Qəhrəmanını tabutda sevənlər


Kim qəribə arxa çıxar,

Qərib birdən yoxa çıxar,

Dərd əlindən dağa çıxar,

dağda qar olmaz – qar olmaz.
Eldar Baxış.


Dağ cüssəli Eldar Baxış. Bu gün nə ad günüdür, nə də şad günü. Sadəcə gəncliyimdən bu günədək qəribə bir yaddaş daşıyıram. Şəxsən tanıdım-tanımadım, fərq etməz. Kim ki, milli-mənəvi, ədəbi, ruhani dünyama işıq salıb, günün birində Şəhriyar demişkən ” nisgilii sözlərin ürəklərə dəyən” məqamında qövr eləyir əməlli başlı şeiriylə, sözüylə və yaxud da fotosundan sənə boylanan çöhrəsiylə… Hələ Eldar Baxış kimi ölümü müəmmalı, zəhərlənərək öldürülmüş əsl şair, Aydın. Biz çox vaxt kimləri itirdiyimizn fərqində omuruq. Keçmiş, gələcək zamanlarda ” yaşamağa” bu üzdən nifrət edirəm. XOŞBƏXT İNDİ qur və yaşa, kimsə vaxtından əvvəl soldurulmasın! Gerisi təfərrüatdır.

Nur içində yat Eldar Baxış!

Xallandı gül – butasında.
nər qarnında – qartasında.
Bir şairi öldürdülər
bir ölkənin ortasında –
ölkə bilmədi-bilmədi…


Mərhum şair Eldar Baxışın Məhəmməd Hadiyə həsr etdiyi şeirindəndir bu misralar. Şairlər də kahinlər kimidir çox zaman özləri də bilmədən özlərinə tale toxuyurlar sözlərindən. Bu misraların tale yükü elə Hadidən çox Eldar Baxışın boyuna biçlməyibmi? Ədəbiyyatın ən acımasız, qəddar tərəfi blirsinizmi nədir? Sağlığında əsl şairi istedadına duyulan kindən, həsəddən acından öldürmək üçün salyeri paxıllığıyla bitirib sonra tövbələr edib öldürülən şairi öv ki övəsən. Riyakarlığın idbarlığı deyəlim. Öldürülən və yaxud ölən şairin nəyinə lazımdır tərif, göz yaşları min bir yalan və riyakarlığa sığnan salyeri tövbəsi?! Heç olmasa öləndən əl çəkin vicdan naminə. Dinimizdə deyilir ki, öldükdən sonra şeytan da ölüdən əl çəkər. Şeytan qədər “adam” olmaq da zoruymuş bu aşamada demək ki. Bir Motsart və onun qanına doymayan quduz salyeri sürüsü. Bu təkcə ədəbiyyat cəbhəsində deyil ki, iş yerindən tutmuş dostluq münasibətlərinədək hər yerdə belədir.


Eldar Baxış, Əli Kərim, Vaqif Mustafazadə, Asəf Zeynallı hamısı bir ölkənin ortasında ölmədimi?!
Fəqət ölkə bilmədi-bilmədi…

KƏDƏRLİ BİR HAŞİYƏ VƏ YAXUD DA QƏHRƏMANINI TABUTDA SEVMƏYƏ ALUDƏLİK.

Bir əcnəbi (kamali təəccüblə). Bu ölən kimdir ki, bu dəbdəbə, bu təntənə, bu cahu cəlal ilə cənazəsini təşi edibsiniz və belə atəşin nitqlər söyləyirsiniz?


Müsəlman. Bu ölən, müsəlman millətinə ən böyük qulluqlar göstərmiş və millət yolunda hər bir şeyi qurban etmiş şəxsdir!
Əcnəbi. Bəs nədən vəfat edib?
Müsəlman. Deyirlər ki, acından.


Üzeyir Hacıbəyli. Sual-cavab. ” Tərəqqi”, 24 mart 1909, №61.

Məhəmməd İSRAFİLOĞLU