Rusiyanın genişmiqyası hərbi təlimlərindən alınan mesajlar
Politoloqların fikrincə, Rusiyanın keçirdiyi bu təlimlər hansısa dövlətlərə və təşkilatlara qarşı deyil və bu qonşu dövlətləri narahat etməməlidi. Ermənistan-Azərbaycan münaqişəsindən təsirisiz ötüşməyəcəyi əndişəsini isə “KarabakhİNFO.com” saytına aşıqlamasında politoloq Vəfa Quluzadə belə şərh edib.
“Nəzərinizə çatdırım ki, Rusiya ordusu əvvəlki kimi güclü deyil. Bu ordunun döyüş qabiliyyətində geriləmələr var. Bu səbəbdən də problemdən çıxış yolları aranır. Çıxış yollarından biri də təlimlər hesab olunur. Hesab edirəm ki, Rusiya ordusunun bu təlimləri onun döyüş qabiliyətinin artırılması məqsədi daşıyır. Rusiyada da hamı başa düşür ki, adıçəkilən ölkəyə məxsus qoşunlarının NATO silahlı qüvvələri ilə müqayisədə texniki təchizatı çox aşağıdır. Rusiya prezidenti Vladimir Putin də istəyir ki, ordu indikindən qat -qat güclü olsun. Onun əsas məqsədlərindən biri budur. Ona görə də belə irimiqyaslı təlimlərin keçirilməsinə üstünlük verilir.
Fikrimcə, Rusiya hazırkı durumda heç bir ölkə ilə müharibəyə hazırlaşmır. Ölkə daxilində problemlər kifayət qədərdir və onun həlli vacibdir. Ölkə daxilindəki problemlərin aradan qaldırılması üçün ordu hazır vəziyyətə gətirlir. Hazırkı məqamda bu ölkəni problemsiz olduğunu düşünmək olmaz. Rusiya Dağıstan ərazisində demək olar ki, müharibə şəraitindədir. Burada partizan hərəkatı mövcuddur ki, Rusiya bunun qarşısını ala bilmir. Uzun müddətdir ki, Doku Umarovu zərərsizləşdirə bilmirlər. Bununla yanaşı digər təhlükələr də mövcuddur. Amerika Birləşmiş Ştatları Əfqanıstandan çəkilir. Düzdür ABŞ-ın Əfqanıstanda böyük bazaları qalır. Amma bu baza Əfqanıstanda olan qruplara qarşı döyüşməyəcək. Bu isə Rusiyanın maraqlarına uyğun deyil və ona təhlükə yaradır. Qafqazdakı problemləri həll etməmiş Əfqanıstan məsələsinin meydana çıxması Rusiya üçün arzuolunan deyil və bu, onu çətin duruma salır.
Onu da qeyd edim ki, təlimlər üçün seçilmiş yeri təsadüfi hesab etmək olmaz. Bilirsiniz ki, təlimlər Rusiyanın şərqində keçirilir. Rusiya ABŞ-ın Yaponiyada atdığı addımlardan narahatdır. ABŞ bu ölkədə-Quam adalarında raket-radar sistemləri qurur. Bundan başqa qoşunlarını, o cümlədən hərbi donanmasını gücləndirir. Rusiya isə ABŞ-ın bu addımına keçirdiyi təlimlərlə həm də bir mesaj verir. Ümumuyyətlə, bu təlimlərdən narahatlıq keçirməyə dəyməz və bu təhlükəli deyil.
Təlimlərin Ermənistanın hərbi müdafiə gücünə təsirinə gəlincə qeyd edim ki, Ermənistan Rusiyanın Cənubi Qafqazda müstəmləkəsidir. Ona görə mən inanmıram ki, Ermənistan və Azərbaycan arasında müharibə baş versin. Çünki Rusiya özü də müharibənin baş verməsində maraqlı deyil, həm də Ermənistana icazə verməz.
Xatırlayırsınızsa, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, baş nazirin və spikerin parlamentdə güllələnməsi bir daha göstərdi ki, bu ölkədə hansısa qüvvələr Qarabağ məsələsində yumşaq mövqe ortaya qoysalar, onların aqibəti belə olacaq. Nə vaxta qədər ki, Ermənistan Rusiyanın nəzarəti altında olacaq, proses belə davam edəcək”.
Vəfa Quluzadə
Politoloq,
Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti