44 GÜNLÜK SAVAŞIN ÖLMƏZLƏRİ


2783

Sadəcə rəqəm deyil. 2783 atasız övlad, övladsız ata, dul qız-gəlin, doğulmayan körpə…

2783… Bu dastanın adı bəlli. 2783… Bu dastana qəhrəman olan bəlli. 2783… Neçəsi adaşdı?! Neçəsi qardaşdı.?! Neçəsi həmyaşdı?! Neçəsi arzusunu paylaşdı…

Sevdiyim, məktub yazmağa macal olmadı…

Sevdiklərim, qovuşmağa bir şey qalmadı…

2783-lər. Bu yolun sonu bəlli… Bu yolun yolu bəlli…

27 Senytabr Yolun başlanğıcı 8 Noyabr Qələbəsindən, 3 rəngli Bayrağı yenidən sahib olduğu yerə sancmaqdan keçər…
Onlar 27-8-3-dən belə keçdilər….Tarixə belə köçdülər.

2783 Dastanı. Müəllifi 2783 sayda. Hər biri bir hədislik hekayə qoydu. Kim yazacaqsa sadəcə Onların yazdığına yoldaşlıq edəcək qələmiylə. Nə təxəyyül, nə xəyal gücü istəməz bu Dastan. Çünki təxəyyülü, xəyalı belə tərkisilah etdilər.

Şuşanı aşağıdan yuxarıya necə almaq olar?-sualını sual qarşısında qoydular.

Yaralı yoldaşını arxasına alıb çıxılmaz dağdan, keçilməz dərədən keçdilər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər və gəlib çıxdılar o Qibləgahım, Səcdəgahım deyilən yurda.

-Ölsəm oğluma adımı verin…

-Sevdiyim qıza deyin ki, məndən sonra ağlamasın, başını dik tutsun…

-Doktor, nəfəsim təngiməsin deyə dərman yaz, Şuşaya çatana kimi nəfəsim çatsın…

-Mənim sevgili yarım Vətəndir- nə ismarıc göndərim ki…

2783… 44 günlük savaşın ÖLMƏZLƏRİ. 2783 ŞƏHİD MƏZARI. Tənini torpağa qatıb Vətəni 2783- ölçüsüzlüyündə artıranlar.
Sizin yazdığınız Qəhrəmanlıq qarşısında Söz də, Qələm də tərkisilahdır!

Tünzalə Vəliqızı, Moskva
04.12.2020

DEMƏ VƏTƏN NƏDƏN YAXŞIDI…

2783. Bu gün açıqlanan şəhid sayı.

44 günlük ölüm-dirim savaşının ÖLÜM qismi.

44 günlük savaşın 200 illik tariximizə QƏLƏBƏ nidasının dirəkləri.

Ciyərparəsinin nəşini başı üzərinə qaldıran anaların bundan sonrakı yuxusuz ömrü.

“Sən idmançısan, oğlum, get, al Vətən torpağını, qov yağını torpaqlarımızdan” uğurlamasının qeyd-şərtsiz icraatı.
Qara saçlarını tabut qarışdıran gəlinin, bacının yoldaşı, qardaşı.

Azərbaycan adlı coğrafi məkana yenidən VƏTƏN şanı-şöhrəti gətirən fədailər.

“Bir şey olsa (diqqət: “ölsəm” demir! O niyyət, yoxdur çünki, fidandır, hələ ölüm ona çooox tezdir) oğlumuza mənim adımı qoy” deyən səmimi, ürəkparçalayan kəlmələr.

1994-də birinci Qarabağ savaşında Füzulidə həlak olan əmi Nadirin adını daşıyıb 2020-də Füzulidə əmisinin qisası ilə bərabər Vətənin qisasını alan, əmisinin yanında əbədi uyuyan qardaşoqlu Nadir.

Sentyabrın 29-da şəhid olan qardaşının 30-da dəfn mərasimində verilən məzuniyyət təklifindən “qardaşımın qisasını almadan evə dönmərəm” deyib imtina edən və oktyabrın 29-da şəhid olub 30-da qardaşının yanına yüksələn qardaş.

Azərbaycan xalısının türk, talış, rus, yəhudi, ləzgi, avar, saxur, yengiloy, udin, ukrain, gürcü ilmələrini toxuyan igidlər.

2783. Birdən ağlıma 44 gündə bu qədər şəhid çox deyilmi, heç olmasa bir ilə olsa, ağrıları səngitməzdimi kimi sərsəri sual gəldi. 365-ə böldüm. Məni bağışlasın şəhid ruhları, şəhid yaxınları, bu anidən gələn bir sual oldu. Hər şəhidin hər əzası müqəddəsdir.

Qarşıma daha dəhşətli bir rəqəm çıxdı: 7,62. Bilirsiniz bu rəqəm həm də nəyin göstəricisidir? Dünyaya ölüm saçan, bəzi yerdə güya sülh və sabitlik yaratmağa xidmət edən, əslində isə doğrudan-doğruya qətl maşını Kalaşnikov avtomatı gülləsinin kalibridir!

2783. Bu gündən beyinlərimizə qazılacaq daha bir müharibə simvolu. Onlara qədər də ruhu əziz şəhidlərimiz vardı, hətta daha çox, əfsuslar olsun ki, bunlar da son deyil.

