24 APREL TƏSADÜFÜ


Son vaxtlarda sosial şəbəkələrdə verilən məlumatlardan, Youtube kanalındakı səriştəli-səriştəsiz çıxışlardan öyrənmişəm ki, Moskvada Rusiya azərbaycanlılarının milli-mədəni muxtariyyət təşkilatı olan Azərrosun qurultayı aprel ayının 24-nə təyin olunub.

Xeyirli-uğurlu olsun deyək ən əvvəl. Qurultayın keçirilmə tarixi təxminən bir ay əvvəl elan olunub, nümayəndələrin seçilməsi, namizədlərin irəli sürülməsi prosesi çox fəal şəkildə davam edir. Hətta deyə bilərəm ki,
son bir ayda Azərros mövzusunda sosial şəbəkələrdə keçirilən müzakirələr ATƏT-in Minsk qrupunun son 28 ildə keçirdiyi toplantılardan daha çox olub.Anladığım budur ki, hələlik səmərəlilik dərəcəsi də elə o qrupla müqayisə olunacaq qədərdi. Niyəsini soruşun izah etməyə çalışım.

Youtube (Yutub) kanalında çıxış etmək son vaxtların “trendinə” çevrilib desəm Amerika kəşf eləmədiyimlə razılaşarsız yəqin. Amma bu dəbi kim necə dəyərləndirib? Rusca danışığı bizim ən məsul diplomatımızın azərbaycancası qədər mükəmməl olan natiqlər harada olduqlarını, virtual aləmə üz tutub dediklərinə kimlərin baxa biləcəyini dərk etmədən elə ifadələrlə Azərrosu müdafiə etməyə, onun təməl prinsiplərini pozanlara qarşı çıxmağa çalışırlar ki, Raykin demiş, fikirləşirsən ki, bunların ayağına “dinamo” bağlansa, bütün Qarabaqa işıq verəcək elektrik stansiyası yaratmaq olar.

Qəsdən ad çəkməyəcəm. Kim nə tərəfə istəyir yozsun. Qorxduğumu düşünənlər də haqlıdır, mənə prinsipsiz deyənlər də ola bilər, amma yazını oxuyan hər kəsin özünə aid olan hissəni görəcəyinə əmin olduğum üçün bu yolu seçdim.

Ovlanmamış ayının dərisini soyan fəallar artıq prezidentliyə namizədliklərini irəli sürüblər. Onların əksəriyyətinin (yəni iki-üç nəfərin) istədiyi budur ki, Azərrosun qurultayında ən çox 53 nəfər, biləmməzsiniz, bir on nəfər də artıq olsun. Nəbadə Moskvada, yaxud bütün Rusiyada yaşayan azərbaycanlılar namizəd seçmək niyyətinə düşələr. Necə ola bilər? Onlar təşkilatın olduğu müddət ərzində bir adama bir stəkan çay verməyib (meyara baxın!), təşkilatın “aktivi olmub”(üslub saxlanılır!), indi hazıra nazirmi olmaq istəyirlər? Xüsusən Rusiyanın yaxın vilayətlərindən bu “vəzifənin” şirinliyini hiss edən, öz aralarındakı narazılığı seçkiqabağı təhqirlərlə həll etməyə şalışan fəalların canfəşanlığı diqqət çəkir.

Yaradanın lütfünə və yardımına ümid etməkdən başqa yol görünmür desəm də bir başqa açizlik olacaq.

Bir həqiqət var ki, növbəti seçkilər başqalarına bənzəməyəcək. Amma “mütləq şəffaf və ədalətli seçki keçiriləcək, xalqın mənafeyini təmsil etməyə layiq adamlar şuraya və rəhbərliyə gələcək” deməyə hələ bir əsas yoxdur ortalıqda. Namizədlər arasında sivildən tutmuş sivil “əlbisəli” dindarlara qədər kimi istəsəniz tapa bilərsiniz.

Azərros “pətəyinə çöp soxmuş”, ona görə də həndəvərinə deyil, Rusiyaya belə həsrət qoyulmuş həmyerlimizin məsələyə özəl buraxılış hazırladığını nəzərə alsaq, ruslar demiş , “to li yeşyo budet”.

Əslində bir araya gələ bilsələr sanballı güc olacaq istedadlı fərdlər bəzən tamaha, bəzən eqoya, bəzən həsəd, qisas hissinə qapılıb istehkamların əks tərəfində mövqe alaraq şirin (nə qədər etiraf etməsək də bu gün uduzmuş olaraq biz öküz, udan olaraq rəqib şir durumundadır!) onları parçalamasına şərait yaradırlar. Bir-birinə dost, qardaş deyən, təriflərini göylərə qaldıran iki qabiliyyətli jurnalistimiz var. Son bir neçə ildə hərəsi bir ağanın (pardon, müdirin) yanında çalışır. Müəyyən müddət hər şey normal gedirdi. Ta o vaxta qədər ki, müdirlərin əsas istəkləri toqquşmağa başladı. Gənclər öz qabiliyyətləri işığında müdirlərdən aldıqları məvacibi haqq etdiklərini isbatlamağa çalışaraq qonşu “cəbhədəki” dostu ayaqlamaq yoluna qədəm qoydular.

Təkrar edirəm. Dediklərim mücərrəd görünə bilər. Lakin hər kəs öz payını götürür. Yaşım və Moskvadakı 40 ili haqlayan təcrübəm imkan verir ki, dünən bir əqidəni, bu gün başqa mövqeni nümayiş etdirən qələm yoldaşlarımı gücüm çatan qədər doğru yola dəvət edim. Həyatın yalnız alınan maaşdan, məvacibdən, keçici imkanlardan asılı olmadığını, insanlıq prinsiplərinin müqəddəsliyini onlara başa salım. Söyüş söyə bilmək kütlə qarşısında bu “qabiliyyəti” nümayiş eləmək öhdəliyi qoymur heç kimin qarşısına.

Yaxud birisi sənə bu gün ehtiyacını ödəyən (haqq etdiyin deyil, sənin ehtiyaclarını qarşılayan və səni köləyə çevirən!) pulu-paranı ödəyirsə, bu, sənin o “xeyirxahı” ilahiləşdirmənə əsas vermir. Savadından asılı olmayaraq hamı haqqında deyilir atalar sözləri: EL GÖZÜ TƏRƏZIDIR! Sizin göylərə qaldırdığınız adamlar siz o təriflərə başlayana qədər də vardı və cəmiyyət onları (eləcə də hamımızı) tanıyırdı.

Əlbəttə, haqq edənin haqqı verilməlidir. Fəqət bu ifrat olmamalı, süni şəkildə şişirdilməməlidi.

Azərrosun aprelin 24-nə təyin olunmuş seçkilərinə qədər yoğrulacaq xəmir hələ çox su aparacaq. Hətta rəqiblərimiz tədbirin o günə təyin olunmasına da bir əmma qoymağa çalışacaq, məncə.
Seçkilər keçəcək. Arzu edək ki, bütün cılızlıqlara, xoşagəlməzliklərə baxmayaraq, bu təşkilatın rəhbərliyinə qabiliyyəti ambisiyalarından üstün, təmkini emosiyasına hakim, savadı günün tələblərinə uyğun, iradəsi vətənə qanun çərçivəsində ağıllı xidmət etməyə layiq insanlar gəlsin.
Bu istəklər baş tutmasa belə həmin gün gəlib keçəcək. Sadəcə qarşıdakı beş ili də VAKlı, Azərroslu dişsiz keçən illər kimi keçirmək istəməzdik.

Cəfər Sadıq,
Moskva, 9 mart 2020-ci il


Bir cavab yazın