun, insan tələfatı hansı tərəfdən olursa fəlakətdir və idealda heç bir insan öldürülməməlidir. Nə rus pilotu, nə dünyada baş verənləri anlamayan türkmən uşağı. Hələ bu ölümlərin neçə sağlara çəkilməz əzablar gətirəcəyini düşünsək?! Övladını itirən valideynlər, atasını itirən uşaqlarla bərabər, Rusiya ilə Türkiyə arasında ayrılıq xətti görməyən, görmək istəməyən milyonlarla insanlar. Mübaligəsiz demək doğrudur ki, son iyirmi ildə rus-türk münasibətləri din, dil fərqlərinə baxmayaraq Rusiyanın slavyan ölkələri ilə münasibətindən daha yaxın və məhsuldardır. Doğrudanmı bunu hamının bəh-bəhlə qarşılamasını gözləyirsiniz? Kölgəsi kabus kimi dolaşan güclər bu dəyirmanın suyunu kəsmək üçün çoxdan əldən-ayaqdan gedir. Amma yaranmış vəziyyət quzğunların çözəcəyi vəziyyət deyil. Hirsli başda ağıl olmaz deyiblər. Təyyarənin vurulması ilə ambisiyalarına zərbə dəyən quzğunların hirsi asanlıqla soyumaz və Allah göstərməsin, yeni, daha dəhşətli səhvlər törətməyə hazır olarlar. İndi meydan şülh göyərçinlərinindir. Bu missiyanın da ən əsas daşıyıcısı və ifacısı yersiz münaqişənin hər iki tərəfinə doğma və yaxın olan Azərbaycan və onun rəhbərliyidir. İlham Əliyevin Rusiyaya və Türkiyəyə səmimiyyətinin sübuta ehtiyaçı yoxdur. Bolgənin əsas güclərinin mənafelərinə sayğı ilə yanaşan, eyni zamanda öz problemlərinin həllində belə Rusiyanın və Türkiyənin dəstəyini əsas tutan, ən çətin vəziyyətlərdə belə diplomatik təmkinini pozmayan Azərbaycan prezidentinin diplomatiyada “məkik toxuma”sı (челночная дипломатия) vəziyyəti sakit danışıqlar müstəvisinə gətirə biləcək yeganə meyardır. Qəribə görünsə də nisbətən sakit, soyuqqanlı imici qazanmış rus təbiəti ilə türk təbiətini bu gün iki çılğın rəhbər, adətən çılğın sayılan Qafqaz təbiətini isə soyuqqanlı rəhbər təmsil edir. Bu baxımdan onların bir araya gəlmə ehtimalı mümkün görünür. Təkcə bölgənin deyil, dünyanın gələcəyi və təhlükəsizliyi üçün bu görüşlər fövqəladə zərurət daşıyır. Əks təqdirdə orta əsr mövhümatının “diş əvəzinə diş, göz əvəzinə göz çıxarılmalıdır” (“əssinnə bissinni, vəl eynə bil eyni vəl cüruhə qisas”) zamanı deyil və televiziyada ağzı köpüklənə-köpüklənə qisasa çağıranların cilovlanmağa ehtiyacı var.
Quru-quru qurbanın olum demək asandır. Bu gün 24 noyabr insidentinin dünya yaddaşında böhran hərarəti kimi deyil, sadəcə qaynar nöqtədə hərbçilərin səbrsizliyi kimi qalması üçün bütün sağlam iradə səfərbər olmalıdır.
Aşağıda 24 noyabr insidentindən dərhal sonra təşkil etdiyimiz dəyirmi masada ağla gələn ilk sualların müzakirəsindən xülasəni veririk. Masanın ətrafına jurnalistlər Tünzalə Vəliqızı, Aydın Mehdiyev və Cəfər Sadıq toplanmışdı.
Cəfər Sadıq: Bu hadisə Suriya problemində mövqeləri çarpışan Rusiya-Türkiyə münasibətlərini çox kritik müstəviyə daşıdı. Hətta dünyanın siyasi konturlarının yenidən cızılması nöqtəsinə gətirib çıxaracaq qədər vahiməli bir durum söhbət mövzusudur. Rusiya prezidenti Putinin Soçi görüşməsi zamanı ona sərt reaksiya verməsi bu olayın xoşəgəlməz məcraya yönələ biləcəyindən xəbər verir. Məni bu insidentlə bağlı bəzi suallar maraqlandırır. Əgər doğrudan da Rusiayaya məxsus Su-24 təyyarəsi Türkiyə sərhəddini pozmayıbsa, Suriya hava ərazisində onu vurmaq Türkiyəyə lazım idimi? Doğrudanmı rus təyyarələrinin odsaçan yükü hamının ümid etdiyi kimi terrorçuları vurur və dinc əhalinin bombardmana məruz qalması kiminsə fantaziyasıdır?
Aydın Mehdiyev: Məni isə bu hadisənin İranda qaz idxal edən ölkələrin sammitindən sonra və Lavrovun İstanbul səfərindən əvvəl baş verməsininin təsadüf olub olmaması düşündürür . Bunlar arasında hər hansı bir bağ varmı?
Tünzalə Vəliqızı Bu situasiyada Türkiyə ilə qardaş, Ruisya ilə strateji müttəfiq olan və bu vaxtacan xarici siyasətində disbalansı qoruyan Azərbaycanın ürəkaçmayan tablo ilə qarşılaşacağı faktorunu da yaddam çıxarmamaq gərəkdir. Münasibətlər gözlənilməz xarakter alarsa, öz hava ərazisindən Rusiyaya yol verən Azərbaycan seçim qarşısında qalacaq və o zaman bu durumda hansı addımı atacaq?