Amma bu şəhidlər Vətən adlı tacı bəzəyən almazlar, mirvarilər, incilər, füruzələr, zümrüdlərdi.

Bu şəhidlər 400 aslanla düşmənin onqat gücünü heçə endirənlərin əfsanəyə dönmüş parçalarıdır. Alınmaz Şuşa qalasını (taleyə bax!) alan aslanların!

Polad kimi Poladın qisasını yalın əlləri ilə alan Cəbrayılın ruhudur 2783.

Mübarizin yandırdığı məşəli göylərə daşıyan Fəridlər, Xudayarlardı.

Adları sadalanmaqla ağrımız azalmaz, amma hər birinin adı yaddaşımıza yazılmalı, dilimizin əzbəri olmalı, ən əsası, qoyub getdiklərinə sahiblənməyimizi ən zəruri vəzifəyə çevirməlidir.

Abidə təklifləri gördüm həmkarlarımın, dostlarımın Firuz Mustafanın, Vaqif Tanrıverdiyevin statuslarında. Əlbəttə, bu çox vacib, önəmli ideyadır. Əslində azad olunmuş hər məntəqənin abidəsi olacaq gələcəkdə. Demək olar, Azərbaycanımızın hər güşəsində Şəhidlər xiyabanı var.

Əsas kompleks Bakıda yüksək səfalı yerlərin birində dünyanın bir çox paytaxtlarında olduğu kimi çoxbölməli panoram, film-ekspozisiya şəklində olmalıdır.

Bu geniş müzakirə mövzusu olduğuna görə sadəcə bir təklif vermək istəyirəm.

İkinci Qarabağ savaşı Birinci savaşın qaziləri, zabitləri, hərbçilərinin təcrübəsi, vətənpərvərliyi, fədakarlığı olmadan mümkün olmazdı

Hətta birincilərin xidmətini heç vəchlə azaltmaq, türk qardaşlarımız demiş, küçümsəmək olmaz. Çünki onlar bugünkündən qat-qat ağır şəraitdə, qat-qat güclü düşmənlə, qat-qat məhdud silah-sursatla vuruşurdular.

Məhz onların aşıladığı Vətən məhəbbəti, hirsi, əzmi Qarabağı heç görməmiş gənclərimizdə bu məhəbbəti yaratdı, onların tamamlamadığı işi başa çatdırmağa ruhlandırdı və hazırladı.

İyirminci əsrin yarasına iyirmi birinci əsrin birinci rübündə canları ilə məlhəm olan igidlər bu abidənin ən əsas naxışı olmalıdı.Birinci Qarabağ savaşı qazilərinin əlləri üstündə ayağa durub Şuşa qalasına (yüksəkliyə) üçrəngli bayrağı sancan əsgər abidə kompleksinin özəyi, mərkəzi atributu ola bilər və ya ayrıca abidə kimi ucaldıla bilər.

Xudayarın gülüşü, qəmzəli yanağı, göz oxşayan həyası və “Vahid, sorma Vətən nədən yaxşıdı” ifası…

Vətən budur! Vətən onlardır. Hər qarışı qanları ilə suvarılan, 2783 dəfə torpağa torpaq qatan igidlərlə Vətəndir Vətən. Sorma NƏDƏN yaxşıdır Vətən!

Bu lövhə 44 gündə vəhdət oluşdurmuş xalqsız, hər ehtiyacı ödənmiş əsgər üçün yardıma qoşan mülkilərimiz, hərbi komissarlıqları hücüm yerinə çevirən könüllülərimiz, cırıq ayaqqabıları ilə pensiyasını əsgərə göndərən ata-babalarımız, son iyirmi beş ili bütün yerli-yersiz tənə-tənqidə baxmadan iyirmi birinci yüzilin müasir, çağdaş super ordusunu yaratmış və döyüş zamanı üstünə gələn ideoloji, təbliqat, iftira hücumlarını sərkərdə əzmi ilə dəf edən Ali Baş Komandan, savaşın ilk günündən.”hər an yanındayız, can Azərbaycan qardaşımız” deyən əzəmətli Türkiyə və onun iqtidarı-müxalifəti, əsgəri-mülkisi olmadan rəngləri tamamlanmaz, sönük olar, qısır qalar.

“Rus niyə gəldi? Müstəqilliyimiz təhlükəyə girdi. Aldığımız torpaqların sevincini rusların ölkəmizə girməsi qüssəyə-kədərə, şübhəyə, gümana çevirdi.”

Çox doğal, təbii əndişələrdir. Amma və lakin. Otüz ildə rüs Azərbaycandan getmişdi ki? Hər kəsin ağzındakı nida “Biz rusa uduzmuşuq, erməniyə yox” deyildimi?

Müharibə iki idmançının məhdud meydanda davası deyil. Diplomatiya mətbəxdə, divandakı hesablara uymur. Mümkün olanı əldə edə bilmək məharətidir diplomatiya.

Üçtərəfli bəyanatda İlham Əliyev mümkün olanı maksimum əldə etmiş Prezidentdir! (nida!)
Bayramın(m)ız mübarək!

2783, bizi bağışlayın! Qurban verdiyiniz canla başımıza papaq qoymaq haqqı verdiniz, biz Sizin haqqınızı ödəməyə məhkumuq! Hər vəchlə!

Cəfər Sadıq,
Moskva, 3-4 dekabr 2020-ci il


Bir cavab yazın