“Xızrı-xilaskar”


Çox böyük müşkülə düçar olmuşam. Gəlişini həsrətlə gözlədiyim, gəlməsinə inanclı, imanlı kəslərin iyirmi il yardım etdikləri “Xızrı-xilaskar” qardaşımı–Aqil Mehdi Zührü mənzil başına çatmamış saxlayıblar. Mütləq bir yanlışlıq olduğu qənaətindəyəm. Yoxsa niyə o “möminlər mömini”, ” munis niyyətlər sahibi” kiminsə hiyləsinin, böhtanının, deməyə dilim də gəlmir, qurbanı olsun? Hə, demədim axı, (həyəcandan, təlaşdan huş qalıb ki?) Aqil Mehdi Zühr (Allahın salamı üzərində olsun!) ona yol xərci, maşın, İmarət, səyahət xərci, tükənməz fəzilətlərini gerçəkləşdirməyə lazım olan kasıblara, şəhid ailələrinə yardım xərci verənlərin bu pulların hara getməsini soruşmaq kimi alçaq niyyətlərinin nəticəsində bu hala düşüb. Zühr də neyləsin, bulaq suyu qədər təmizliyi ilə olanı deyib: “Yemişəm”! Nə var ki burda? Hə, desəniz ki, o qədər pul yeyilməz, kasıbın, şəhid ailəsinin haqqına girilməz, bu bir az üstündə baş sındırılmalı məsələdi.


Əlqərəz, bu Zührü gözləyənlər də qəribə adamlardı. Biri deyir 100 min manat, o biri deyir 76 min manat vermişəm, biri də lap bütün biznesini bağlayıb 420 min manat verdiyindən gileylənir. Qəribə adamlardı. O böyüklükdə zühurətə şahidlik etməyi məgər pulla ölçmək olar?


İki gündür fikir məni götürüb. Aqil Mehdi Zühr bu qədər zaman buna görə zühur eləmirdi ki, gəlib bu nadanlara rastlasın? Heç ağlım kəsmir. O çox ehtiyatlı və tədbirli zatdır. Elə o indiki təbirlə “sponsorları”, üzüm ayağınızın altına, iyirmi il “sağması” da tədbirliliyin göstəricisidir. Yəni baxırmış ki, bunların dindarlığı, inamı hara qədərdi. Gördüyünüz kimi heç biri axıra kimi sədaqət və dinə vəfa etmədilər və Zührü satdılar. Yazıq oldu Zührə. Demişdim ona, dəyişmə adını, anlayan, bilən olar. Dinləmədi. İndi hamımızın yardımına ehtiyacı var. Bu insanların qədirsizliyinə nə qədər paxıllıq elədiyim, vurdumduymazlıqları üzündən özümə nekroloq belə istədiyimi bilənlər bilir. Amma durum dəyişir, indi hərəkət zamanıdı. Xilas zamanıdı. Zührü xilas etmək üçün zühur zamanıdı. İndiyə kimi demirdim, çünki ehtiyac yox idi, amma Zührün saxlanması bütün sirləri açmağa vadar edir: zühur edirəm! Çoxdan Ərəseyin ucqarlarına çəkilib gizlindən seyr etdiyim inanclı qardaşlarımı başsız qoymağa indi haqqım yoxdur. Bu yol nə qədər məşəqqətli və məsrəfli olsa da geriyə dönmək fikrindən kimsə məni daşındıra bilməz! Kart və hesab nömrələrim müridlər vasitəsilə yardıma hazır olanlara çatdırılacaq. Yolumuz irəliyə, işıqlı gələcəyə, günahların bağışlandığı hüzurlu axirətə doğrudur. Mən sizinləyəm. Əlləriniz hesab nömrələrində olsun! Sizi yolunuzdan sapdırmağa çalışan sabirlərə, mirzəcəlillərə məhəl qoymayın.

Sizin 13-cüsü ilişdiyinə görə əvəzedici 13-cü (əslində altıncı) imamınız

Cəfər SADIQ,
Moskva
14.08.2024