28 May Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığı gün!


28  May  Azərbaycan  Demokratik Cümhuriyyətinin  yarandığı gün!
Şirininə kəm qatılan Bayramınız, Bayramımız mübarək!

95 illik yubileyi qeyd edilən bu bayram keşməkeşli tale yollarının buruluğanından, çovğunlarından keçib bu günə gəlib.Bu günə gələcənəcən hər ili, hər yaşı elliklə olmasa da el deyilənin evində hər zaman anılıb. Sandıqların küncündə ən qiymətli əmanət kimi, gəlinlik qızın cehizi arasında bükülü saxlanılan bayrağı öpənlər hər ona toxunanda azadlığına qovuşurmuş kimi hiss ediblər. Azad, müstəqil respublikanın simvolu olan, ondan qalan ən əziz yadigar o bayraq idi. “Bir kərə yüksələn bayraq bir daha enməz!”-deyə onu qaldıranların əlindən alınsa da ürəklərindən söküb endirməyə kimsənin gücü çatmadığını ona yenidən qovuşmağımız göstərdi. O bayraq –müstəqilliyin, dövlətçiliyin rəmzi olaraq ürəklərdə dalğalanıb yenidən havalara qalxmaq üçün üsyanlardan keçdi uzun illər.

Cəmi 23 ay dadılan bu azadlıq havasını ciyərlərinə çəkənlər üçün ondan məhrum olmağın nə olduğunu bilirdilər. Və ona görə azadlıqlarından saxladıqları bu parçanı ömürlərindən kəsilmiş hissə kimi əzəizləyib, onu məhkum olduğu qəfəsdən çıxarmaq uğrunda savaşdılar. Bu savaşla dövlətçilik təcrübəsi qoyub gedənlər ona sahib çıxanların olduğuna inanaraq getdilər.

Zaman-zaman adının çəkilməsi yasaq, tarixinin oxunması günah olan bu gün tarixi salnaməmizin ən şərəfli səhifəsi olaraq vərəqlənir, çevrilir 28 Mayda. Bu gün hər bir azərbaycanlının- razısından, narazısından tutmuş, siyasi baxışlarında fərqli olanına kimi hamısını bir araya gətirib, birgə sevinc, qürur yaşadan gündür-28 May! Bu gün adını küçələrə, dalanlara verməyə, yüksək binaların üstündə yazmağa qisqandığımız Məmməd Əmin Rəsulzadənin yaratdığı və adını yaratdığı dövlətin adına həmişəlik həkk etdiyi gündür! Adı Azərbaycanla yanaşı çəkilən Cümhuriyyət yaradıcılarının bizə bəxş etdiyi dövlət, bayraq, himn, gerb var olduqca onlar da var olacaq!

Hər il bu gün ruhu məzardan pərvaz edib başımız üstündə dolanan Cümhuriyyət yaradıcıları, Bayramınız mübarək!
Onların bizə miras qoyub getdikləri dövləti yaşadanlar, qoruyanlar, sevənlər Bayramınız mübarək!
İşğal altında qalan, şəhid ruhları sızlayan obalar, ellər…
Ayrı qalan dağlar, düzlər…
Əsirlikdə qalan qızlar, gəlinlər…
Dağıdılan, yandırılan məzarlar…
Xarıbülbülü açmadan solan çiçəkli zəmilər…
Üçqoqtəli sonsuz cümlələr. Sonsuzluq deyil, qırıq-qırıq, bitməyən fikir kimi, deməyə tapılmayan ifadə kimi hıqqana-hıqqana yaza bilmədiyim o cümlələrin sonuna cümləmizin səyi ilə bayram nidalı “Bayramınız mübarək!” yazaraq “Nida”” qoymaq keçir könlümdən. Və bir də o ellərə “Gözün aydın!”-deyərək bu bayramı tam yaşamaq!

Hələliksə… Şirininə kəm qatılan Bayramınız, Bayramimiz mübarək!

Tünzalə Vəliqızı
Yenises.ru


Bir cavab yazın