Cəfər Sadıq: Bu hadisəyə qiymət və ya hər hansı proqnoz vermək hələ tezdir. İndiki halda iki tərəf də öz haqlılıqlarını ortaya qoyur. Biri sərhəddini qoruduğu, o biri isə İŞİD-ə qarşı mübarizə aparan rus hərbi qüvvələrinin Türkiyə üçün təhlükə yaratmadığı fikrində israrlıdır. İŞİD-ə qarşı mübarizə aparan Türkiyə Rusiyanın bu terror qruplaşmasının mövqeyini bombalamağa getdiyini bildiyi halda, onu vurması nə qədər doğrudur? Nəzərə alsaq ki, Türkiyə büdcəsinin müəyyən hissəsi Rusiya turizmindən yararlanır. Bu Türkiyənin öz budcəsinə “güllə vurması”” deyilmi?
Tünzalə Vəliqızı:Rusiya qazının Almaniyadan sonra ikinci alıcısı olan Türkiyə olduğu faktını da buna əlavə etsək, bu münasibətləri gərginləşdirmək “hansısa 3-cü qüvvələrin işidir”- ehtimalı üzərində düşünməyə də əsas verir, məncə?
Aydın Mehdiyev: G20 görüşməsinə ev sahibliyi edən Türkiyənin ən dəyərli qonağı Obamaya münasibəti rakursundan baxanda, Ərdoğanın bu sərt qərarının (rus təyyarəsini vurması) arxasında kimlərdənsə divident qazanması istəyi də ola bilər kimi görünür.
Hadisə baş verib. Əsas həyəcanverici olan bundan sonrakı mərhələdə, sözün əsl mənasında dünənə kimi dost münasibətində olan iki ölkə arasında yaşanan bu kritik olayın nələrə səbəb olacağı, hansı nəticələri doğuracağıdır.
08.08.2008-də Saakaşvilinin çıxışından sonra Rusiyanın 3 günlük Gürcüstana girərək əməliyyat aparması tarixi faktına istinad etsək, bu yeni bir münaqişə ocağının yaranmasına gətirib çıxarmazmı?
Tünzalə Vəliqızı Rusiya Türkiyə münasibətlərinə iqtisadi müstəvidəki uyumluluğu ilə siyasi müstəvidəki bəzi uzlaşmayan yöndən yanaşsaq, hansı ki, Əsəd rejimini dəstəkləyən Rusiya qarşısında dayanan Türkiyənin zaman-zaman göstərdiyi təmkinliliyini birdən-birə pozmasına təkan verən hansısa amil olmalı? Yəni təyyarə ilə bağlı bundan əvvəl də belə bir hadisə yaşanmış, o zaman sadəcə diplomatik qaydada xəbərdarlıqla bitmişdi.
Cəfər Sadıq: Bayaq söylədiyim fikrə qayıtmaq istəyirəm. Məsələyə sırf iqtasidi prizmadan yanaşmaq doğru olmasa da, bu amili gözardı etmək olmaz. Türkiyənin Su-24 təyyarəsini vurmaqdan qazandığı aktiv turizm və digər iqtisadi layihələrdən aldığı gəlirdən vaz keçəcək qədər dəyərlidirmi? Əslində iddia edildiyi kimi, Türkiyə sərhəddini (bundan əvvəl də yaşanmış olay var) bilməyərəkdən keçərək 5 dəqiqə ərzində orada uçan rus təyyarəsi bu “”ehtiyatsızlıqla”” İŞİD-in mövqelərini dəqiqliklə vura biləcəyinə də kölgə salır.
Tünzalə Vəliqızı: Qeyd edək ki, Ruisya prezidenti Türkiyənin bu hərəkətini, arxadan zərbə kimi qiymətləndirərək ona “lazimi” cavab veriləcəyini dedi. Hadisədən sonra Türkiyənin baş naziri Əhmət Davutoğlunun niyə Rusiyaya deyil, NATO və BMT-yə müraciətini Putin oların “”dost olmadıqlarının”” göstəricisdir kimi vurğuladı. Ən aktual və çox sorulan -Putinin sonrakı addımı nə olacaq- sualı hadisə tam aydınlaşandan sonra cavabını tapacaq. İllərlə böyük əmək sərf edərək qarşılıqlı əlaqələrini qonşuluq və dostluq çərçivəsində qurmaq istiqamətində çalışan, hətta Türkiyəni Avrasiya iqtisadi ittifaqına girəcək qədər istəkli hala gətirən, “”Cənub axını””, “”Akkuyu”” AES kimi üzünmüddətli layihələrin gerçəkləşməsinə həvəsli olan iki ölkə arasındakı soyuqlaşan münasibətlərə qiymət verərkən diqqətli olmaq lazimdir. İsti başla deyil soyuqqanlılıqla həll ediləcəyinə istiqamətlənən fikirlər səsləndirmək indiki halda bu olayın özündən heç də az əhəmiyyətli deyil. Münaqişə və müharibələri çox vaxt siyasilər başlayır, hərbçilər davam etdirir-fikri özünü doğrultmaz sanıram. Ümid edək ki, bu dəfə hərbçilərin başlatdığı müharibəni siyasilər sakitləşdirəcək və barışdıracaq.
Yenises.ru Analitik İnformasiya şöbəsi
“